Azərbaycan Mәrkәzi Bankı (AMB) sәrәncamında olan beynәlxalq qızıl-valyuta ehtiyatlarının saxlanması vә idarә edilmәsindən 2022-ci ildə zərər edib.
Mərkəzi Bank ötən il 21 maliyyə bazarı iştirakçısını yoxlayıb
FED.az xəbər verir ki, bu barədə AMB-nin 2022-ci ildəki fəaliyyətinə həsr olunmuş hesabatında bildirilir.
Hesabatda deyilir ki, 2022-ci ildә Mәrkәzi Bankın valyuta ehtiyatları «qlobal inflyasiya tәzyiqlәrinin, elәcә dә geosiyasi gәrginliyin kәskin artması kimi amillәrlә sәciyyәlәnәn әlverişsiz bazar mühitindә» idarә edilmişdir.
«Qlobal inflyasiya ilә mübarizә çәrçivәsindә inkişaf etmiş ölkәlәrin mәrkәzi bankları siyasәt faiz dәrәcәlәrini kәskin artırmışdır. Nәticәdә, 2008-ci il qlobal maliyyә böhranından sonrakı dövr üçün sәciyyәvi olan sıfıra yaxın mәnfi bazar faiz dәrәcәlәri әhәmiyyәtli yüksәlmәklә yanaşı, sәrt monetar siyasәtin davam etdirilmәsindәn irәli gәlәn iqtisadi böhran gözlәntilәri dә artmışdır»-deyə AMB ötən il maliyyə bazarlarında baş verən prosesləri şərh edib.
AMB bildirir ki, 2022-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatlarının qəbul edilmiş strategiya və qaydalar çərçivəsində konservativ idarə olunması davam etdirilib.
Belə ki, dövr ərzində valyuta ehtiyatları bilavasitə Mərkəzi Bankın pul siyasətinin dəstəklənməsinə xidmət edən əməliyyat tranşı və gəlirliliyin artırılması məqsədilə saxlanılan investisiya tranşına bölünməklə idarə edilib.
Qeyd edək ki, ilin sonuna rəsmi valyuta ehtiyatlarının 87%-ni ABŞ dolları, 4%-ni avro, 1%-ni funt-sterlinq və 8%-ni isə SDR (Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqları) təşkil edib.
2022-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları hər bir tranşın və alt portfellərin məqsədlərinə uyğun olaraq seçilmiş bençmarklar əsasında, xarici ölkələrin investisiya dərəcəli kredit reytinqinə malik dövlət və kvazi-dövlət borc öhdəliklərinə investisiya olunmaqla idarə edilib. İnvestisiya portfelinin kredit keyfiyyətinin daha da yüksəldilməsi və ölkələr üzrə şaxələndirilməsi hesabat ilində davam etdirilmişdir.
Bundan başqa, 2022-ci ildə Mərkəzi Bank valyuta ehtiyatlarının idarə edilməsində daxili idarəetmə ilə yanaşı xarici menecerlərlə əməkdaşlığı davam etdirilib.
AMB bildirib ki, qlobal maliyyə bazarlarında müşahidə olunan əlverişsiz mühit Mərkəzi Bankın valyuta ehtiyatlarının idarə edilməsinin nəticələrinə də təsirsiz ötüşməyib: «Belə ki, aparıcı mərkəzi bankların siyasət faiz dərəcələrini kəskin artırması fonunda qlobal borc qiymətli kağızlarının bütün seqmentləri üzrə qiymətlər düşmüşdür. Yüksələn bazar faiz dərəcələri Mərkəzi Bankın investisiya portfelinin əhəmiyyətli hissəsini təşkil edən qısamüddətli maliyyə alətlərinin daha yuxarı faizlə yenidən investisiyasına imkan yaratmaqla faiz gəlirlərini artırsa da, nisbətən uzunmüddətli perspektiv üçün investisiya edilən risksiz və yüksək kredit keyfiyyətli borc qiymətli kağızları üzrə realizə olunmamış yenidənqiymətləndirmə zərərlərinin yaranmasına gətirib çıxarmışdır. Nəticədə, 2022-ci ilin sonuna Mərkəzi Bankın valyuta aktivlərinin idarə edilməsindən xalis gəlirlər -41.8 mln. ABŞ dolları, gəlirlilik isə -0.53% olmuşdur».
AMB-də əmindirlər ki, 2022-ci ildəki itkilərin qarşıdakı illərdə kompensasiya etmək mümkün olacq: «Qeyd edək ki, yüksələn bazar faiz dərəcələri növbəti illərdə Mərkəzi Bankın valyuta aktivlərinin idarə edilməsindən əldə olunacaq gəlirlərin əhəmiyyətli artırılmasına imkan verəcəkdir».
2022-ci ildə Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 1.9 mlrd. ABŞ dolları və ya 27% artaraq 9.0 mlrd. ABŞ dolları təşkil edib.
Daxili bazardan valyuta alışları valyuta ehtiyatlarına artırıcı, əsasən məzənnə fərqi isə azaldıcı təsir göstərib.