Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
FED.az xəbər verir ki, fərmana əsasən, qeyri-neft sektorunda fəaliyyət göstərən və Azərbaycanda sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə müvəkkil banka kredit sifarişi ilə müraciət edən sahibkarın öhdəlikləri üzrə İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilən zəmanətin şərtlərində dəyişiklik edilib. Hazırda qüvvədə olan qaydaya görə, bir borcalanın və ya bir-biri ilə əlaqədar borcalanlar qrupunun bütün müvəkkil banklar üzrə zəmanət verilən cəmi kreditlərinin məbləği 3 000 000 manatdan çox olmamalı idi. Dəyişikliyə görə isə bir borcalanın bütün müvəkkil banklar üzrə zəmanət verilən cəmi kreditlərinin məbləği 5 000 000 manatdan, bir-biri ilə əlaqədar borcalanlar qrupunun bütün müvəkkil banklar üzrə zəmanət verilən cəmi kreditlərinin məbləği isə 10 000 000 manatdan çox olmamalıdır.
Fərmana əsasən zəmanətlə bağlı tələblər də dəyişdirilib və bir borcalan üzrə bütün zəmanətlərin yuxarı həddi artırılıb. Belə ki, dəyişikliyə əsasən bir borcalan üzrə bütün zəmanətlərin yuxarı həddi isə 3 mln. manat məbləğində olmalıdır. Qeyd edək ki, buna qədər bir borcalan üzrə bir zəmanətin aşağı həddi 15 000 manat, bütün zəmanətlərin yuxarı həddi isə 500 000 manat məbləğində olub.
Əgər əvvəl bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə veriləcək zəmanətlərin məbləği 750 000 manatdan çox olmamalı idisə, artıq bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə veriləcək zəmanətlərin məbləği 6 mln. manatdan çox olmamalıdır.
Dəyişikliyə əsasən, müvəkkil bank zəmanət üçün müraciət etdikdə, müvafiq sənədləri elektron sistem vasitəsilə Fonda təqdim edir. Hər hansı sənəd üzrə məlumatların elektron sistem vasitəsilə alınması mümkün olmadıqda, borcalan həmin sənədi müvəkkil banka təqdim etməlidir. Müvəkkil bank təqdim olunmuş sənədin surətini elektron sistemdə həmin gün yerləşdirməlidir.
Dəyişikliyə görə, Fondun qərarı müsbət olduqda, 3 iş günü müddətində müvəkkil banka zəmanətlə bağlı yazılı məlumat təqdim edilir və bu qərar elektron sistemdə yerləşdirilir. Zəmanətlə bağlı məlumat müvəkkil bank və müştəri arasında bağlanan kredit müqaviləsində qeyd olunur və zəmanət kredit müqaviləsinin imzalandığı tarixdən qüvvəyə minir.
Hər bir müraciət üçün müvəkkil bank tərəfindən zəmanət məbləğinin 0,1%-i (maksimum 50 manat) həcmində xidmət haqqı ödənilir.
Bundan başqa, dəyişikliyə əsasən,birdəfəlik komissiya zəmanətin qüvvəyə mindiyi tarixə olan məbləği üzrə hesablanır. İllik komissiya isə zəmanətin qüvvədə olduğu müddətdə gündəlik əsasda zəmanətin qalıq məbləğinə hesablanır və aylıq qaydada ödənilir. Birdəfəlik və illik komissiyaların, habelə xidmət haqqının ödənilməsi qaydası müvəkkil bank və Fond arasında bağlanmış çərçivə müqaviləsi ilə tənzimlənir.
Zəmanətə görə ödəniş edilmiş kredit üzrə daxil olan vəsaitlər həmin kredit üzrə zəmanətin kreditə olan faiz nisbətinə müvafiq olaraq Fonda, bu vəsaitlərin qalan hissəsi isə müvəkkil banka ödənilir.
Fərmanda zəmanətin kreditə nisbəti və illik komissiyanın müəyyən edilməsi ilə bağlı da dəyişiklik var. Belə ki, zəmanətin kreditə nisbəti (örtülmə əmsalı) müəyyən edilərkən Maliyyə Bazarlarına Nəzarət Palatasının müvəkkil bankların maliyyə-statistik göstəriciləri barədə müraciət daxil olduğu tarixdən 10 iş günü müddətində Fondun İdarə Heyətinə təqdim etdiyi məlumata əsasən müəyyən olunmuş risk kateqoriyası nəzərə alınmaqla, aşağıdakı cədvəldə göstərilən təminatın kreditə nisbəti (aşağı, orta və yuxarı) əsas götürülür:
Təminatın kreditə nisbəti |
Risk kateqoriyası |
|
Ortariskli |
Aşağıriskli |
|
Aşağı |
75%-dək |
70%-dək |
Orta |
70%-dək |
65%-dək |
Yuxarı |
65%-dək |
60%-dək |
Sənədə əsasən, Fondun kredit reytinqi modelinin nəticələrinə görə “yüksəkriskli” kateqoriyaya aid olan kreditlərə zəmanət verilmir.