Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə bazarında rəqəmsallaşmanın müəyyən səviyyəsinə nail olsa da, bu istiqamətdə işlər daha da genişləndirilməlidir.
Mərkəzi Bank yeni rəqəmsal platformaları istifadəyə verib
FED.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov Bakıda keçirilən “ICPC Dünya Finalı 2025”ə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Mərkəzi Bankın əsas məqsədi maliyyə bazarının davamlı inkişafına dəstək verməkdir.
“Əgər son illərə nəzər salsaq, görərik ki, inkişafın əsas hərəkətverici qüvvəsi məhz rəqəmsallaşmadır. Bu gün istər yeni layihələr, istərsə də məhsul və xidmətlər əsasən rəqəmsal kanallar vasitəsilə təqdim olunur. Hazırda bizim rəqəmsal sahədə istedadlı kadrlara ciddi ehtiyacımız var. Artıq müəyyən səviyyəyə çatmışıq, lakin bunu daha da artırmaq vacibdir”, - deyə AMB sədrinin müavini qeyd edib.
Vüsal Xəlilov əlavə edib ki, Mərkəzi Bankın beynəlxalq müsabiqəni dəstəkləməsinin əsas səbəblərindən biri yeni istedadların inkişafına təkan verməkdir: “Bir çox aparıcı texnologiya şirkətlərinin təsisçiləri və hərəkətverici qüvvələri arasında ICPC məzunları var. Əminik ki, bu müsabiqə maliyyə bazarının və ölkəmizin rəqəmsallaşmasının inkişafına mühüm töhfə verəcək”. (Azərtac)