Bığdan”, yoxsa “saqqladan” qurban verəcəyimizi seçməliyik
Banklarda dolların cüzi ucuzlaşmasından ciddi təşvişə düşməyə ehtiyac yoxdur. Lakin ehtiyatı da əldən vermək olmaz. Valyutaya malik olanlar, borclular, ticarətçilər son günlər valyuta bazarlarında baş verənləri diqqətlə izləməlidirlər.
FED.az xəbər verir ki, Türkiyə və Rusiyanın milli valyutalarının kəskin ucuzlaşması ilə əlaqədar olaraq yenidən Azərbaycanda devalvasiya və ya Manatın ucuzlaşacağı mövzusu gündəmdədir. Bir çoxları Manatın mərhələli şəkildə ucuzlaşdırılmasının vaxtı keçdiyini bildirir, bir qrup insan da Azərbaycanın tədiyyə balansında profisit (ölkəyə daxil olan valyuta, çıxan valyutanı üstələyir) , o cümlədən xarici ticarət əməliyyatlrında müsbət saldo (ümumi ixrac ümumi idxalı üstələyir) olduğundan Manatın ucuzlaşdırılamyacağını iddia edirlər.
Eləcə də bax: «Devalvasiya yalnız bir halda ola bilər...» - MÜSAHİBƏ
2015-ci ildən sonra Azərbaycanda əksər insan devalvasiyanın nə olduğunu bilir. Devalvasiya sabit məzənnə rejimindəki bir ölkənin milli valyutasının digər ölkələrin valyutaları qarşısında dəyərinin aşağı salınmasıdır. Üzən məzənnə rejimində olan ölkənin milli valyutasının dəyərinin aşağı düşməsinin adı isə milli valyutanın ucuzlaşmasıdır. Azərbaycan idarə olunan üzən məzənnə rejiminə keçdiyini və gələcəkdə də tam üzən məzənnə rejiminə keçəcəyini bəyan edib. Mütəxəssilər, uzun müddətdir rəsmi məzənnə dəyişmədiyindən Azərbaycanın sabit məzənnə rejiminə qayıtdığını qeyd edirlər.
Devalvasiyada adətən 2 məqsəd güdülür.
1.Xarici ticarət kəsirinin azaldılması. Adətən, bir ölkə devalvasiya edirsə, deməli, o ölkədə xarici ticarət kəsiri var. Xarici ticarət kəsiri nədir? İqtisadiyyatdakı ümumi ixrac, ümumi idxaldan azdırsa o iqtisadiyyatda kəsirin olduğu deməkdir. Dövlətlər kəsiri azaltmaq üçün devalvasiyaya gedirlər. Necə edilir? Dövlətlər devalvasiya edərək pul vahidlərinin dəyərini aşağı salırlar. Nəticədə xaricdən alınan məhsullar, yəni idxal bahalaşdığına görə idxal azalır və daxildəki məhsullar ucuzlaşdığı üçün ixracın artması gözlənilir. Bu sayədə idxal və ixrac balansının tarazlaşdırılması məqsədi güdülür. Amma hər zaman devalvasiya uğurlu olmur və müsbət nəticə vermir. Əgər ixrac ediləcək məhsullar ölkədə yetərli miqdarda istehsal edilmirsə devalvasiya bir işə yaramaz və idxal yenidən artır.
2. İxracın təşviq edilməsi və yerli istehsalçıların xarici bazarlarda rəqabət gücünün artırılması. Ola bilsin ki, ölkənin xarici ticarət kəsiri olmasın. Amma dövlət yeni bazarlar ələ keçirmək, mövcud bazarlarda möhkəmlənmək, yerli istehsalını və ixracını daha da inkişaf etdirmək və artırmaq istəyə bilər. Bu vəziyyətlərdə ağıllı və yumuşaq devalvasiyalar işə yarayır. Qısası, devalvasiyanın həyata keçirilməsində ikinci məqsəd yerli istehsalçıların və ixracatçıların dəstəklənməsidir. Ucuzlaşan milli valyuta yerli istehsalçıların xarici bazarlarda rəqabət gücünü artırır. Sadə şəkildə belə izah edək. Tutaq ki, 1 dollar 1 manata bərabərdir. Yerli istehsalçı xaricdə 100 dollara satdığı məhsuldan manat ilə ifadədə 100 manat qazanır. Bəs 1 dollar 2 manat olarsa necə? Belə olan halda yerli istehsalçı 200 manat qazanacaqdır. Və yaxud xarici bazarda rəqibləri vurmaq üçün məhsulunun qiymətini 50 dollara endirərək yenə 100 manatını qazanacaqda davam edəcəkdir (50 dollar x 2 manat = 100 Manat). Buradakı rəqəmlər şərtidir, təbii ki, reallıqda başqa şərtlər də olur. Milli valyuta, ixracatçıların maraqları üçün ucuzalşdırılan zaman, idxaldan asılı olan sahələr də nəzər alınmalıdır.
