Xəbər verildiyi kimi, ABŞ prezidenti Tramp ölkəsinin İranla nüvə sazişindən çıxmasını elan etdikdən sonra regionda gərginlik yenidən yüksəlib və Türkiyə lirəsinin məzənnəsi aşağı düşüb. Maliyyə bazarları üzrə ekspert Cəfər İbrahimli FED.az-a bilirib ki, əslində Trampın qərarına qədər də lirənin ucuzlaşması üçün səbəblər kifayət qədər idi. Onun sözlərinə görə, ilin əvvəlindən bəri TL-nin 13% dəyər itirməsi daxili və xarici olaraq, həm iqtisadi, həm də siyasi faktorlarla əlaqədardır.
Eləcə də bax: Lirənin məzənnəsi azalır - TÜRKİYƏ UCUZLAŞIR
1. Tədiyyə balansında problemlər qalır
Birincisi, Türkiyə iqtisadiyyatı son illərdə ÜDM-də böyümə nümayiş etdirsə də, tədiyyə balansında mövcud olan kəsiri azalda bilmədi. Bu isə TL-nin ətrafında daima gərginlik yaradırdı.
2. FED-in sərt pul siyasəti
İkinci səbəb odur ki, ABŞ-ın Federal Rezerv Sisteminin (FED) sərt pul siyasəti İnkişaf etməkdə olan ölkələri həmişə təhdid edirdi. Belə ki, ABŞ-in maliyyə alətlərinin gəlirliyinin artması investorların Türkiyə kimi ölkənin maliyyə alətlərindən çıxışını sürətləndirdi.
3. Suriya, Rusiya, rubl
Lirənin ucuzlaşmasının üçüncü səbəbi regiondakı siyasi proseslərlə bağlıdır: «Suriya hadisələri səbəbindən, bolgədə siyasi riskin yüksəlməsi RUBL-la bərabər olaraq TL-nin də üzərində ciddi basqı yaratmağa başladı.
Eləcə də bax: Azərbaycan İraqa dondurma ixracına başlayıb - İXRACDA İLK
4. Növbədən kənar seçkilər
Dördüncüsü, ölkədə növbəti il keçirilməsi nəzərdə tutulan, ancaq iyunun 24-də irəli çəkilən Prezident və parlament seçkiləri valyuta üzərində son 2 həftədə ən çox basqı yaradan faktor oldu. Belə ki, konstitusiya dəyişikliyi və yeni seçkilərlə olkə yeni idarəetmə sisteminə keçəcək. Ancaq istər seçki nəticələri və nəticələr sonrası yeni idarəetmə formasının iş dünyası beyinlərində tam formalaşmaması və mövcud qeyri-müəyyənliklər valyuta alışlarını sürətləndirib. Nəzərə alaq ki, inkişaf etməkdə olan ölkə kimi Türkiyə iqtisadiyyatında xarici investorların qısa müddətli yatırımları daha çoxdur, xaricilərin valyuta pozisiyasını dəyişmə qərarı TL üzrərində dərhal təzyiq yarada bilir.
5. Mərkəzi Bank siyasi nəzarətə götürülüb
Lirənin zəifləməsinin beşinci və əsas səbəblərindən biri, son iki ildə Türkiyənin Mərkəzi Bankının (TCMB) üzərində ciddi siyasi təsir formalaşması və Bankın üçot dərəcəsini yüksəltmə riçaqından məhrum olmasıdır. Nəticədə MB özünün ən effektli tənzimləmə alətlərindən birindən məhrum olub və uçot dərəcəsini vaxtında artırıb-azalda bilmir. Bu vəziyyətdə geniş pul siyasətinin davam etməsi isə inflyasiyanın da yüksəlməsinə səbəb olub.
6. Reytinqlərin endirilməsi
Bütün bunların nəticəsi olaraq, yaranmış problemləri görən «S&P» reytinq agentliyi Türkiyə iqtisadiyyatının dəyərləndirmə tarixini irəli çəkərək reytinqləri aşağı salıb. Belə ki, Türkiyənin xarici valyuta borcu üzərindəki reytinqini “BB” səviyyəsindən “BB-” səviyyəsinə, yerli valyuta borcu üzərindəki reytiniqini isə “BB+” səviyyəsindən “BB” səviyyəsinə endirilib ki, bu da milli valyutanın yenidən ucuzlaşmasına səbəb olub.
Agentlik öz qərarını Türkiyədə makro-iqtisadi sabitliyin olması, inflyasiyayönümlü iqtisadiyyatın formalaşması, ticarət balansındakı kəsirin Türkiyə iqtisadiyyatı üçün əsas problem olmaması ilə izah edib. Agentlik bildirir ki, Türkiyə və Rusiyada siyasi risklər də yüksəlib. Bu ölkələrin valyutaları Amerika dollarının dəyər qazanması fonunda sürətlə ucuzlaşmağa başlayıb.
Azərbaycana təsiri olacaqmı?
Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşı olsa da, amma lirə ilə baş verənlər manatın məzənnəsinə elə də təsir etməyib. Cəfər İbrahimlinin FED.az-a bildirdiyinə görə, ola bilər ki, bu təsir özünü 6 ay və ya 1 il sonra manatın üzərinə müəyyən təzyiqlər formasında göstərsin: «Bu gün isə Azərbaycan hadisələrin kənarında olduğu üçün manatın üzərinə hər hansı bir təzyiqin olacağını düşünmürəm. Azərbaycan Türkiyədən məhsulu xammal deyil, hazır şəkildə alır. Alınan məişət avadanlığı, qida məhsulları və s. birbaşa istehlakçıya gedir. Bu, bizim işimizə mənfi təsir edə bilər. Bizim Türkiyəyə ixracımız xammaldır. Onların da qiyməti dünya bazarları ilə müəyyənləşdiyi üçün proses ixracatımızı azaltmır. Bu mənada, qeyd olunan ölkələrdə baş verən proseslərin Azərycan valyutasına hazırda ciddi təsiri yoxdur».