29 Yanvar 2021-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 6.25%-də dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdir. Faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 6.75% səviyyəsində saxlanılmışdır.
Eləcə də bax: Bu gün Mərkəzi Bank qərarını - Açıqlayacaq
FED.az xəbər verir ki, bunu faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüsəmov bildirib.
Xatırladaq ki, 18 dekabr 2020-ci il tarixində keçirilmiş iclasda Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 6.5%-dən 6.25%-ə endirilməsi haqqında qərar qəbul etmişdi. Faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 6.75% səviyyəsində müəyyən edilmişdi.
2020-ci ildə faiz dəhlizinin parametrləri 8 dəfə müzakirə edilmiş, uçot dərəcəsi mərhələlərlə 7.5%-dən 6.25%-ə və faiz dəhlizinin yuxarı həddi 9.25%-dən 6.75%-ə endirilmişdir. Faiz dəhlizinin aşağı həddi isə 5.75% səviyyəsində dəyişməz saxlanılmışdır. Ümumilikdə, uçot dərəcəsi 2018-ci ilin əvvəlindən bəri 2.4 dəfə (15%-dən) azalmışdır.
UÇOT FAİZ DƏRƏCƏSİ NƏDİR?
Nəzəriyyəyə görə, uçot dərəcəsi (faiz dərəcəsi) pulun dəyəri rolunu oynayır. Pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyli isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyl göstərirlər, əllərində olan nağd pulu isə banklarda aşağı faizlərlə saxlamaqdansa xərcləməyə çalışırlar. Nəticədə məcmu tələb artır ki, bu da həm iqtisadi artıma və məşğulluğa, həm də inflyasiyaya artırıcı təsir göstərir.
Faiz dərəcələri artdıqda isə kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyli güclənir. Çünki, əmanətlər üzrə faizlər nağd pulu saxlamağın “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə də məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.