Gəlin hər iki istiqamət üzrə devalvasiyaya, daha doğrusu Azərbaycan idarə olunan üzən məzənnə rejimində olduğundan manatın ucuzlaşdırılmasına ehtiyac olub-olmadığına baxaq.
XARİCİ TİCARƏTDƏ KƏSİR YOXDUR
Bu gün Azərbaycanın xarici ticarətində kəsir yoxdur. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-iyul ayları ərzində idxal əməliyyatları üzrə 5 milyard 776 milyon ABŞ dolları, ixrac əməliyyatları üzrə 10 milyard 748 milyon ABŞ dolları ticarət qeydə alınıb. Müsbət saldo 4 milyard 972 milyon dollar olub (və ya ümumi ixrac ümumi idxalı 4 milyard 972 milyon dollar üstələyib). Bahalaşan neftin hesabına Azərbaycanın tədiyyə balansı da profisitlidir. Belə ki, cari ilin ilk rübündə Azərbaycanın tədiyyə balansında 1,1 milyard dollar profisit mövcud idi. Tədiyyə balansına və xarici ticarətə baxdıqda manatın ucuzalaşdırılmasına ehtiyac olmadığı görünür. Çünki kəsir mövcud deyil.
PROFİSİTƏ SEVİNMƏK DOĞRU DEYİL
Bu yerdə qeyd edək ki, xarici ticarət artıqlığı (profisit və ya müsbət saldo) Azərbaycanın nümunəsində çox da seviniləsi bir vəziyyət deyil. Azərbaycanın ticarət artıqlığı özündə risk daşıyır. Çünki bu ticarət artıqlığı şaxələnmiş qeyri-neft sektorunun deyil, yüksək neft qiymətlərinin hesabına yaranıb. Neft qiymətlərinin düşməsi Azərbaycanı çətin vəziyyətdə qoya bilər, necə ki, 2015-ci ildə biz bunu yaşadıq. Buna görə, “bizim xarici tiarətimiz profisitdədir” deyib, arxayın ola bilmərik.
PROFİSİT VAR DEYƏ, İXRACAT İKİNCİ PLANA KEÇMƏLİDİR?
2015-ci ildəki devalvasiyalardan əvvəlki mənzərə də bugünkünə bənzəyirdi. Dollar/Manat məzənnəsi uzun müddət dəyişmirdi, Xarici ticarət artıqlığı mövcud idi. Sonra neftin kəskin ucuzlaşması Azərbaycanı 2 dəfə devalvasiyaya getməyə məcbur etdi. Rəsmilər bildirdilər ki, baş verənlərdən dərs çıxaracaqlar və Azərbaycan iqtisadiyyatına neft qiymətlərinin təsiri azaldılacaqdır. Bu məqsədlə Strateji Yol Xəritələri də hazırlandı. Xəritələrdə qeyri-neft sektorunun inkişafına və ixracın artırılmasına böyük yer verilib. Bu gün yol xəritlərinin icrası aparılır, istehsal və ixrac təşviq edilir. Digər tərəfdən, dövlətin bu səyləri risklə üz-üzədir.
SABİT MƏZƏNNƏNİN ZƏRƏRİ
İstehsal və ixracın təşviq edilməsinin yollarından biri də milli valyutanın ucuzalşdırılmasıdır. Bəzi hallarda milli valyutanın sabit məzənnədə olması, dövlətin yerli istehsalçılara verdiyi vergi, gömrük, subsidiya və digər təşviqlərin faydasını azalda bilər.
Azərbaycan istehsalçıları xarici bazarlar uğurunda Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna ,Belarus və s ölkələrin istehsalçıları ilə rəqabət aparırlar. Milli valyutası Dollar qarşısında ucuzlaşan ölkənin istehsalçıları xarici bazarlarda daha rəqabətədavamlı olurlar. Rəqiblərin milli valyutaları ucuzlaşarkən, milli valyutası sabit qalan ölkənin istehsalçıları bazarları itirirlər. Bir çox dövlətlər xarici bazarlarda möhkəmlənmək üçün milli valyutanın ucuzlaşdırılması metodundan geniş istifadə edirlər. Məsələn, Çin. ABŞ Prezidenti Tramp tez-tez Çini milli valyutasını ucuzlaşdıraraq Amerka bazarını ələ keçirməkdə itiham edir. Hazırda iki dövlət arasında “ticarət müharibəsidir” , bir-birlərinin mallarına gömrük tariflərini artırırlar.
