Lizinqin ayrı-ayrı post-sovet ölkələrinin normativ-hüquqi aktlarında olan tərifləri də maraq doğurur ki, bunların da müqayisəli təhlili bu və ya digər definisiyaların üstünlüklərindən istifadə etməyə və nəzərdən keçirilən anlayışın məzmununu optimallaşdırmağa imkan verir.
“Lizinq” termini ingilis dilində olan “to lease” feilindən yaranmış və “arendaya götürmək”, “əmlakı arendaya (kirəyə) götürmək və vermək” deməkdir. Baxmayaraq ki, iqtisadi-hüquq münasibətləri, lizinqlə analoji əməliyyatlar və sövdələşmələr hələ qədim dövrlərdən (təxminən b.e.ə. 1760-cı ildən) məlum olmuşdur, sözün özünün işgüzar üslubda istifadəsinə XIX əsrin sonundan başlanmışdır. Lakin lizinq ideyasının yeni olmadığına, Qərb lizinq biznesində isə kifayət qədər böyük təcrübə toplandığına baxmayaraq, hazırda onun iqtisadi mahiyyətinə dair dəqiq birmənalı rəy tam olaraq hələ formalaşmamışdır. Bu vəziyyətə əhəmiyyətli surətdə definisiyalardakı qarma-qarışıqlıq təsir göstərmişdir, çünki lizinqin mahiyyəti və təbiəti nəzəriyyədə və praktikada fərqli şərh edilir.
Iqtisadi ədəbiyyatda lizinqin heç bir ümumi qəbul olunmuş tərifi yoxdur. Bu, obyektiv səbəblərlə izah olunur: əslində, onun təzahürünün bütün formalarını nəzərə almaq və onları yığcam, hərtərəfli formalaşmada təşkil etmək çətindir. Buna görə də, onlar tez-tez məhdud və lizinq sövdələşməsinin yalnız bir fərdinin hər hansı mövqeyini əks etdirir. Belə bir birtərəfli fikir lizinqin mahiyyətini adekvat ifadə edə bilməz.
Qeyd etmək lazımdır ki, lizinq anlayışının çox sadə şərtləri ilə bağlı tərəfimizdən aparılmış təhlili belə nəticəyə gətirib çıxarır ki, “lizinq” anlayışının mahiyyəti lizinq sövdələşməsi subyektləri arasında yaranan iqtisadi münasibətlərdə özünü göstərir.
Geniş mənada, “lizinq” anlayışı dedikdə, əmlakın mülkiyyətə alınması və onun sonradan icarəyə verilməsi ilə bağlı bütün kompleks əmlak və maliyyə münasibətləri başa düşülür. Ümumiyyətlə, lizinqin belə bir tərifi onun mahiyyətinin açıqlanması üçün əsas hesab edilə bilər.
İlk növbədə ona diqqət yetirmək lazımdır ki, iqtisadi cəhətdən lizinq müəyyən məqsədlərə nail olmağa yönəlmiş məntiqcə ardıcıl tədbirlər məcmusu olan bir əməliyyatdır. Lizinq verən lizinq alanın təsərrüfat fəaliyyətinin maliyyələşdirilməsini həyata keçirərək, sonuncu üçün lazım olan maddi aktivləri əldə edir. Onların sonradan icarəyə verilməsi, eləcə də lizinq əməliyyatının uzunmüddətli kreditləşdirilmə forması lizinq və investisiyanın zahirən oxşarlığını göstərir. Belə ki, lizinqi investisiya əməliyyatı kimi təsnifləşdirmək olar.
Bu halda, lizinq verən lizinqə götürülən əmlak üzərində mülkiyyət hüququnu saxlayaraq, istifadə üçün icarəçiyə verir və ondan müəyyən edilmiş lizinq ödənişləri alır. Əmlakın lizinqə verilməsi burada həlledicidir, əmlakın istifadəyə ötürülməsinə qədər olan, ayrı-ayrı hallarda isə kompleks lizinq münasibətlərinə son qoyan alqı-satqı münasibətləri isə yardımçı rol oynayır. Lizinq alan əmlakın satıcısı ilə müqavilə ilə tənzimlənən münasibətləri faktik olaraq olmadan, əvvəlcə onunla bilavasitə münasibətlərə girir.
