Monetar şərait inflyasiyaya azaldıcı təsir göstərməkdədir.
Eləcə də bax: Təcili: Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırdı - AMB-DƏN AÇIQLAMA – TAM MƏTN
FED.az xəbər verir ki, bu, Mərkəzi Bankın Faiz dəhlizinin parametrləri haqqında açıqlamasında bildirilir.
Qeyd edilib ki, 2022-ci ilin ötən dövründə qeyri-neft sektoru üzrə nominal effektiv məzənnənin bahalaşması tempi 14%-ə çatmışdır ki, bu da yüksək idxal inflyasiyasını əhəmiyyətli neytrallaşdırmaqdadır. Manat xüsusilə də Rusiya rublu, Ukrayna qrivnası, Qazaxıstan təngəsi və avroya qarşı möhkəmlənmişdir.
Qlobal mühitdəki şok dəyişikliklərə baxmayaraq manatın ABŞ dollarına nəzərən ikitərəfli məzənnəsinin valyuta bazarında tarazlıq şəraitində formalaşması inflyasiya gözləntilərinə də azaldıcı təsir göstərir. Valyuta bazarında tarazlığın əsasında profisitli tədiyə balansı, qəbul edilmiş makroiqtisadi çərçivə və adekvat monetar şəraitin mövcudluğu dayanır. Ötən iclasdan bəri (fevral və mart aylarında) Mərkəzi Bankda keçirilən bütün valyuta hərraclarında təklif tələbi üstələmişdir.
Dövlət büdcəsində mövsümi profisitin yaranması və Mərkəzi Bank tərəfindən sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi şəraitində 2022-ci ilin ötən dövründə manatla pul bazası 8.2% azalmışdır (ilin sonunda sistem əhəmiyyətli bankla müddətli əməliyyat nəzərə alınmadan).
Maliyyə bazarının milli valyutada risksiz alətlər bazarı seqmentində də sabitlik müşahidə edilir. Ötən iclasdan keçən müddətdə gəlirlik 5 və 7 illik dövlət qiymətli kağızları üzrə cüzi azalmış, 3 illik kağızlar üzrə isə cüzi artmışdır. REPO əməliyyatları üzrə orta faiz dərəcələrində cüzi yüksəlmə baş vermişdir.
Xəbər verdiyimiz kimi bugün Azərbaycan Mərkəzi Bankı faizilərini 0,25 bənd artırıb. Uçot dərəcəsi 7.5%-dən 7.75%-ə, faiz dəhlizinin aşağı həddi 6%-dən 6.25%-ə, yuxarı həddi isə 9%-dən 9.25%-ə qaldırılıb. (Marja)