FED.az xəbər verir ki, Maliyyə Nazirliyi 2023-cü il üzrə Azərbaycan Respublikası dövlət və icmal büdcəsinin icrasına (operativ) dair məlumat yayıb.
"İndiyə kimi 11 milyard xərclənib, gələn ilin sonuna 12 milyarda çatması gözlənilir"
Operativ məlumata əsasən 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 33 milyard 890,5 milyon manat proqnoza qarşı 5 faiz və ya 1 milyard 684,3 milyon manat artıq icra olunaraq 35 milyard 574,8 milyon manat təşkil etmişdir. Bu 2022-ci illə müqayisədə 4 milyard 895,2 milyon manat və ya 16 faiz çoxdur.
Qeyri-neft sektoru üzrə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 49,0 faizini təşkil etməklə (proqnoza nisbətən 1,3 faiz-bənd çox, 2022-ci illə müqayisədə isə 1,0 faiz-bənd az) 17418,4 mln. manat məbləğində icra edilmişdir ki, bu da proqnozla nəzərdə tutulduğundan 1267,6 mln. manat (7,8 faiz), 2022-ci illə müqayisədə isə 2068,4 mln. manat və ya 13,5 faiz çoxdur.
Vergi daxilolmaları və dövlət rüsumları üzrə dövlət büdcəsinə ümumi gəlirlərin 45,3 faizi həcmində və ya 16126,7 mln. manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 1139,7 mln. manat və ya 7,6 faiz, 2022-ci illə müqayisədə isə 583,7 mln. manat və ya 3,8 faiz çoxdur.
Həmin vəsaitin 60,2 faizi və ya 9707,9 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə proqnoza nisbətən 722,9 mln. manat və ya 8,0 faiz, 2022-ci illə müqayisədə isə 1571,5 mln. manat və ya 19,3 faiz çox olmuşdur.
Neft-qaz sektoru üzrə dövlət büdcəsinə təmin edilmiş vergi daxilolmaları 6418,8 mln. manat təşkil etmişdir ki, bu da proqnoza nisbətən 416,8 mln. manat və ya 6,9 faiz çoxdur.
Gömrük rüsumları və Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə vergi və digər gəlirlər üzrə dövlət büdcəsinə ümumi gəlirlərin 17,8 faizi həcmində və ya 6337,8 mln. manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 609,8 mln. manat və ya 10,6 faiz, 2022-ci illə müqayisədə isə 683,2 mln. manat və ya 12,1 faiz çoxdur.
Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan məbləğdə, yəni 11737,6 mln. manat və ya ümumi gəlirlərin 33,0 faizi həcmində vəsait daxil olmuşdur.
Dövlət əmlakının icarəyə verilməsindən dövlət büdcəsinə 31,3 mln. manat və ya ümumi gəlirlərin 0,1 faizi həcmində vəsait təmin olunmuşdur ki, bu da proqnoza nisbətən 6,3 mln. manat və 25,2 faiz çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar ümumi gəlirlərin 2,3 faizi həcmində olmaqla 822,9 mln. manat təşkil etmişdir ki, bu da 2022-ci illə müqayisədə 18,8 mln. manat və ya 2,3 faiz çoxdur.
Dövlət büdcəsinə sair daxilolmalar üzrə ümumi gəlirlərin 1,4 faizi həcmində və ya 495,9 mln. manat vəsait təmin olunmuşdur ki, bu da proqnoza nisbətən 37,3 mln. manat və ya 7,0 faiz azdır.
Məqsədli büdcə fondlarının (Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu, Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondları, Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu) vəsaitinin qalığının həmin fondların gəlirlərinə aid olan hissəsi 22,6 mln. manat təşkil etmişdir.
2023-cü ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin gəlirləri 13497,9 mln. manat təşkil etmişdir.
Xərclər
Operativ məlumata əsasən 2023-cü ildə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 99,5 faiz və ya 36458,5 mln. manat icra olunmuşdur ki, bu da 2022-ci illə müqayisədə 4393,9 mln. manat və ya 13,7 faiz çoxdur.
Dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsinə, əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin tam və vaxtında maliyyələşdirilməsinə nail olunmuşdur.
