Maliyyə Bazarlarına Nəzarət Palatası “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”nı təsdiqləyib. Yeni qayda “Valyuta tənzimi haqqında” qanuna uyğun olaraq valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması, valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi üçün təşkilati, texniki təchizat və təhlükəsizlik tələblərini tənzimləyir.
Xatırladaq ki, “exchange”lərin fəaliyyəti 2016-cı ildən dayandırılaraq, valyutanın alqı-satqısı əməliyyatları banklara həvalə edilib. Faktiki olaraq banklar son bir ildir ki, valyuta dəyişmə məntəq“”əsi rolunu oynayırlar. Valyuta mübadiləsi məntəqələrinin bazara qayıtması ilə bankların bu istiqamətdəki fəaliyyətlərinin yumşalıb-yumşalmayacağı sual doğurur. Söhbət bankların dolların alışını aşağı məzənnə, satışını isə yüksək məzənnə ilə həyata keçirməsindən gedir.
Valyuta mübadiləsi məntəqələri harada olacaq?
Qaydalara görə, valyuta mübadiləsi məntəqəsi köşk formasında, ayrıca binada və ya binanın küçəyə çıxışı olan hissəsində təşkil edilməlidir. Bundan başqa, binanın daxilinə çıxışı olan valyuta mübadiləsi məntəqələri yalnız mehmanxanalarda, vağzallarda, limanlarda açılır.
Həmçinin, valyuta mübadiləsi məntəqəsi nəzərdə tutulan əməliyyatların aparılması üçün ən azı 6 (altı) kvadrat metr sahəyə malik olmalıdır. Valyuta mübadiləsi məntəqəsinin konstruksiyası xəzinədarın təhlükəsizliyini və qiymətlilərin mühafizəsini təmin etməlidir. Valyuta mübadiləsi məntəqəsinin ön divarından vizual müşahidə təmin olmalı, müşahidə pəncərəsi antivandal şüşə ilə əhatə edilməlidir.
Məntəqə hesablama, pulsayan, pulların həqiqiliyini yoxlayan avadanlıqlarla və odadavamlı seyflə təmin edilməlidir.
Müştəriyə nə qədər pul satılacaq?
Valyuta mübadiləsi məntəqəsində nağd xarici valyutanın bir müştəriyə 500 (beş yüz) ABŞ dollarına ekvivalent məbləğdən artıq satılması, habelə bir müştəridən 10000 (on min) ABŞ dolları ekvivalent məbləğdən artıq alınması şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılacaq. Əməliyyat günü ərzində xarici valyuta və ya milli valyuta vəsaitləri qurtardığı hallar istisna olmaqla, valyuta mübadiləsi məntəqəsində yalnız alış və ya yalnız satış əməliyyatlarının aparılmasına yol verilmir.
“Sənədli-sübutlu” əməliyyat
Valyuta mübadiləsi məntəqəsində hər bir əməliyyat onun həyata keçirildiyi anda bu qaydada müəyyən edilən formada uçota alınacaq. Uçota alınmış məlumatlar ən azı üç il müddətinə valyuta mübadiləsi məntəqəsinin müvafiq proqram təminatında saxlanılmalıdır. Valyuta mübadiləsi əməliyyatları aparıldıqda müştəriyə həmin əməliyyatlar üzrə ciddi hesabat blankı hesab olunan valyuta mübadiləsi qəbzi verilir.
Qara bazar yox olacaqmı?
Qaydaları şərh edən iqtdisadçı-ekspert Natiq Cəfərli deyir ki, valyuta mübadiləsi məntəqələrinin bağlanmasından sonra qara bazar çiçəkləndi:
“Banklar iş rejimlərini tənzimləyə bilmirdilər. İş saatının başa çatmasından sonra, şənbə və bazar, bayram günləri banklar bağlı olurdu. Nəticədə tələbat ödənilmirdi. Valyuta mübadilə məntəqələrinin bazara qayıtması banklarla rəqabətli mühitə gətirib çıxaracaq. Ən müsbət cəhət odur ki, alışla satış arasında fərq azalacaq. Bir sıra bank şöbələrində valyutanın alış-satış qiyməti arasında fərq böyük idi”.
Ekspertin sözlərinə görə, valyutadəyişmə məntəqələrinin açılması valyutanın alış və satışındakı fərqin azalmasına gətirib çıxaracaq:
“Bu, turistlərin də işini asanlaşdıracaq”.
Kütləvi olmayacaq
İqtisadçı məntəqələrin sayının çox olacağını düşünmür. Bunun səbəbini də şərtlərin ağır olması ilə izah edir:
“Valyutadəyişmə məntəqələri əsasən, turistlərin çox olduğu yerlərdə, yəni şəhərin mərkəzində açılacaq. Yaxın günlərdə prosesi müşahidə edəcəyik.
Valyutadəyişmə məntəqələri bağlanmazdan əvvəl ölkə ərazisində təxminən 4000 nəfər vətəndaş bu sahədə işlə təmin edilmişdi. İnanmıram, həmin səviyyə yenidən təkrarlansın. Ən yaxşı halda şəhərin mərkəzində bir neçə məntəqə açılacaq. Novruz bayramına qədər proses yekunlaşacaq”.
Valyutdəyişmə məntəqəsi açmağın xərci
N.Cəfərli deyir ki, valyutadəyişmə məntəqəsi açmaq sahibkara elə də ucuz qiymətə başa gəlməyəcək:
“Lisenziyanın alınması, avadanlıqlarla təhcizat bahalı prosesdir”.
Məlum oldu ki, məntəqənin açılması üçün lisenziyanın dəyəri 500 manatdır:
“50 min manat depozitə pul qoyulmalıdır. Bu vəsait kapital kimi qalacaq. Digər tərəfdən, məntəqənin ərazisi minimum altı kvadratmetr olmalıdır. Valyuta mübadiləsi məntəqəsi hesablama, pulsayan, pulların həqiqiliyini yoxlayan avadanlıqlarla və odadavamlı seyflə təmin edilməlidir. Aparılan hər bir əməliyyatın qeydə alınması üçün texnoloji vasitələr (kompüter, printer) və müvafiq proqram təminatı, videomüşahidənin aparılması üçün texnoloji vasitələr ilə təmin olunmalıdır. Bunların hamısı kifayət qədər xərc tələb edir. Ən kobud hesablamalarla bir valyutadəyişmə məntəqəsi üçün, 50 min manat depozit də olmaqla, 90 min manat sərmayə lazımdır. Hər iş adamı bu yükün altına əlini qoymaz”.