Azərbaycanda investorlar hələ də gözləmə mövqeyindədirlər. Devalvasiyadan ötən iki ildə azərbaycanlıların xaricdə açdıqları biznes sahələrinin, biznes yatırımlarının həcmi getdikcə artır. Xüsusən də Gürcüstan, Türkiyə, Qazaxıstan, Ukraynaya axan investisiyaların məbləği az deyil.
İqtisadçıların fikrincə, ölkədən investisiya axınını başlıca səbəblərindən biri də manatın məzənnəsi ilə bağlı hələdə qeyri-müəyyənliyin qalmasıdır. Başqa sözlə, biznes adamları ən azı qarşıdakı 2 ildə manatın məzənnəsinə dair rəsmi proqnozları eşitmək istəyirlər. FED.az olaraq, biznesin qayğılandığı bu məsələni Mərkəzi Bank sədri Elman Rüstyəmova çatdırdıq.
"Kursu hədəfləmək rejimində deyilik və buna qayıtmaq fikrimiz də yoxdur", deyən E.Rüstəmovun sözlərinə görə, hazırda Mərkəzi Bankın qarşısında duran başlıca məqsəd daha az volatil kursu təmin etməkdir. Bunu pul siyasəti vasitəsilə etməyə çalışan Mərkəzi Bank sədri nümunə olaraq dollar-avro münasibətlərini misal çəkdi: "Sabit kurs artıq keçmişdə qaldı. Bu yüksək neft qiymətlərindən irəli gələn iqtisadiyyat idi. Siz görürsünüz ki, neftdən asılı olan dövlətlər uzaq keçmişdə də, elə indi də sabit kurs siyasətlərini davam etdirirlər. Bu, yeni iqtisadi reallıqlara uyğun siyasət deyil. Biz bazar iqtisadiyyatı dövründə üzən məzənnə rejimində olmalıyıq. Lakin bu məsələ ilə razıyam ki, onun volatilliyi elə bir səviyyədə olmalıdır ki, investorlar, biznes kütləsi orta və uzunmüddətli planlar qura bilsinlər. Təbii ki, bu biznes planında gəlir və xərclərə təsir edən mühüm amildir".
E.Rüstəmov pul siyasətinin məqsədlərini belə izah etdi: sabit məzənnə yox, idarəolunan, az volatilli məzənnə, çox aşağı inflyasiya və bütövlükdə ucuz pul siyasəti.
"Bu, triadadır və üçü bir yerdə təmin olunmalıdır. Biz hazırda pul kütləsinin hədəflənməsi rejimindəyik və inflyasiyanın hədəflənməsi rejiminə keçəcəyik", fikrinin davamı olaraq qeyd edək ki, bu isə kurs sabitliyinə və məzənnənin az volatilliyinə gətirib çıxaracaq. Biznes üçün bunların hər üçü vacibdir. Ölkənin bütün iqtisadi qurumlarının əsas məqsədi ölkədə makroiqtisadi çərçivənin təyin edilməsidir.
Bunun üçün Mərkəzi Bank aşağıdakı addımları atmağı hədəfləyib: "Monitar siyasəti yumşaltmağa doğru gedirik. Amma bunu çox ehtiyatlı şəkildə addım-addım edəcəyik. İnflyasiya dayanıqlı zonaya daxil olub sabitləşdikcə uçot dərəcəsi də həmin inflyasiya səviyyəsinə yaxınlaşacaq. Amma yenə də həmin səviyyədən bir qədər yüksək saxlamağı düşünürük. Çünki bütövlükdə real faiz dərəcələrinin müsbət zonada olmasını təmin etməliyik".