Strukturuna görə 2023-cü il dövlət büdcəsi xərclərinin 19833,8 mln. manatı və ya 54,4 faizi cari xərclərə (2022-ci illə müqayisədə 2094,8 mln. manat və ya 11,8 faiz çox), 15442,2 mln. manatı və ya 42,4 faizi əsaslı xərclərə (2022-ci illə müqayisədə 2908,6 mln. manat və ya 23,2 faiz çox), 1182,5 mln. manatı və ya 3,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2022-ci illə müqayisədə 609,5 mln. manat və ya 34,0 faiz az) yönəldilmişdir.
2022-ci illə müqayisədə dövlət büdcəsinin xərclərinin tərkibində əsaslı xərclərin xüsusi çəkisi 3,2 faiz bəndi artmış, cari xərclərin xüsusi çəkisi 0,9 faiz, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi isə 2,4 faiz bəndi azalmışdır.
2023-cü ildə 2022-ci illə müqayisədə xərclərin funksional təsnifatına uyğun olaraq iqtisadi fəaliyyət xərclərinə 2324,9 mln. manat və ya 33,4 faiz (əsasən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası və dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri təşkil edir), müdafiə və milli təhlükəsizlik xərclərinə 993,2 mln. manat və ya 20,3 faiz, sosial müdafiə və sosial təminat xərclərinə 817,1 mln. manat və ya 23,6 faiz, təhsil xərclərinə 428,3 mln. manat və ya 11,6 faiz, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üzrə xərclərə 304,6 mln. manat və ya 12,9 faiz, səhiyyə xərclərinə 304,2 mln. manat və ya 21,5 faiz, ətraf mühitin mühafizəsi xərclərinə 77,0 mln. manat və ya 27,3 faiz, mənzil və kommunal təsərrüfatı xərclərinə 65,2 mln. manat və ya 24,4 faiz, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 58,8 mln. manat və ya 14,5 faiz, kənd təsərrüfatı xərclərinə 27,5 mln. manat və ya 3,0 faiz çox vəsait yönəldilmişdir.
2023-cü il üçün dövlət büdcəsi xərclərinin tərkibində funksional təsnifata uyğun olaraq xərclərin xüsusi çəkisi, faizlə
İqtisadi təsnifata uyğun olaraq 2023-cü ildə dövlət büdcəsi xərclərinin 35,8 faizi və ya 13050,7 mln. manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq məhsullarının alınması xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da 2022-ci illə müqayisədə 1473,8 mln. manat və ya 12,7 faiz çoxdur.
Ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu xərclərindən, ehtiyat fondlarından və digər ehtiyat vəsaitlərdən ayrılmış 1278,0 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla, 2023-cü ildə müdafiə və milli təhlükəsizlik xərclərinə dövlət büdcəsi xərclərinin 19,7 faizi həcmində (2022-ci illə müqayisədə 2,2 faiz-bənd çox) və ya 7167,5 milyon manat məbləğində vəsait yönəldilmişdir ki, bu da 2022-ci illə müqayisədə 1544,9 milyon manat və ya 27,5 faiz çoxdur.
“Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanına uyğun olaraq aparılan tədbirlər çərçivəsində hərbi qulluqçuların mənzillə təmin olunması ilə bağlı xərclər üçün 35,0 mln. manat vəsait ayrılmış və həmin vəsait hesabına 473 ədəd tam təmirli mənzil alınmış və hərbi qulluqçuların mülkiyyətinə verilməsi rəsmiləşdirilmişdir.
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2023-cü ilin dövlət büdcəsindən cəm olaraq 5588,0 mln. manat vəsait ayrılmışdır. Bu vəsaitin 4800,0 mln. manatı və ya 85,9 faizi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli xərclərin, 145,4 mln. manatı və ya 2,6 faizi Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondunun, 145,3 mln. manatı və ya 2,6 faizi dövlət büdcəsinin ehtiyat fondunun, 32,5 mln. manatı və ya 0,6 faizi dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) xərclərinin, 464,8 mln. manatı və ya 8,3 faizi dövlət büdcəsindəki digər mənbələr hesabına ayrılmış vəsaitlərin payına düşür.
