Türkiyə Mərkəzi Bankının lirəni gücləndirmək üçün verdiyi qərar əslində doğru istiqamət olsa da, gecikmiş addımdır. Bunu FED.az-a maliyyə bazarları üzrə ekspert Cəfər İbrahimli bildirib. Onun sözlərinə görə, əslində Türkiyə Mərkəzi Bankı iqtisadiyyatı və lirənin məzənnəsinin sabitləşdirilməsi tədbirlərinə 2 il əvvəldən başlamalıydı: «İndiki vəziyyət pul siyasəti ilə bağlı qərarların verilməsində TMB-nin əl qolunun bağlanmasının nəticəsidir. Mərkəzi Bank vaxtında addım atmadığı üçün Türkiyədəki büdcə kəsiri, regionda və Türkiyədəki risklər bu vəziyyətə gətirib çıxarıb».
Eləcə də bax: Türkiyədə dollar sürətlə bahalaşır – LİRƏ ÇÖKÜRC.İbrahimli bildirir ki, TMB-nin qərarından sonra lirənin bahalaşması da göstərir ki, Mərkəz Bankı qərarı çoxdan verməliydi.
Ekspert bildirir ki, hazırda Türkiyədə xarici valyutaların məzənnəsi reallığı əks etdirmir: «Məncə dolların 4,5 lirədən artıq olması həddən artıq yüksəkdir və reallığa uyğun deyil».
Onun sözlərinə görə, Türkiyə hökuməti lirənin nəzarətdə saxlamaq üçün əlavə addımlar da atmalıdır: «Bankların məcburi ehtiyatlarını yüksəltmək və bazardakı lirə həcmini azaltmaq lazımdır. Hökumətin əlində vəziyyəti dəyişmək üçüq bununla bağlı kifayət qədər rıçaqlar var».
Ekspert bildirib ki, Türkiyədə vəziyyəti nəzarətdə saxlamaq üçün İrandakı kimi tədbirlərin görülməsinə ehtiyac yoxdur, əksinə bu vəziyyəti daha da pisləşdirə bilər.
Yeri gəlmişkən, dünən Türkiyə prezidenti iqtisadi vəziyyətlə bağlı açıqlama verərək bildirib ki, ölkədə bazar iqtisadiyyatı prinsipləri seçkilərdən sonra da qorunacaq. Ekspert hesab edir ki, Ərdoğanın həmin bəyanatı ötən həftə Londonda verilən və investorları narahat edən bəyanatları kompenssasiya etmək məqsədi daşıyır.
Xatırladaq ki, Ərdoğan Londona səfəri zamanı bəyan edib ki, parlament seçkilərindən sonra ölkədəki monetar siyasət üzərində daha sərt nəzarət yaradacaq.
C.İbrahimli bildirir ki, Türkiyənin investorlar üçün nə qədər əlverişli və cəlbedici ölkə olduğu da məhz 24 seçkilərdən sonra məlum olacaq.