Qeyd edək ki, Aəzrbaycan şirkətlərinin xarici bazarlarda uduzduqlarına dair işarələr də var. Onlar ixraca elə də maraq göstərmirlər.
2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının nəticələrinə həsr olunmuş iclasda Azərbaycan Prezidenti demişdi: “Əlbəttə ki, iqtisadi islahatları dərinləşdirmək üçün biz sahibkarlardan böyük fəaliyyət gözləyirik. Dövlət sahibkarlığın inkişafına böyük dəstək verir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara 2,2 milyard manat güzəştli kreditlər verilmişdir. Ancaq bu kreditlər hesabına ölkəmizdə 163 min yeni iş yeri yaradılmışdır. Bu il də 170 milyon manat güzəştli şərtlərlə kreditlərin verilməsi nəzərdə tutulur. Onun böyük hissəsi artıq altı ayda verilib. Qalan hissə də veriləcəkdir. Eyni zamanda, sahibkarlara metodiki tövsiyələr, məsləhətlər verilir. Biz xaricdə ticarət evlərinin açılması ilə sahibkarlara şərait yaradırıq ki, onlar öz ixrac imkanlarını genişləndirsinlər. Deyə bilərəm ki, bu gün Azərbaycan dövləti qeyri-neft məhsullarının ixracının artırılmasına sahibkarlardan daha çox çalışır. Sahibkarlar bir qədər passivdirlər. Elə bil maraqlı deyillər ki, xarici bazarlara çıxsınlar. Ona görə, dövlət bütün bu işləri öz üzərinə götürüb. Mənim tapşırığımla bir çox sərgilər, təqdimatlar keçirilir, ticarət evləri açılır. Bu proses çox geniş vüsət alacaq. İndi bir neçə ticarət evi açılıb. Məncə, Azərbaycanın xaricdə onlarla ticarət evi açılmalıdır. Sahibkarlar da bu işlərdə fəal iştirak etsinlər, xüsusilə, ixracla bağlı öz səylərini artırsınlar”.
Azərbaycan neft profisitinə arxayınlaşıb ixracı arxa plana keçirməməlidir. Həqiqətən ehtiyac varsa, məzənnənin müəyyən dəhliz çərçivəsində yüksəltməkdən qorxmamalı, hökumətin təşviqlərinə bu yolla da dəstək verilməlidir. Əks halda, böyük məblləğdə valyuta gəlirləri əldə edən şirkətlərimiz olmayacaqdır.
BELƏ GETSƏ UZUN MÜDDƏT SABİT MƏZƏNNƏ REJİMİNDƏ QALA BİLƏRİK
Böyük ixracatçılar olmadığından Azərbaycanda kifayət qədər valyuta satıcısı yoxdur. Valyuta hərraclarında yeganə satıcı Dövlət Neft Fondudur. Bazarda isə alıcılar çoxdur: İdxalçılar, borclular, valyutada yığım edənlər vəs. Manat ucuzlaşdırıldığı təqdirdə valyuta ehtiyatları “əriyir”, Neft Fondu üzərində də təzyiq yaranır. Digər tərəfdən, əhali və biznes narahat olmağa başlayır, qeyri-müəyyənlik artır, idxal məhsulları bahalaşır, inflyasiya yüksəlir, dövlətin, şirkətlərin və əhalinin Manat ifadəsində borc yükü artır və s. Böyük ehtimalla, bütün bunlar da nəzərə alınaraq Dollar/Manat məzənnəsi sabit saxlanılır. Yeyinti məhsullarının, dərmanlar, siqaret, maşın və avadanlıqların böyük bir hissəsinin xaricdən alındığını nəzərə alsaq məzənnənin sabit qalması əlverişi görünə bilər. Bəs nəvaxtadək? Daima neft qiymətlərinin yüksək qalmasına dua edib, xarici biznesləri maliyyələşdirəcəyik?! Öz istehsalımızı və ixracımızı nə vaxt artıracağıq? Əgər sabit məzənnə qeyri-neft ixracı üçün risk yaradırsa buna göz yumulmalıdır? Mərkəzi Bankın sədri Elman Rüstəmov artıq risklərin mövcud olduğuna və hökuməti tələsməyə işarə edib. Hökumət daha təsirli addımlar ataraq qeyri-neft ixracının ciddi artımına nail olmalı və bazara yeni valyuta satıcıları daxil olmalıdır. Belə olan vəziyyətdə Manat tam üzən məzənnədə ola bilər. Əks halda, uzun illər adı idarə olunan üzən məzənnə, əslində isə sabit olan rejimdə qalmalı olacağıq. Amma bu da risklidir. Kim zəmanət verə bilər ki, bir daha sabah neft ucuzlaşmayacaq? Bu bir il və ya üç il sonra da baş verə bilər. Bu səbəbdən bir daha böhran yaşamamaq üçün bu gün dərindən düşünməli, itki verməli olsaq da yavaş-yavaş üzən məzənnə rejiminə keçərək bu rejimə öyrəşməliyik. Manatın ucuzalşama heç vaxt kəskin olmamalı, iqtisadiyyatımızın uzunmüddətli maraqlarına xidmət etməlidir.
