"Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli emitent reytinqini və prioritet təminatsız borclar üzrə reytinqini “Ba2” səviyyəsindən “Ba1” səviyyəsinə yüksəldib.
Eləcə də bax: "Moody's" Azərbaycanın uzunmüddətli emitent reytinqini - YÜKSƏLDİB
FED.az “Moody’s”in məlumatına istinadən bildirir ki, reytinq üzrə proqnoz müsbətdən sabitə dəyişdirilib.
“Reytinqin yüksəldilməsi son illər iqtisadi siyasətin effektivliyinin yaxşılaşmasını əks etdirir və bu, büdcə idarəçiliyinin təkmilləşdirilməsi və gələcək şokları amortizasiya etmək qabiliyyətinin artmasında özünü göstərir. Pandemiyaya baxmayaraq, iqtisadi dirçəliş və yüksək karbohidrogen qiymətləri fonunda büdcənin ağıllı idarə edilməsi sayəsində büdcə göstəriciləri yüksək olaraq qalır və gözlənildiyindən daha sürətlə yaxşılaşır. “Moody’s” hesab edir ki, hökumətin antiinflyasiya tədbirləri və Azərbaycan Mərkəzi Bankının aktiv makroiqtisadi siyasəti Rusiya-Ukrayna böhranı ilə dərinləşmiş inflyasiya risklərini azaldacaq”, - deyə məlumatda vurğulanır.
“Sabit” proqnoz Azərbaycanın iri aktivlərinin kredit qabiliyyətini tarazlaşdırır. Qonşu Ermənistanla münasibətlərdə geosiyasi gərginlik davam edir, Rusiya-Ukrayna hərbi münaqişəsinin sanksiyalar və ticarət və ya tədarük zəncirlərinin pozulması kimi fəsadları vəziyyətin pisləşməsi riskini yaradır.
Agentlik qeyd edir ki, 2015-2016-cı illərdə neftin qiymətinin ucuzlaşması fonunda baş vermiş böhrandan sonra Azərbaycan maliyyə idarəçiliyini yaxşılaşdırıb ki, bu da balansın möhkəmlənməsinə və borc yükünün ÜDM-in 20%-dən aşağı səviyyəyə düşməsinə gətirib çıxarıb. “Azərbaycan pandemiya zamanı antitsiklik xərcləri təmin etmək üçün dövlət borcu göstəricilərinin pisləşməsini məhdudlaşdırmaqla və büdcənin çevikliyini artırmaqla əhəmiyyətli büdcə ehtiyatlarından səmərəli istifadə edib”, - deyə agentlik qeyd edir.
“Moody’s” neftin qiymətinin yüksək olduğu dövrdə hökumətin yenidən baxılmış 2022-ci il dövlət büdcəsində göstərildiyi kimi, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) transfertlərindən asılılığını məhdudlaşdıraraq maliyyə ehtiyatlılığını qoruyacağını gözləyir.
“Yeni fiskal qaydalar hökumətin qeyri-neft kəsirinin azaldılmasına və borc yükü həddinin müəyyən edilməsinə (ÜDM-in 20%-dək - İF) sadiqliyini təsdiqləyib”, - deyə agentlik vurğulayır.
“Moody’s”də hesab edirlər ki, ölkə hökuməti Azərbaycan İnvestisiya Holdinqi vasitəsilə dövlət müəssisələrinin borcuna nəzarəti gücləndirib. Korporativ idarəetmənin təkmilləşdirilməsi, maliyyə məlumatlarının açıqlanması qaydalarının tətbiqi kimi digər islahatlar davam etdirilir.
Agentliyin qiymətləndirmələrinə görə, “Moody’s”in ortamüddətli perspektivdə neftin bir barelinin $50-70 olacağı ilə bağlı ehtimallarından irəli gələrək ARDNF-in aktivlərinin həcminin növbəti bir neçə il ərzində artmaqda davam edəcəyi gözlənilir. (İnterfaks-Azərbaycan)