Dekabrın 20-də Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov ölkənin müstəqil iqtisadçı ekspertləri ilə görüşüb.
FED.az xəbər verir ki, bu barədə görüşdə iştirak etmiş bank sektoru üzrə mütəxəssis və hüquqşünas Əkrəm Həsənov məlumat verib.
Onun sözlərinə görə, görüşə həmçinin – Rövşən Ağayev, Seymur İbadov, Natiq Cəfərli, Elşad Məmmədov, Xalid Kərimli və Sevil Mikayılova, habelə AMB-nin 9 əməkdaşı qatılıb.
“Çox səmimi və məhsuldar görüş oldu. Dövlət qurumları arasında belə təşəbbüs göstərən hələ olmamışdı. Ən əsası da o idi ki, məqsəd piar-filan deyildi. Maliyyə bazarlarına (bank, sığorta, qiymətli kağızlar) dair xeyli məsələni (xarici valyuta alışı üzrə 20000 manatlıq limit məsələsi xüsusi yer aldı) müzakirə etdik. İştirakçılar arasında yeganə hüquqşünas-iqtisadçı olduğum üçün qanunvericilik məsələlərini də qaldırdım. Sədr bütün sual və problemlərə dolğun, səmimi və peşəkar cavablar verdi, açıq qalan məsələlərin əlavə araşdırılacağını bildirdi. Belə görüşlərin vaxtaşırı keçirilməsi də qərara alındı”, – deyə Ə.Həsənov qeyd edib.
Görüşün digər iştirakçısı Natiq Cəfərli tədbirni onun üçün gözlənilməz olduğunu qeyd edib və Mərkəzi Bankın rəhbərliyinə maraqlı diskussiyaya görə təşəkkür edib: «Bu gün Mərkəzi Bankın əsas binasında MB sədri Taleh Kazımovun təşəbbüsü ilə iqtisadi sahədə tanınmış mütəxəssislərin görüşünə dəvət almışdım. Açığı, gözləmədiyim halda çox maraqlı görüş və diskussiya oldu, MB-ın yeni təyin olunmuş sədri Taleh müəllimə dəvətə və səmimi müzakirələrə görə təşəkkür edirəm».
N.Cəfərli bildirib ki, görüşdə bir sıra məsələlər müzakirə edilib: «Bir çox problemlərdən danışdıq, mən əsas 4 məsələni qaldırdım: 1) Vətəndaşlara valyuta satışına 20 min manatlıq məntiqsiz illik limit, 2) Bank sisteminə xarici bankların birbaşa daxil olmasına yaradılan maneələrin səbəbləri, 3) Azərbaycan iqtisadiyyatının institutsional zəif olması və bunun MB-ın işinə mənfi təsirləri, 4) Siyasi Partiyalara və QHT-rə ianə toplamaq üçün xüsusi tədbiqlərə və proqramlara icazə verilməməsi məsələsi. Bütün suallara mümkün qədər açıq cavablar səsləndi, sonda belə görüşlərin tez-tez keçirilməsinə qərar verildi. İndi əsas məsələ belə görüşlərin pozitiv nəticələrə səbəb olmasıdır, məncə, mümkündür».