Lizinq müqaviləsinin müddəti başa çatdıqda da alqı-satqı münasibətləri mütləq deyil. Eyni zamanda öz məzmununa görə lizinq kredit münasibətlərinə uyğundur. Onun üçün kredit sövdələşməsinin əsas xüsusiyyətləri olan müddətlilik, qaytarılma və ödənişlilik səciyyəvidir. Əsas kapitalın elementlərini müəyyən dövr üçün təqdim edərək, lizinq verən təyin edilmiş vaxtda onları geri alır və onun xidməti komissiya şəklində mükafatlandırılır. Kredit münasibətləri obyekti olaraq əsas kapitalın elementləri (əmlak), subyekt olaraq isə lizinq verən (kreditor qismində) və lizinq alan (borcalan qismində) çıxış edir.
İqtisadi kateqoriya kimi lizinqin xüsusiyyətləri özünü, ilk öncə əmlak münasibətlərində göstərir. O, əmlakdan istifadə hüququnun onlara olan mülkiyyət hüququndan ayrılmasından ibarətdir: əgər ikincisi lizinq verəndə saxlanırsa, birincisi lizinq alana keçir ki, buna görə də o, müəyyənləşdirilmiş muzd (lizinq ödəmələri) ödəyir. Başqa sözlə, mülkiyyət hüququnun parçalanması baş verir. Yuxarıdakı nəzəri fərziyyələrdən çıxış edərək, lizinqin tərifi aşağıdakılar olacaq: lizinq maddi aktivin alınması və sonrakı icarəyə verilməsinə görə investisiya əməliyyatının kreditləşməsi prosesində yaranan kompleks mülkiyyət və maliyyə münasibətləridir.
Lizinq sövdələşmələri subyektlərinə gəldikdə, klassik variantda burada üç tərəfin: lizinq verənin (əmlak sahibi), lizinq alanın (əmlakın istifadəçisi) və əmlakın satıcısının (təchizatçı-istehsalçının) iştirak etməsi nəzərdə tutulur. Lizinqin bu sxemi kifayət qədər sadədir. İstehlakçı (gələcəkdə lizinq alan) zəruri əmlakı əldə etmək üçün sifarişlə lizinq şirkətinə (lizinq verənə) müraciət edir ki, bu şirkət də əmlakı satıcıdan alaraq, istehlakçıya istifadəyə ötürür və bu zaman əmlakın hüquqi mülkiyyətçisi olaraq qalır. Lizinq müqaviləsində göstərilən dövr ərzində istehlakçı bu əmlakı istismar edir və nəticədə əldə olunan gəlirdən lizinq şirkətinə tədricən onun dəyərini və lizinq faizini ödəyir. Hesablaşmalar başa çatdıqdan sonra avadanlıq lizinq şirkətinə qaytarılır və ya lizinq alanın tam mülkiyyətinə keçir.
Azərbaycanda lizinq sektorunun inkişafına mane olan əsas səbəblər bunları göstərə bilərik:
- bu biznes növünün hüquqi və tənzimləyici bazasının kifayət qədər işlənməməsi, müxtəlif hüquq uyğunsuzluqlarının olması ilə əlaqədar lizinq əməliyyatlarının iqtisadi cəhətdən sərfəli olmaması;
- bankların maliyyəzəifliyi və lizinq şirkətlərinin yaradılması üçün lazımi təşviqlərin olmaması;
- kredit resurslarının yüksək dəyəri və ayrılma müddətinin qısa olması;
- lizinq xidmətlərinin təsərrüfat subyektləri arasında zəif təşviq edilməsi və s.
Qeyd: Məqalə ixtisarla verilmişdir.
Zakir ZEYNALOV
Dos., "Maliyyə və maliyyə institutları" kafedrası, UNEC
“Современные подходы к трактовке понятия (лизиг) и развитие лизинга в Азербайджане” məqaləsindən
«Інвестиції: практика та досвід» jurnalı 2014, N9-10, Kiev
Dos., "Maliyyə və maliyyə institutları" kafedrası, UNEC
“Современные подходы к трактовке понятия (лизиг) и развитие лизинга в Азербайджане” məqaləsindən
«Інвестиції: практика та досвід» jurnalı 2014, N9-10, Kiev