Əhalinin icbari tibbi sığortalanması üzrə dövlət öhdəliklərinin qarşılanması üçün dövlət büdcəsindən İcbari Tibbi Sığorta Fondunun büdcəsinə 1263,8 mln. manat vəsait yönəldilmişdir ki, bu da 2022-ci illə müqayisədə 141,1 mln. manat və ya 12,6 faiz çoxdur.
Əhalinin gəlir əldə etmək imkanlarının və rifahının yaxşılaşması, yoxsulluq səviyyəsinin azaldılması, aztəminatlı ailələrin, xüsusilə də sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi və digər sosial tədbirlərin maliyyə təminatı üçün 2023-cü il dövlət büdcəsindən 1980,4 mln. manat vəsait ayrılmışdır ki, bu da 2022-ci illə müqayisədə 116,4 mln. manat və ya 6,2 faiz çoxdur.
Pensiya ödənişlərinin maliyyələşdirilməsi ilə əlaqədar dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna 1467,8 mln. manat vəsait ödənilmişdir.
2023-cü ilin dövlət büdcəsindən dövlət sifarişi ilə ali təhsilin və təhsil sahəsində digər tədbirlərin maliyyələşdirilməsinə 396,5 mln. manat vəsait yönəldilmişdir.
Keçmiş məcburi köçkünlərin sosial müdafiəsi xərclərinə 2023-cü ilin dövlət büdcəsindən 353,9 mln. manat vəsait sərf edilmişdir.
2023-cü il dövlət büdcəsindən Azərbaycan Respublikası əhalisinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi ilə bağlı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna 100,0 mln. manat, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün 87,7 mln. manat, sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə hesablanmış faizlərə görə subsidiyanın verilməsi üçün 12,3 mln. manat məbləğində vəsait yönəldilmişdir.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 457,6 mln. manat vəsait sərf edilmişdir.
Qeyri-neft məhsullarının ixracının təşviqi, stimullaşdırılması və bu qəbildən olan digər tədbirlər üçün 2023-cü ilin dövlət büdcəsindən 11,5 mln. manat vəsait sərf edilmişdir.
2023-cü ilin dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 2660,4 mln. manat vəsait yönəldilmişdir.
Bu mənbədən elm, təhsil, səhiyyə, sosial müdafiə, sosial təminat, mədəniyyət, idman, digər sosial-mədəni, müdafiə, hüquq-mühafizə, inzibati, idarəetmə və digər təyinatlı obyektlərin tikintisi və yenidən qurulmasına 659,8 mln. manat, ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya, kənd təsərrüfatı infrastrukturlarının tikintisinə və yenidən qurulmasına 1960,8 mln. manat, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə 39,8 milyon manat vəsait sərf edilmişdir.
Əvvəlcədən büdcədə nəzərdə tutulmayan bir sıra zəruri tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 300,0 mln. manat vəsait istifadə olunmuşdur. Bu vəsaitin 59,2 mln. manatı sosial müdafiə, sosial təminat, mədəniyyət, idman, informasiya və bu kimi digər sosial tədbirlərə, 237,4 mln. manatı ölkənin əsas avtomobil yollarının yenidən qurulmasına, abadlıq və tikinti işlərinin həyata keçirilməsinə, 3,4 mln. manatı isə digər tədbirlər üzrə xərclərə yönəldilmişdir.
2023-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş (119,5 mln. manat) və büdcənin icrası prosesində ölkənin sosial-iqtisadi həyatı üçün vacib olan bir sıra layihələrin və tədbirlərin həyata keçirilməsi məqsədi ilə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.6-cı maddəsinə müvafiq olaraq dövlət büdcəsində qənaət olunmuş vəsaitdən dövlət büdcəsinin ehtiyat fonduna yönəldilmiş vəsait (1531,9 mln. manat) də nəzərə alınmaqla, dövlət büdcəsinin Ehtiyat Fondundan cəmi 1640,6 mln. manat vəsait istifadə olunmuşdur.
