Məlum olduğu kimi 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilmişdir.Yola saldığımız 2017-ci il üçün isə bu göstəricilər ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğindədir. Bəs bu göstəricilərin həyatımızda hansı rolu vardır? Əhali gəlirlərinin formalaşmasına nə kimi təsir göstərir? Gəlirlərimiz hansı səviyyədə bu göstəricilərlə uzlaşır?
Əvvəlcə yaşayış minimumu anlayışına baxaq:
Minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma yaşayış minimumu adlanır. Deməli yola saldığımız ildə 1 nəfər əmək qabiliyyətli şəxs üçün istehlak xərcləri və mütləq ödəməli olduğumuz öhdəliklərlə minimum səviyyədə hesablaşmaq üçün 164,50 manat qazanmalıyıq. Əhali gəlirlərini formalaşma və maliyyələşmə mənbələrinə görə müqayisə etsək büdcədən maliyyələşən müəssisə, idarə və təşkilatların bu göstəricilərdə qeyri-dövlət sektorundan geri qaldığını müşahidə edərik. Səhiyyə, təhsil və dövlət qulluğu sahəsində çalışanların orta aylıq gəlirlərinə nəzər salaq:
Dövlət qulluğunda maaşlar
Dövlət qulluğu sahəsində çalışanlar mərkəzi icra hakimiyyəti orqanalarında üstünlük təşkil edir.Yardımçı vəzifələr daxil olmaqla əmək haqqı 200-1010 manat aralığında dəyişir. Həmçinin bu aralığa daxil olan inzibati vəzifələrin böyük əksəriyyətinin 5,6,7-ci təsnifatında olduğunu nəzərə alaraq aylıq vəzifə maaşlarının 260-540 manat aralığında dəyişdiyini müşahidə etmiş olarıq.
Təhsil cə səhiyyədə maaşlar
Təhsil sahəsində çalışanların əksəriyyətin müəllimlər təşkil edir. Müəllimlərin dövlət məvacibinin formalaşması amilləri dərs yükü, elmi ad, staj və s: olsa da bu sahədə çalışanların əksəriyyəti ortalama 230-400 manat arası maaş alır.
Səhiyyə sahəsində dövlət sektorunda çalışanların əksəriyyətinin aylıq məvacibi özəl sektordan, həmçinin digər sahələrdən kifayət qədər geri qalır.
Adamlar pullarını nəyə xərcləyir?
Mövcud vəziyyət 2018-ci il üçün qeyd olunan və digər sahələrdə əmək haqqı artımını zəruri edir. Belə ki, istehlak səbətinin dəyəri əvvəlki dövrlərlə müqayisədə yuxarıdır. Nəzərə alsaq ki, istehlak səbətinin əksər hissəsi digər ölkələrdən idxal olunur, burada qiymət fərqini daha aydın müşahidə etmiş olarıq.
Minimum istehlak səbəti əhalinin əsas sosial-demoqrafik qrupları üzrə, bir nəfərin və ya ailənin xərc maddələri üzrə aşağıdakı tərkibdə formalaşdırılır:
a) ərzaq məhsullarının minimum toplusu;
b) fərdi və ailəvi istifadə olunan qeyri-ərzaq mallarının minimum toplusu (geyim, ayaqqabı və dəftərxana ləvazimatları, təsərrüfat, mədəni-məişət, sanitariya əşyaları, dərmanlar və s.);
c) xidmətlərin minimum toplusu (mənzil-kommunal, nəqliyyat, rabitə, məişət, təhsil, mədəni-maarif, müalicə-istirahət xidmətləri və s.)
Ata dövlət qulluçusu, ana müəllimə...
Misal üçün ailə başçısı dövlət qulluçusu ata və müəllimə ana olan, eyni zamanda himayəsində 2 nəfər gündüz təhsil alıb işləməyən əmək qabiliyyətli şəxs olan ailənin aylıq gəliri ilə adambaşına düşən minimum istehlak səbəti və digər icbari ödənişləri müqayisə etsək , ailənin ancaq yaşayış minimumu ilə uzlaşacağını və bəzən ailə büdcəsinin kəsrinə səbəb olacağını aydın görmək mümkündür. Onuda qeyd edək ki, ailədə adambaşına düşən orta gəlir ailənin məcmu gəlirinin ailə üzvlərinin sayına nisbəti ilə müəyyən edilir. Aylıq gəliri 700 manat olan 4 nəfərdən ibarət ailə üçün adambaşına düşən orta gəlir 175 manat olacaqdır.
Xərcləri qarşılamaq üçün bəzən əlavə fəaliyyətə ehtiyac olur ki, istənilən halda fərd istirahətindən kəsmiş olur. Nəticə olaraq fərd kimi insanlar istirahət, əyləncə və s: bu kimi tələbatlardan imtina etməli olurlar. Xoşbəxt cəmiyyət üçün bunlar diqqət yetirilməli olan əsas göstəricilərdir.