Mərkəzi Bank həmişə olduğu kimi ilin sonunda növbəti il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətlərini açıqlayıb. Bəyanatdan belə nəticəyə gəlmək olar ki, Mərkəzi Bank 2018-ci ildəki siyasətini davam etdirəcək və pul-kredit siyasətini yumşaltmağa tələsməyəcək. 2019-ci ildəki əsas hədəf aşağı inflyasiya səviyyəsi (4% ±2%) və sabit milli valyutanın məzənnəsi yolu ilə makroiqtisadi sabitliyi qorumaq olacaq.
Eləcə də bax: 2019-da dollar/manat kursunda gözləntilər və risklər
FED.az xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev, Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatını şərh edərkən bildirib. Ekspert bildirir ki,
Bəyanatda hökumət üçün də mesaj var: “...effektiv pul-kredit siyasətinin formalaşması, makroiqtisadi stabilliyin dayanıqlığının təmin olunması başlıca olaraq pul-kredit siyasəti ilə fiskal siyasətin optimal makroiqtisadi çərçivədə sintezindən və əlaqələndirilməsindən asılı olacaqdır.” Mesaj ondan ibarətdir ki, hökumət valyuta və əmtəə bazarına təzyiqi artıran büdcə xərclərini lüzumsuz artırmamalı, vergi və gömrük rüsumlarının həddini optimallaşdırmalı, tənzimlənən qiymətlərin artımını məhdudlaşdırmalıdır.
Eləcə də bax: Mərkəzi Bankdan 2019 üçün pul siyasəti bəyanatı
Mərkəzi Bank isə öz növbəsində üzən məzənnə siyasətinə real keçidi yenidən ertələyəcək və manatın məzənnəsi ilboyu fors-major hadisəsi olmasa daşlaşmış bir səviyyədə (hazırda bu hədd 1.70-dir) saxlamağa çalışacaq. Bəyanatda “manatın möhkəmlənməsinin qiymətlərə azaldıcı təsiri ilə müqayisədə onun ucuzlaşmasının inflyasiyaya artırıcı təsiri daha yüksəkdir” fikri hökuməti devalvasiya niyyətindən çəkindirməyə yönəlik növbəti bir mesajıdır.
Bəyanatda manatın məzənnəsinə təsir edən makroiqtisadi göstəricilər olaraq dövlət xərclərinin dəstəklədiyi idxal dinamikası, xarici borc axınları və kapital hesabının saldosu qeyd edilir.
Mərkəzi Bank son aylar banklarda yaranmış izafi likvidlik fonunda gələcəkdə depozit bazarında yaranacaq böhranın qarşısını almaq üçün çərçivə və açıq bazar əməliyyatlarının yeni konfiqurasiyasını formalaşdıracağını bəyan edib. Bunun üçün Mərkəzi Bank tərəfindən buraxılan qiymətli kağızların müddət çeşidi artırılmaq istiqamətində genişləndiriləcək. Hazırda qısamüddətli kağızlar 28 günlükdür. Yeganə olaraq yanvarda 364 günlük qiymətli kağızlar buraxılıb. Yəqin ki, gələn il daha uzunmüddətli kağızlar buraxmaqla banklara dəstək veriləcək. Yeni konfiqurasiya həmçinin qiymətli kağızlar bazarının dərinləşdirilməsini və banklararası pul bazarının genişlənməsini nəzərdə tutur.
Pul-kredit siyasətini sərtləşdirilə bilər. İnflyasiyanı aşağı səviyyədə saxlamaq üçün Mərkəzi Bank pul-kredit siyasətini yumşaltmağa tələsməyəcək və mövcud uçot dərəcəsi bir müddət sabit saxlanılacaq. Hətta dünya bazarlarında neftin qiymət səviyyəsindən asılı olaraq onun yenidən artırılması da mümkündür.
Mərkəzi Bank makroiqtisadi sabitliyi təmin edən aşağı inflyasiya, sabit məzənnə kimi hədəflərə çata biləcəkmi? Azərbaycan iqtisadiyyatını xarici şoklardan qoruya biləcəkmi? Bütün bu sualların cavabını neftin qiymətində axtarmaq lazımdır. Neftin qiyməti nə qədər ki, 50 dollardan yüksəkdir hökumət və Mərkəzi Bank prosesə nəzarət edə biləcək və qərarı öz siyasətinə uyğun verə biləcək. “Qara qızıl” 40 dollara yaxınlaşsa və proses uzunmüddətli olsa sabit məzənnəni və aşağı inflyasiyanı qorumaq mümkünsüz olacaq.