Bu vəsaitin 145,3 mln. manatı işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələrinin, 935,7 mln. manatı müdafiə sənayesi kompleksində əsaslı tikinti-təmir işlərinin aparılması, onun maddi-texniki təchizatının möhkəmləndirilməsi və xüsusi müdafiə təyinatlı layihələrin, 21,1 mln. manatı bir sıra səhiyyə, sosial müdafiə, sosial təminat, idman, mədəniyyət və s. bu kimi sosial tədbirlərin, 286,5 mln. manatı su, kanalizasiya, abadlıq, bərpa, tikinti-quraşdırma və s. təyinatlı infrastruktur layihələrinin, 252,0 mln. manatı isə digər tədbirlər üzrə xərclərin maliyyələşdirilməsinə yönəldilmişdir.
2023-cü ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər üzrə icra 1182,5 milyon manat proqnoza qarşı 1031,9 milyon manat və ya 150,6 mln. manat az (12,7 faiz) olmuşdur. Sözügedən vəsaitin 772,3 milyon manatını xarici dövlət borcu üzrə xərclər (254,8 milyon manat əsas borc və 517,5 milyon manat faiz borcu), 259,6 milyon manatını isə daxili dövlət borcu üzrə faiz borcu təşkil etmişdir.
2023-cü ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər üzrə 150,6 milyon manat məbləğində qənaət olunmuş vəsait (o cümlədən xarici dövlət borcu üzrə 145,2 milyon manat, daxili dövlət borcu üzrə isə 5,4 milyon manat) “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununun 13.2.4-cü yarımmaddəsinə uyğun olaraq “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”na köçürülmüşdür.
2023-cü il 31 dekabr tarixinə xarici dövlət borcu 6480,7 mln. ABŞ dolları (11017,2 mln. manat) ekvivalentində və ya Ümumi Daxili Məhsulun (ÜDM) 9,0 faizini təşkil etmişdir. 2023-cü il 1 yanvar tarixinə olan göstəricisi ilə müqayisədə xarici dövlət borcunun məbləği mütləq ifadədə 212,5 mln. ABŞ dolları (361,2 mln. manat) və ya 3,2 faiz azalmışdır.
Azərbaycan Respublikası ilə beynəlxalq maliyyə təşkilatları arasında imzalanmış kredit sazişləri çərçivəsində 2023-cü il ərzində 148,0 mln. ABŞ dolları (251,6 mln. manat) məbləğində kredit vəsaitindən istifadə edilmişdir.
Operativ məlumatlara əsasən 2023-cü il 31 dekabr tarixinə daxili dövlət borcu 15866,4 mln. manat təşkil etmişdir. Daxili dövlət borcunun məbləği 2023-cü ilin əvvəli ilə müqayisədə 11678,2 mln. manat həcmində artmışdır. Artımın əsas səbəbi 9351,0 mln. manat məbləğində dövlət zəmanətli öhdəliklərinin dövlət borcuna aid edilməsi, bununla yanaşı dövlət borcunun idarə edilməsi strategiyasına uyğun olaraq ölkədəki qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, habelə xarici dövlət borcunun ümumi dövlət borcundakı xüsusi çəkisinin mərhələli şəkildə azaldılması və daxili borcla əvəzləşdirilməsi məqsədilə dövlət istiqrazlarının yerləşdirilməsi olmuşdur. Daxili dövlət borcunun ÜDM-ə nisbəti 2023-cü ilin 01 yanvar tarixinə olan göstəricisi ilə müqayisədə 9,8 faiz-bəndi artaraq 3,1 faizdən 12,9 faizə çatmışdır.
Dövlət borcunun tərkibində xarici dövlət borcunun xüsusi çəkisi son 5 ildə 29,8 faiz-bənd azalaraq 92,6 faizdən 62,8 faizə enmiş, daxili dövlət borcunun xüsusi çəkisi isə müvafiq olaraq (dövlət borcuna yenicə aid edilmiş dövlət zəmanətli öhdəliklər istisna olmaqla) 7,4 faizdən 37,2 faizədək artmışdır.
Beynəlxalq münasibətlər, xarici yardımlar, Azərbaycan Respublikasının xaricdəki diplomatik və ticarət nümayəndəliklərinin saxlanılması ilə bağlı xərclərə 553,3 mln. manat vəsait istifadəsolunmuşdur.
