Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,75 faiz, faiz dəhlizinin aşağı həddi 6,25 faiz, yuxarı həddi isə 9,25 faiz səviyyəsində dəyişməz saxlanılıb.
Eləcə də bax: Mərkəzi Bank: İlin sonuna inflyasiyanın indikindən aşağı olacağı proqnozlaşdırılır
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iyulun 29-da faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
T.Kazımov qeyd edib ki, pul siyasətinə həsr olunmuş ötən toplantıdan bəri faktiki və proqnozlaşdırılan inflyasiyaya həm azaldıcı, həm də artırıcı amillərin təsiri müşahidə edilib. Bəzi tərəfdaş ölkələrdə milli valyutaların əlavə ucuzlaşması nəticəsində manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, iyunda dünya ərzaq qiymətlərinin dinamikasını və təchizat-logistika xərclərini xarakterizə edən göstəricilərin azalması inflyasiyaya azaldıcı təsir göstərən amillərdir. Lakin məcmu tələbin genişlənməsi son illər artan xərclərin daxili inflyasiyaya ötürülməsinə şərait yarada bilər. Kredit aktivliyinin effektiv tənzimlənməsi məqsədilə qəbul edilmiş makroprudensial qərarların həm də məcmu tələbə azaldıcı təsir edəcəyi gözlənilir. Müxtəlif amillərin çoxistiqamətli təsirləri şəraitində inflyasiya proqnozu demək olar ki, dəyişməz saxlanılıb. İnflyasiyanın mövcud dinamikasının davam edəcəyi halda ilin sonuna inflyasiyanın cari səviyyədən aşağı olacağı proqnozlaşdırılır.
Xarici sektor. Qlobal iqtisadi artımla bağlı qeyri-müəyyənliklər yüksək olsa da, tədiyə balansı baxımından beynəlxalq konyunktur Azərbaycan üçün əlverişli olaraq qalır. Ticarət şərtlərinin yaxşılaşması şəraitində tədiyə balansının cari əməliyyatlar hesabının başlıca komponenti olan xarici ticarət balansının profisiti ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə artıb. Bu, əsas ixrac məhsullarının dünya qiymətlərinin yüksək olması və qeyri-neft ixrac potensialının reallaşması ilə izah olunur. Brent markalı neftin 1 barelinin orta qiyməti 2022-ci ilin I yarımilliyində 105,4 ABŞ dolları səviyyəsində olub. Xarici ticarət göstəricilərinin yaxşılaşması ilə yanaşı ölkəyə daxil olan pul baratlarının artması tədiyə balansının profisitini artırmaqdadır. Əsas ticarət tərəfdaşı olan ölkələrdə pul siyasətinin sərtləşdirilməsi idxal inflyasiyasına azaldıcı təsir göstərə bilər. Profisitli tədiyə balansı şəraitində strateji valyuta ehtiyatlarının artması davam edir. Bu da orta və uzunmüddətli perspektivdə valyuta bazarının tarazlığı üçün zəmin yaradır. 2022-ci ilin 6 ayında strateji valyuta ehtiyatları 1,8 faiz artaraq 54,2 milyard ABŞ dollarına yüksəlib. Xarici sektor göstəricilərinin yaxşılaşması valyuta bazarında təklif kanallarını genişləndirir ki, bu da Mərkəzi Bankda təşkil olunan valyuta hərraclarında tələbin azalmasına səbəb olur. Belə ki, iyunda hərraclara çıxarılan ümumi valyuta təklifi tələbi 2 dəfədən çox üstələyib. Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta satışları üzrə qənaət son 4 ilin maksimum səviyyəsinə çatıb. İyunda nağd valyuta bazarında banklar tərəfindən xarici valyutanın alışı satışı üstələyib. Banklar tərəfindən valyutanın xalis alışının məbləğı son 7 ilin maksimumu olub.
İqtisadi fəallıq. Ölkədə iqtisadi fəallıq yüksək olaraq qalır və onun perspektivləri ilə bağlı gözləntilər nikbindir. 2022-ci ilin yanvar-iyun aylarında ümumi daxili məhsul real ifadədə 6.2 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 9,6 faiz artıb. İqtisadi aktivliyin yüksək qaldığını Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin nəticələri də təsdiqləyir. Belə ki, iyunda əvvəlki aya nəzərən biznes inam indeksi qeyri-neft sənayesi, tikinti, ticarət və xidmət sektorlarında yüksəlib. Məcmu tələbin genişlənməsi müxtəlif sektorlarda özünü fərqli göstərir. 2022-ci ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrünə nəzərən pərakəndə ticarət dövriyyəsi 2,9 faiz, qeyri-neft investisiyalarının həcmi isə 18,5 faiz artıb. Qeyri-neft ixracı isə 6 ayda ötən ilin müvafiq dövrünə nəzərən 25,4 faiz artıb.
