Azərbaycan Mərkəzi Bankı (AMB) informasiya açıqlığı və şəffaflıq baxımından son 6 ayda 2 bəyəniləsi addım atıb.
Eləcə də bax: Mərkəzi Bankın baş direktoru - Təmassız Kartlardan Danışıb
FED.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib. O bildirib ki, AMB fiziki şəxslərin pul baratlarının və birbaşa investisiyaların qarşılıqlı axınının (ölkəyə daxil olan və ölkədən çıxan) coğrafi strukturunu tam açıqlamağa başlayıb: “Artıq hər rüb Azərbaycana hansı ölkədən nə qədər remitans və birbaşa sərmayə gəlir, eləcə də hansı ölkəyə Azərbayacandan nə qədər remitans və birbaşa investisiya gedir, maraqlanan hər kəs bu məlumatı onlayn əldə edə biləcək”.
Ekspert hesab edir ki, AMB-nın bu addımı təqdirəlayiq olsa da, şəffaflıq istiqamətində hələ görüləsi çox işi var. Başqa vacib məlumatların da detallı açıqlanması vacibdir: “ Məsələn, tədiyə balansının maliyyə hesabı üzrə məlumatların qalıq prinsipilə "xalis göstərici" əsasında deyil, aktivlər və öhdəliklər üzrə məcmu daxilolma və məcmu çıxış (Türkiyə nümunəsi) göstəriciləri əsasında yayılması lazımdır”.
Bundan əlavə, verilən kreditlərin biznesin ölçüsünə (kiçik, orta iri) görə açıqlanması da gərəklidir. R.Ağayev bildirib ki, manatın real effektiv məzənnəsinə dair aylıq göstəriciləri əsas ticarət partnyorlarının hər biri üzrə ayrılıqda açıqlamaq zəruridir.
Onun sözlərinə görə, medianın daha peşəkar və müfəssəl yaza bilməsi üçün "xalis daxili aktivlər", "xalis xarici aktivlər" kimi göstəricilərə dair ümumi məlumatları deyil, onların təşkil edən elementlərin hər biri üzrə statistik göstəricilər və onların dinamikası hesabatlarda görünməlidir.
O, qeyd edib ki, Mərkəzi Bankın analitik hesabatı üzrə göstəricilər qalıq prinsipi ilə deyil, qarşılıqlı öhdəliklər üzrə açıqlanmalıdır: “Məsələn, mərkəzi hökumətə xalis tələblər göstəricisi ilə yanaşı MB-nin hökumət, hökumətin isə MB qarşısında öhdəliklərinin həcmi hər ay açıqlanmalıdır”.
R.Ağayev əlavə edib ki, son 2 ildə MB özünün illik hesabatının tam həcmini deyil, qısa icmalını açıqlamaq yolu tutub, amma əvvəlki təcrübəyə qayıtmaq lazımdır. (Mediapost)