"NAĞDLAŞDIRILAN MƏBLƏĞ ÜZRƏ MƏNFƏƏT VERGİSİ ÖDƏNİLMƏLİDİRDMİ?" - Bu sorğu ilə hüquqşünas ekspert Əkrəm Həsənov Vergilər Nazirliyinə müraciət edib.
Nağdlaşdırma üzrə tutulan 1% sadələşdirilmiş vergiyə etirazlar uzun müddətdir ki, davam edir. Sahibkarlar hələ də, bu verginin mahiyyətini anlaya bilmir və tətbiq olunan verginin əsassız olduğunu iddia edirlər. Əkrəm Həsənov da, bununla bağlı Nazirliyə etiraz edib:
"Vergilər Nazirinə rəhbərlik etdiyim şirkətin mənfəət vergisi ilə bağlı məktub göndərmişəm. Məlum olduğu kimi, ötən ildən Azərbaycanda absurd və qanunsuz sadələşdirilmiş vergi mövcuddur: nağdlaşdırılan məbləğdən 1% tutulur. Bu verginin qanunsuz olması ilə bağlı artıq 1 ildir ki, məhkəmə prosesi aparıram (hələlik, məhkəmələr bu işi top kimi bir-birinə ötürür). Arqumentlərimdən biri həmçinin odur ki, nağdlaşdırmağa görə verginin tutulması hüquqi şəxslər tərəfindən ödənilən mənfəət vergisini azaldacaq. Çünki Vergi Məcəlləsinin 219.5-ci maddəsinə əsasən sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs mənfəət vergisinin ödəyicisi deyil. Ötən il Nazirlik mənim bu arqumentimi cavabsız qoydu. Buna görə də indi Nazirlik qarşısında praktiki məsələ qaldırdım.
Konkret olaraq rəhbərlik etdiyim şirkət gəlirinin təxmini yarısını (54750 manat) nağdlaşdırıb və müvafiq olaraq sadələşdirilmiş vergi (547,5 manat) ödəyib. Buna görə də nağdlaşdırılan bu məbləğ gəlirdən çıxılmalıdır. Nəticədə xərclər çıxıldıqdan sonra vergiyə cəlb olunan mənfəət və ödəniləcək mənfəət vergisi (20% dərəcəsi ilə) məbləği əmələ gəlməyib. Halbuki, nağdlaşdırma vergisi olmasaydı, 1500 manata yaxın mənfəət vergisi ödəməli olacağdıq.
Beləliklə, nazirlik qarşısında vacib dilemma durub: ya nağdlaşdırmağa görə sadələşdirilmiş verginin qanunsuz və absurd olduğunu etiraf etməlidir, ya da şirkətimiz tərəfindən mənfəət vergisinin ödənilməməsi ilə barışmalıdır. Bir əldə iki qarpız tutmaq istəsə, növbəti məhkəmə prosesinə başlayacağam".
Məktubun tam formasını sizinlə paylaşırıq: