Azərbaycanın 2018-ci il dövlət büdcəsinin layihəsində maliyyə sanksiyalarından daxilolmalar 140 mln. manat həcmində nəzərədə tutulub ki, bu da 2017-ci iliin analoji proqnozu ilə müqayisədə eynidir.
FED.az Report-a istinadən xəbər verir ki, bu, 2018-ci il dövlət və icmal büdcələri üzrə layihələrdə öz əksini tapıb.
Qeyd edək ki, 2017-ci ilin ilkin büdcə proqnozunda Vergilər Nazirliyinin xətti ilə təmin edilən maliyyə sanksiyalarından daxilolmalar 90 mln. manat nəzərdə tutulurdu ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 90 mln. manat və ya 50% az idi. Daha sonra 2017-ci ilin dəqiqləşdirilmiş büdcəsində Vergi Məcəlləsində edilmiş dəyişikliklərin tətbiqi ilə bağlı vergi orqanları tərəfindən cərimə və sanksiyalar üzrə proqnoz 50 mln. manat artırılıb.
Xatırladaq ki, Vergi Məcəlləsində dəyişikliklərin edilməsi haqqında qanuna əsasən, 2017-ci il yanvarın 1-dən vergi qanunvericiliyinin pozulmasına görə inzibatçılığın artırılması istiqamətində müəyyən dəyişikliklər edilib. Nağd əməliyyatların məhdudlaşdırılması, elektron qaimənin tətbiqi, maliyyə institutları tərəfindən məlumatların verilməməsi, malların alışını və mədaxilini təsdiq edən sənədlərin olmamasına görə maliyyə sanksiyaları müəyyən edilib.
Qeyd edək ki, 2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20,127 mlrd. manat proqnozlaşdırılır ki, bu da ÜDM-in 29%-i həcmində olmaqla, 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,361 mlrd. manat və ya 20%, 2016-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 2,621 mlrd. manat və ya 15% çoxdur.
2018-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 7,907 mlrd. manatı və ya 39,3%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 9,216 mlrd. manatı və ya 45,8%-i Dövlət Neft Fondundan transferti, 2,43 mlrd. manatı və ya 12,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 574 mın. manatı və ya 2,8%-i isə digər gəlirlərin payına düşür.
Vergilər Nazirliyi üzrə proqnoz məbləği ÜDM-in 11,4%-i həcmində olmaqla 7,907 mlrd. manat nəzərdə tutulur ki, bu da cari ilin proqnozundan 262 mln. manat və ya 3,4%, 2016-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 891,4 mln. manat və ya 12,7% çoxdur.
2018-ci ilin büdcə xərclərinin ÜDM-də xüsusi çəkisi 30,1% təşkil edəcək ki, bu da 2017-ci ilə nisbətən 3,8 faiz bəndi çoxdur. Mütləq ifadədə 2018-ci ilin dövlət büdcəsində xərclər 20,906 mlrd. manat proqnozlaşdırılır ki, bu da 2017-ci illə müqayisədə 2,965 mlrd. manat və ya 16,5%, 2016-cı ilin faktiki icrası ilə müqayisədə 3,154 mlrd. manat və ya 17,8% artıqdır.