İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı baş verən dəyişikliklərdən biri də krediti qaytara bilməyən vətəndaşlara fasilə verilməsi olacaq. Bu barədə FED.az-a Fonddan bildirilib.
Fonddan bildirilib ki, dövlət başçısının 1 və 2 may 2018-ci il tarixli fərmanları ilə təsdiqlənən sənədlər inkişaf etmiş ölkələrdə geniş şəkildə tətbiq olunan və uğurla sınaqdan keçmiş beynəlxalq təcrübə, əhalinin tələbi və yerli xüsusiyyətlər nəzərə alınmaqla hazırlanıb. Bu yeniliklər ipoteka kreditləşməsini və ölkədə kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə biznes kreditlərinə təminatların verilməsi sahəsini əhatə edir.
Fonddan bildirilib ki, ipoteka kreditləşməsində əsas yeniliklər şəxsi yığımları az olan, aşağı gəlirli, eləcə də gəlirləri tam rəsmi təsdiqini tapmayan əhalinin ipoteka kreditlərinə çıxışının genişləndirilməsinə, əhalinin ipoteka kreditləri hesabına daha müasir tələblərə uyğun və yeni yaşayış sahələri ilə təmin edilməsinə, ödəmə qabiliyyəti müvəqqəti pisləşmiş borcalanların hüquqlarının müdafiəsinin təmin edilməsinə yönəldilib.
İpoteka kreditləşməsi sistemində əsas yeniliklər aşağıdakılardır:
- ilkin ödəniş məbləği az olan borcalanlar üçün ipoteka kreditləri üzrə zəmanət mexanizminin yaradılması, müştərinin krediti qaytarmayacağı təqdirdə mənzilin satışından əldə olunan vəsait ilə kredit borcu arasında yarana biləcək fərqin fond tərəfindən qarşılanmasına zəmanət verilməsi dir Bu yenilik daha az ilkin ödənişi olanların da ipoteka krediti almasına imkan verəcək;
- mənzil-tikinti sektorunun stimullaşdırılması, əhalinin mənzillə təmin edilməsi üçün aşağı gəlirli, gəlirləri tam rəsmi təsdiqini tapmayan və ya gəlirlərinin rəsmiləşdirilməsi mümkün olmayan (kənd təsərrüfatı və s.) borcalanlar üçün də yeni ipoteka mexanizmlərinin tətbiqi;
- yaşayış sahələrinin tikinti ili, layihəsi, istismar vəziyyəti və yerləşmə yerinə dair tələblərin müəyyən edilməsi;
- restrukturizasiya mexanizminin yaradılması - mexanizm çərçivəsində iqtisadi və (və ya) hüquqi şəraitin dəyişməsi, habelə borcalanın maliyyə çətinliyinin yarandığı hallarda borc öhdəliyinin icrasını təmin etmək məqsədilə kreditin müddətinin uzadılması, kredit üzrə faiz dərəcəsinin azaldılması, ödənişlərə 1 ildən çox olmayan müddətə fasilə verilməsi, hesablanmış faizlərin kapitallaşdırılması kimi borcalana güzəştlərin tətbiqi nəzərdə tutulur.