Dünən Azərbaycan Respublikası Turizm Şurasının dördüncü iclası keçirilib.
İclasda çıxış edən Şuranın sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əvvəlcə gündəlikdə duran məsələlər haqqında məlumat verdi.
Nazir turizmin ölkəmizdə qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olduğunu və milli iqtisadiyyatın inkişafı üzrə Yol Xəritəsində mühüm yer tutduğunu diqqətə çatdırıb, ötən illər ərzində turizm sənayesinin inkişafı istiqamətində görülən işlərdən danışıb. Əbülfəs Qarayev Prezident İlham Əliyevin 27 dekabr 2016-cı il fərmanı ilə təsdiq edilmiş “Turizm Şurası haqqında Əsasnamə”də qarşıya qoyulmuş məqsədlər və onların həlli yolları barədə danışıb. Bildirib ki, Turizm Şurasının yaradılmasında da əsas məqsəd Azərbaycanda turizm sahəsində mövcud vəziyyətin təhlil edilməsi, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsidir: “Demək olar ki, artıq bu Şuranın fəaliyyətinin ilkin nəticələrini görürük. Məlum olduğu kimi aprelin 10-dan mayın 10-dək ölkəmizdə ilk dəfə olaraq Bakı Şopinq Festivalı keçirildi. Bu festival da öz uğurları ilə yadda qaldı. Artıq ikinci festivalın keçirilməsi istiqamətində hazırlıqlar gedir. Həmçinin qısa zamanda yaradılmasına baxmayaraq Milli Turizm Təbliğat Bürosunun da fəaliyyəti çox uğurla davam edir. Ötən müddət ərzində Büro tərəfindən turizmin təbliği istiqamətində mühüm layihələrə imza atılıb. Novruz bayramı günlərində Bakıda paytaxt sakinləri və qonaqlar üçün silsilə tədbirlər həyata keçirilib. IV İslam Həmrəyliyi Oyunları günlərində isə bir çox ölkələrin mədəniyyət günləri təşkil olunub”.
Nazir qeyd edib ki, bir neçə gün öncə Bakı şəhərində fəaliyyət göstərən gəlmə turizm sahəsində ixtisaslaşmış yerli və xarici tur operator və turizm şirkətləri ilə Milli Turizm Təbliğat Bürosunun görüşü keçirildi. Görüşdə gəlmə turizmi sahəsində ixtisaslaşmış yerli tur operatorlar və turizm şirkətləri ilə birgə ölkə turizm ilə bağlı müzakirələr aparıldı, yeni turist marşrutlarının formalaşdırılması, ölkənin təbliğatı və turist məmnunluğunun artırılması ilə bağlı əməkdaşlıq imkanlarını nəzərdən keçirildi: “Bu istiqamətdə tədbirlər daha da gücləndiriləcək. Biz ölkəmizə gələn xarici turistlərin sayının artırılması, onlara göstərilən xidmətlərlə yanaşı, yerli vətəndaşların da ölkə daxilində mənalı istirahətinin təşkili üçün addımlar atılmalıyıq. Buna görə də Milli Turizm Təbliğat Bürosuna ölkə daxilində fəaliyyət göstərən turizm şirkətlərinin təklif etdiyi proqramları cəmləşdirərək saytlar vasitəsi ilə təbliğ olunması və yerli vətəndaşların istirahəti üçün xüsusi proqramların hazırlanması tapşırıldı”.
Əbülfəs Qarayev vurğuladı ki, Azərbaycana gələn turistlərin sayı da ildən-ilə artır. Əgər ötən ilin 5 ayı ərzində ölkəmizə 768 min turist gəlmişdisə, bu il 956 min turist gəlib. Bu da ötən ilə nisbətən 188 min və ya 24.5 faiz artım deməkdir. Qeyd olundu ki, əgər ötən ilin ilk üç ayında xarici turistlər Azərbaycanda 40 milyon 629 min manat bank vasitəsi ilə ödəmələr etmişdilərsə, bu ilin eyni dövrün də isə məbləğ 91 milyon 134 min manat olub.
Daha sonra Şura üzvləri tərəfindən turizmin inkişaf etdirilməsi istiqamətində qarşıda duran vəzifələr, gələcək fəaliyyətin təşkili, nəzərdə tutulmuş layihələr barədə müzakirələr aparılıb. Daxili turizmin inkişaf etdirilməsi, yerli və xarici turistlər üçün cəlbediciliyin daha da artırılması, ölkənin turizm potensialından səmərəli istifadə imkanlarının yaradılması məqsədilə turistlərin məhdudiyyətli ərazilərə gediş-gəlişinin sadələşdirilməsi, turizm infrastrukturunun və turist marşrutlarının təkmilləşdirilməsi, habelə elmi tədqiqat işlərinin genişləndirilməsi müzakirə olunub.