Həmin vəsait hesabına xarici ölkələrdə fəaliyyət göstərən ölkəmizin diplomatik nümayəndəlik və konsulluqlarının saxlanılması və digər xərclər üçün 171,9 mln. manat, xaricdəki ticarət nümayəndəliklərinin saxlanılması üçün 3,7 mln. manat vəsait yönəldilmişdir.
2023-cü ilin dövlət büdcəsindən beynəlxalq və regional təşkilatlara üzvlük haqqı xərcləri üçün 16,6 mln. manat, beynəlxalq, ölkə səviyyəli tədbirlər üçün 208,0 mln. manat, beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlər üçün 39,8 mln. manat vəsait istifadə olunmuş, xarici yardımlar üzrə xərclər 113,3 mln. manat təşkil etmişdir.
Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 152,2 mln. manat proqnoza qarşı icra 185,7 mln. manat və ya 33,5 mln. manat və ya 22,0 faiz çox olmuş, xərcləri 504,3 mln. manat təşkil etmişdir ki, bu da 2022-ci illə müqayisədə 103,3 mln. manat və ya 17,0 faiz azdır. Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi üçün 2023-cü il dövlət büdcəsindən 315,0 mln. manat dotasiya ayrılmışdır.
2023-cü ildə dövlət büdcəsinin yerli gəlirləri 764,7 mln. manat proqnoza qarşı 831,1 mln. manat məbləğində və ya 8,7 faiz çox, yerli xərcləri isə 777,0 mln. manat proqnoza qarşı 738,6 mln. manat və ya 95,1 faiz icra olmuşdur.
2023-cü ildə 8 rayonun (Cəbrayıl, Xocalı, Xocavənd, Kəlbəcər, Laçın, Lerik, Yardımlı, Zəngilan) gəlir və xərclərini tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən 7,2 mln. manat maliyyə yardımı (dotasiya) ayrılmışdır.
2023-cü ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin xərcləri 13244,0 mln. manat icra olunmuşdur.
Dövlət büdcəsinin kəsiri
2023-cü il dövlət büdcəsi kəsirinin yuxarı həddi 2734,3 milyon manat məbləğində təsdiq olunsa da faktiki kəsir 883,7 mln. manat təşkil etmişdir. Dövlət büdcəsinin kəsiri 2023-cü ilin faktiki ÜDM-in 0,7 faizini təşkil etməklə, proqnozlaşdırılmış həddən 1,8 faiz-bənd azdır. (proqnoza nisbətən 1850,6 mln. manat və ya 67,7 faiz az).
Kəsirin proqnoza qarşı əhəmiyyətli dərəcədə daralması ilk növbədə fiskal orqanlar tərəfindən dövlət büdcəsinə daxilolmaların artıqlaması ilə təmin edilməsi və dövlət büdcəsinin xərclərinin 166,3 mln. manatlıq hissəsinin (0,5 faiz) icra edilməməsi hesabına olmuşdur.
2023-cü il dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi həmin il üçün qəbul olunmuş borclanma proqramına uyğun olaraq cəlb edilmiş vəsait (1605,2 mln. manat) və dövlət əmlakının özəlləşdirilməsindən (116,0 mln. manat) daxilolmalar hesabına həyata keçirilmişdir.
İcmal büdcə
Operativ məlumata əsasən 2023-cü il icmal büdcəsinin gəlirləri 50343,6 mln. manat təşkil etmişdir ki, bu da proqnoza nisbətən 7283,5 mln. manat və ya 16,9 faiz, 2022-ci illə müqayisədə isə 7246,0 mln. manat və ya 16,8 faiz çoxdur.
İcmal büdcənin xərcləri 41269,8 mln. manat proqnoza qarşı 956,0 mln. manat (2,3 faiz) az və ya 40313,8 mln. manat təşkil etmişdir ki, bu da 2022-ci illə müqayisədə 5240,2 mln. manat və ya 14,9 faiz çoxdur.
İcmal büdcədə 10029,8 mln. manat büdcə artıqlığı (profisit) yaranmışdır ki, bu da proqnoza nisbətən 5,6 dəfə çoxdur.