FED.az Mərkəzi Bankın ödəniş sistemləri və hesablaşmalar departamentinin mütəxəssisi Rəşad Qasımov ilə müsahibəni təqdim edir.
Eləcə də bax: Mərkəzi Bankın sədri bankların nağdsız ödəniş tariflərini - NƏZARƏTƏ GÖTÜRDÜ
- Ölkə üzrə rəqəmsal ödənişlərdən istifadə göstəriciləri son 1 il ərzində necə dəyişmişdir?
- Son 1 il ərzində ölkə üzrə rəqəmsal ödənişlərdən istifadə göstəricilərində yüksək artım dinamikası müşahidə olunmaqdadır. Statistik göstəricilərə nəzər saldıqda, 2022-ci ilin I yarımili ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmış nağdsız əməliyyatların həcminin 2.2 dəfə artaraq 9.9 mlrd. manat olduğunun şahidi oluruq. Eyni zamanda, ödəniş kartları vasitəsilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 12.2 faiz bəndi artaraq 40.4% olmuşdur. Ölkədaxili elektron ticarət əməliyyatlarının həcmi 2.8 dəfə artaraq 7.4 mlrd. manat, POS-terminallar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi isə 41% artaraq 2.5 mlrd. manata yüksəlmişdir. Təmassız ödənişlərin sayı və həcmi isə 2021-ci ilin analoji dövr göstəricilərini müvafiq olaraq 2.8 və 2.1 dəfə üstələmişdir.
- Təmassız ödənişlər üzrə göstəricilərdə müşahidə olunan yüksək artım tempinin əsas səbəbləri nədir?
- Təmassız ödənişlər üzrə yüksək artım tempi ilk növbədə təmassız ödəniş infrastrukturu göstəricilərinin yüksəlməsi ilə əlaqədardır. Belə ki, hazırda dövriyyədə olan ödəniş kartlarının 70%-i, POS-terminalların isə 82%-i təmassız ödəniş texnologiyasını dəstəkləyir. Təbii ki, sözügedən ödənişlərindən istifadənin artmasında ən önəmli faktorlardan biri də əhalidə nağdsız ödəniş vərdişlərinin formalaşmasıdır. Xüsusilə pandemiya məhdudiyyətlərinin təsiri ilə daha geniş vüsət alan təmassız ödənişlər istehlakçılar tərəfindən gündəlik əsasda əldə olunan mal və xidmətlərin dəyərinin heç bir fiziki təmas olmadan daha rahat, sürətli və təhlükəsiz formada aparılmasına imkan verir. Eyni zamanda, tokenizasiya həllərinə əsaslanan, mobil telefon, saat, üzük və digər ağıllı cihazlar vasitəsilə ödənişlərin həyata keçirilməsinə imkan verən innovativ ödəniş həllərinin ölkəmizdə tətbiqi də təmassız ödənişlərin genişlənməsinə təkan verməkdədir.
- Nağdsız ödənişlərin qəbulunda hansı ucuz ödəniş həllərindən istifadə mümkündür?
- Cari ildə “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”na edilmiş dəyişikliklər nəticəsində ölkədə kiçik təsərrüfat subyektlərinə daha ucuz ödəniş həlli hesab olunan “mPOS” xidmətindən istifadə imkanı yaradılmışdır. “mPOS” həlli sahibkarlara mobil cihazlardan POS-terminal kimi istifadə imkanını təqdim etməklə, nağdsız ödənişləri daha aşağı xərclərlə qəbul etmək imkanı verir.
Nağdsız ödənişlərin qəbulunda istifadə olunan digər üsul isə QR kod ödəniş həllidir. Ölkə ərazisində vahid QR kod standartının tətbiqi məqsədilə 2021-ci ildə Mərkəzi Bank tərəfindən “Azərbaycan Respublikası ərazisində ödənişlər zamanı QR koddan istifadəyə dair Metodoloji Rəhbərlik” hazırlanaraq təsdiq edilmişdir. Qeyd edək ki, Mərkəzi Bankın operatoru olduğu Ani Ödənişlər Sistemində də kiçik təsərrüfat subyektlərində nağdsız ödənişlərin qəbuluna imkan verən QR kod ödəniş həllindən istifadə imkanı yaradılmışdır.
- Mərkəzi Bank tərəfindən müasir trendlər əsasında təsis edilmiş Ani Ödənişlər Sisteminin əsas üstünlükləri hansılardır?
- Ani Ödənişlər Sistemi (AÖS) ölkədə fiziki və hüquqi şəxslər, habelə dövlət orqanları arasında aparılan qarşılıqlı hesablaşmaların 24/7 rejimində 5-10 saniyə ərzində tam başa çatdırılması imkanını təmin edir. Sistem, eyni zamanda, istifadəçilərə hesablaşmaların FİN, VÖEN, mobil nömrə, elektron poçt ünvanı kimi sadələşdirilmiş identifikatorlar vasitəsilə aparılması funksionallığını təqdim edir. Sistemin “AniPay” mobil tətbiqi və internet səhifəsi (www.anipay.az) vasitəsilə açıq bankçılıq konsepti əsasında istifadəçilərə bütün bank hesablarını vahid platforma üzərindən idarə etmək imkanı da yaradılmışdır. Qeyd edək ki, hazırda 24 bank AÖS-ə inteqrasiya olunmuşdur və istifadəçilər “AniPay” mobil tətbiqi və portalı ilə yanaşı bankların sistemə inteqrasiya olunmuş internet və mobil bankçılıq xidmətlərinin “AniPay” funksionallığı bölməsindən istifadə etməklə ödəniş əməliyyatlarını 24/7 rejimində həyata keçirə bilərlər.