Ötən il Maliyyə Monitorinqi Xidmətinə (MMX) monitorinq subyektləri tərəfindən ümumilikdə 56 297 hesabat təqdim olunub.
FED.az bu barədə MMX-ya istinadən xəbər verir.
Məlumata görə, bu, 2021-ci illə müqayisədə 6 % çoxdur.
MMX-nın elektron informasiya bazasına daxil olmuş müvafiq məlumatlardan 29 493-ü (52 %) cari əməliyyatlar, 24 472-si (44 %) yüksək riskli əməliyyatlar, 1 078-i (2 %) şübhəli əməliyyatlar və 1 254-ü isə (2 %) digər növ hesabatlar olub. Bu da, 2021-ci illə müqayisədə müvafiq olaraq 5,9 %, 5,1 %, 2,2 dəfə çox və 13,5 % azdır.
Həmçinin 2022-ci ildə MMX şübhəli əməliyyatların təhlili ilə bağlı 5 516 daxili və 25 xarici sorğu verib. Hesabat dövründə monitorinq subyektlərinə 5 490, hüquq-mühafizə orqanlarına 21, ölkədaxili digər qurumlara 5 sorğu göndərilib.
Xarici MMO-lara verilmiş sorğuların 95 %-i cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, 5 %-i isə terrorçuluğun maliyyələşdirilməsi şübhəsi ilə əlaqəli olub.
Xatırladaq ki, MMX ölkə Prezidentinin 25 may 2018-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 18 iyul 2018-ci il tarixli fərmanı ilə isə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 10 min manatdır. Xidmətin əsas məqsədi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin, əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyənləşdirilmiş tələblərə riayət olunmasına nəzarət etmək, bu sahədə vahid tənzimləməni həyata keçirmək, monitorinq iştirakçılarının, nəzarət və digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, şəffaflığı və səmərəliliyi təmin etməkdir. (Report)