Əlavə edək ki, Azərbaycana turist axını da Manatın ucuzalaşdırılmasını tələb edir. Xarici valyuta ilə ölkəmizə gələn qonaq Manat ilə ifadədə daha çox xərcləyə bilir.
"MƏHDUD NAİLİYYƏT ƏLDƏ EDİLİB"
Beynəlxalq reytinq agentliyi “Moody`s Investors Service” agentliyinin qiymətləndirmələrinə görə, turizm, nəqliyyat və logistika sahələri istisna olmaqla Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün imkanlar məhduddur. Əvvlki kimi, Azərbaycan iqtisadiyyatı karbohidrogen sektorunda kəskin dəyişikliklərə məruz qalır. İqtisadiyyatın təkrar istiqamətləndirilməsi və şaxələndirilməsi məhdud nailiyyət əldə edib.
Moody`s-in də işarə etdiyi kimi, hökumət daha da aktiv olmalıdır, yerli istehsalın və ixracın artırılmasına dair aqressiv addımlar atmalıdır.
Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrin milli valyutalarının ucuzlaşmasının digər bir mənfi tərəfi Azərbaycana idxalın artmasıdır. Milli valyutası ucuzlaşan ölkənin istehsalçısı öz mallarını Azərbaycan bazarında daha ucuz sata bilir. Bu gün marketlərdə Türkiyə, Rusiya, Belarus və Ukrayna istehsalı olan bir çox mallar yerli istehsal olan mallardan ucuz və ya eyni qiymətə satılır. Bu vəziyyət iri idxalçıları sevindirir. Yerli istehsalçılar isə azalan satışlar ilə bazar paylarını itirlər. Nəticədə, yeni investisiya planları təxirə salına, mallar satılmadığından işçilər ixtisar oluna və dövlət büdcəsinə ödənilən vergilər azala bilər.
İDXALDA REKORD
Rəqəmlər də idxalın artdığını göstəri, hətta rekord qırıb. Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu ilin iyul ayında idxalçılar xaricdən 1 milyard 115 milyon 892 min ABŞ dolları məbləğində mallar alıb. Bu, ötən ayın göstəricisindən 17,4 faiz çoxdur. Ümumiyyətlə, iyulda malların idxal həcmi illik rekord göstəricidir. İyunda idxal 804 milyon 953 min dollar təşkil etmişdi. Bundan əvvəl 2018-ci ildə ən yüksək aylıq idxal Apreldə qeydə alınmışdı - 834 milyon 562 min dollar.
Qısası, yenidən idxal iqtisadiyyatına çevrilə bilərik. Dünya bizi gözləmir, cəsarətli addımlar atmağın vaxtı keçir. Dövlət və sahibkarın əl-ələ verməsi nəticəsində ölkəyə böyük məbləğlərdə valyuda gətirə biləcək şirkətlər yarana bilər. Bu gün, həmin şirkətlər yeni-yeni yaranmaqdadır. Onların əlindən tutulmasına ehtiyacları var. Bu şirkətlər Azərbaycanın gələcəyidir. Ümumiyyətlə, sahibkarlar bir dövlətin sərvətləridir. Onları neft və qaza dəyişə bilmərik. Neft və qaz bir gün tükənəcəkdir. Biz bu gündən yoxluğa hazır olmalıyıq. Bu hazırlıq zamanı, “neft-qaz yoxsa, qeyri-neft sektoru?”, “Sabit məzənnə, yoxsa üzən məzənnə rejimi?” suallarına ən doğru cavabı ortalığa qoymalıyıq.
“Yuxarı baxırsan bığ, aşağı baxırsan saqqal” vəziyyətindəyik. Bığdan, yoxsa saqqladan qurban verəcəyimizi seçməliyik. Amma seçim edərkən insanlar “sürü davranışı” nümayiş etdirməməlidirlər. Hökumət və Mərkəzi Bank bazar ilə doğru ünsiyyət qurmağa başlamaldır. Təəəssüf ki, bu gün rəsmi açıqlamalara etimadsızlıq var. Tezliklə inam bərpa olunmalıdır. İnam olmasa valyuta məsələsində bu gün olduğumuz yerdən tərpənməyimiz ziyanlı olacaqdır. Ölkəmizin aydın gələcəyi, güclü iqtisadiyyatı üçün hökumət və millət bir addımlamalıdır.
Banklar dolları limitlə satmağa başlayıblar – SİYAHI, LİMİTLƏR