2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərin təsdiqlənməsi ilə dövlətin investisiya xərclərinin artırılması II yarımillikdə iqtisadi aktivliyə əlavə dəstək verəcək.
İnflyasiya prosesləri. İyunda mövsümi amillərin təsiri ilə deflyasiya baş versə də, baza effektinə görə illik inflyasiyanın yüksəlməsi davam edib. İyunda 0,1 faizlik baş vermiş deflyasiya ərzaq qiymətlərinin 1 faiz ucuzlaşması ilə bağlıdır. Təhlillər göstərir ki, cari ilin iyununda son 10 ilin ən aşağı templi deflyasiyası baş verib. İllik inflyasiya 2022-ci ilin iyununda 14,2 faiz (2022-ci ilin iyun ayı 2021-ci ilin iyun ayına nəzərən) təşkil edib. Orta illik inflyasiya isə 12,9 faiz olub. Baza inflyasiya iyun ayında illik 10,7 faiz təşkil edib, orta illik 9,7 faiz olub. Ümumi inflyasiya səviyyəsinin yüksəlməsinə ərzaq məhsullarının bahalaşması daha çox təsir göstərib. İyunda illik ərzaq inflyasiyası 20.6 faiz, orta illik ərzaq inflyasiyası isə 18,4 faiz təşkil edib. Qeyri-ərzaq məhsulları üzrə qiymətlər iyunda illik 7,4 faiz, orta illik 6,7 faiz artıb. Xidmətlər son 1 ildə 10,9 faiz bahalaşıb. Orta illik xidmət inflyasiyası 10,3 faiz olub. Ümumilikdə, iyunda illik inflyasiyaya 9 faiz bəndi ərzaq, 1,7 faiz bəndi qeyri-ərzaq, 3,5 faiz bəndi isə xidmətlərin qiymət və tariflərinin dəyişimi töhfə verib.
Xarici mənşəli xərc amilləri inflyasiyanın dinamikasını müəyyənləşdirən başlıca amil olaraq qalır. Dünya ərzaq qiymətlərinin iyunda 2,3 faiz azalması qarşıdakı aylarda inflyasiyaya azaldıcı təsir edə biləcək amildir. Faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir edir. İyunda aparılan sorğulara görə ev təsərrüfatlarının 81,9 faizi qiymətlərin artacağını gözləyir. Real sektor müəssisələri arasında aparılan monitorinqin nəticələrinə görə isə iyunda inflyasiya gözləntiləri əvvəlki ayla müqayisədə tikinti, ticarət və xidmət sektorlarında yüksəlib, qeyri-neft sənayesində azalıb. Mövsümi amillərin iyul və avqustda inflyasiyaya azaldıcı təsir göstərəcəyi gözlənilir. İlin sonuna baza amilinə görə illik inflyasiyanın cari tempdən aşağı olacağı proqnozu dəyişməz qalır. Növbəti ildə isə xarici amillərin əlverişli dəyişimi halında inflyasiyanın tədricən birrəqəmli səviyyəyə enəcəyi proqnozlaşdırılır.
Monetar şərait. Ötən iclasdan bəri monetar şərait əhəmiyyətli dəyişməyib. İlin sonuna doğru onun monetar və fiskal siyasətlərin təsiri altında formalaşacağı gözlənilir. İnflyasiyanın başlıca azaldıcı monetar amili olan manatın nominal effektiv məzənnəsi 6 ayda 1.9 faiz möhkəmlənib. İyulda bəzi tərəfdaşlarda milli valyutaların ucuzlaşması nominal effektiv məzənnəyə əlavə artırıcı təsir edəcək.
2022-ci ilin ötən dövründə dövlət büdcəsinin profisiti nəticəsində vahid xəzinə hesabının artımı və Mərkəzi Bankın sterilizasiya əməliyyatları manatla pul bazasının artımına məhdudlaşdırıcı təsir edib. İlin qalan dövründə xəzinə hesabından xərcləmələrin pul təklifinə artırıcı təsir göstərəcəyi proqnozlaşdırılır. Pul təklifinin inflyasiya yarada biləcək hissəsinin tənzimlənməsi məqsədilə Mərkəzi Bank sterilizasiya əməliyyatlarını genişləndirməyi nəzərdə tutulur. İllik inflyasiyanın yüksəlməsinə baxmayaraq risksiz pul bazarı alətləri, eləcə də depozit və kredit faizləri üzrə nominal faiz dərəcələrində artımlar müşahidə olunmur. Real faiz dərəcələri azalmaya meyil etsə də, manatla yığımlar cəlbedici olaraq qalır. Belə ki, ev təsərrüfatlarının manatla müddətli əmanətləri ilin əvvəlindən 12,7 faiz, son 1 ildə isə 31,3 faiz artıb. Maliyyə sektorunda de-dollarlaşma meyilləri davam edir. Qeyri-rezidentlərin əmanətləri istisna olmaqla fiziki şəxslərin əmanətlərinin dollarlaşması ilin əvvəlindən 3 faiz bəndi azalıb və iyunun yekunu üzrə 37,5 faiz təşkil edib. Kreditlərin dollarlaşması ilin əvvəlindən 2,8 faiz bəndi azalaraq iyunda 23 faizə enib. 2022-ci ilin iyun ayında banklar və qeyri-bank kredit təşkilatları üzrə kredit qoyuluşları ilin əvvəlinə nəzərən 9,9 faiz, ötən ilin eyni ayına nəzərən isə 23,3 faiz artıb.
Pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqinə başlanılması üzrə işlər yekunlaşma mərhələsinə daxil olub. Bu işlər bir neçə istiqamətdə aparılır. Banklararası pul bazarının aktivləşməsi məqsədilə əməliyyat platformasının təkmilləşdirilməsi və istinad faizi indekslərinin hesablanması metodologiyasının formalaşdırılması nəzərdə tutulur. Pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqi istiqamətində daimi imkanlar (bankların təşəbbüsü ilə keçirilən sterilizasiya və likvidliyin verilməsi əməliyyatları) alətlərinin işə salınması və açıq bazar əməliyyatlarının (Mərkəzi Bankın təşəbbüsü ilə keçirilən sterilizasiya və likvidliyin verilməsi əməliyyatları) çeşidinin genişləndirilməsi planlaşdırılır. Məcburi ehtiyatların yeni normalara uyğun saxlanılması həm banklararası bazarda tələbin canlandırılması, həm də pul təklifi üzərində nəzarətin gücləndirilməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda, kredit aktivliyinin effektiv tənzimlənməsi məqsədilə bir sıra makroprudensial qərarlar qəbul edilib. Bunlara əsasən aktivlərin təsnifləşdirilməsi və kredit riskləri ilə bağlı yeni qaydaların tətbiqi aiddir. Son makroprudensial qərarlar həm maliyyə sabitliyinin qorunması baxımından vacibdir, həm də məcmu tələbi azaltmaq potensialı yaradır.
Risklər balansı. İnflyasiya riskləri qısa və orta müddətli dövrlər üzrə fərqlidir. Qısamüddətli dövr üzrə başlıca risklər dünya əmtəə qiymətlərinin və daşınma-logistika xərclərinin yenidən artması, tərəfdaş ölkələrdə inflyasiyanın artmaqda davam etməsi aiddir. Geosiyasi gərginliyin daha da yüksəlməsi və COVID-19-a yoluxma hallarının artmasının ardınca dünyada sosial təcrid məhdudiyyətlərinin tətbiqi daşınma-logistika proseslərini yenidən çətinləşdirə bilər. Aparıcı ölkələrdə pul siyasətinin sərtləşməsi və qlobal iqtisadiyyatda fəallığın azalması əmtəə və maliyyə bazarlarında dəyişkənliyi yüksəldə bilər. Orta və uzunmüddətli dövrdə isə inflyasiyanın dinamikası məcmu tələbin effektiv idarə edilməsindən və valyuta bazarındakı tarazlığın qorunmasından asılı olacaq. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq tətbiq olunacaq qayda əsaslı fiskal siyasət və pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi ortamüddətli dövrdə inflyasiya risklərini idarə etməyə imkan verəcək. Pul siyasətinə dair növbəti qərarlar qlobal mühitdə və ölkə daxilində gedən proseslər, antiinflyasiya siyasətinin nəticələri nəzərə alınmaqla qəbul ediləcək.
Bu qərar iyulun 29-dan qüvvəyə minir. Pul siyasəti qərarına dair növbəti açıqlama 2022-ci il sentyabr ayının 16-da veriləcək.
Baza inflyasiya dedikdə qiymətləri dövlət tərəfindən tənzimlənən malların və xidmətlərin qiymətlərinin dəyişimindən və mövsümi amillərdən təmizlənmiş inflyasiya nəzərdə tutulur.