Londonun Costcutter supermarketlər şəbəkəsinə aid bir marketdə yeni biometrik ödəniş sistemi sınaqdan keçirilir. Burada kredit kartları əvəzinə əl barmaqlarından istifadə olunur.
FED.az BBC-yə istinadən xəbər verir ki, Fingopay adlanan yeni sistem ödəniş üçün barmaq izindən deyil, barmaqdakı damarların təsvirindən istifadə edir. Elektron skaner damarların unikal təsvirini çəkərək fərdi parol təqdim edir.
Barmaqla ödəniş etmək üçün sistemdə qeydiyyatdan keçmək, damarların təsvirini konkret bir kredit kartı ilə əlaqələndirmək lazımdır. Yalnız bundan sonra alıcı cibində nəğd pul və ya kredit kartı olmadan belə rahatlıqla alış-veriş edə bilər.
Hələlik Fingopay texnologiyası yalnız Londonun Brunel Universitetinin kampusunda yerləşən Costcutter marketində tətbiq olunub. Əgər sınaqlar uğurla başa çatarsa, tezliklə supermarketlər şəbəkəsinin digər mağazalarında da istifadə olunacaq.
Fingopay texnologiyası məşhur Hitachi şirkəti tərəfindən hazırlanıb. Pərakəndə satış sahəsində bu texnologiyanın tətbiqi üzrə lisenziyanı isə Sthaler şirkəti əldə edib. Sthaler-in rəhbəri Nik Draydenin fikrincə, yeni ödəniş üsulu xüsusilə gənclərin xoşuna gələcək. “Müasir gənclər hər işini sadə, rahat, təhlükəsiz və sürətli olmasını istəyirlər”, - deyə o, bildirib.
2014-cü ildə Barclays bankı Hitachi şirkətinin hazırladığı analoji texnologiyanı tətbiq etmişdi. O zaman barmaq skaneri yalnız korporativ müştərilər üçün istifadə olunurdu. Fingopay sisteminə gəlincə, cari ilin əvvəllərində London pablarının birində keçirilən sınaqlar zamanı yeni texnologiyadan istifadə etmək üçün 2000 nəfər qeydiyyatdan keçmişdi.
Sthaler nümayəndələri hesab edirlər ki, Fingopay indiyədək mövcud olan ən təhlükəsiz biometrik ödəniş sistemidir. Bugünədək onun istifadəçiyə zərəri və ya məlumatların sızması barədə faktlar qeydə alınmayıb.
Təhlükəsizlik məsələləri üzrə məsləhətçi-ekspert Qrem Kluli biometrik ödəniş sistemlərinə heç də müsbət yanaşmır. Onun sözlərinə görə, ənənəvi ödəniş vasitələri təhlükəsizlik baxımından daha effektlidir. “Əgər hər hansı bir şəxsə məxsus biometrik məlumatlar oğurlanarsa, onları yeniləmək, dəyişmək mümkün deyil. Axı barmaq izini və ya damar təsvirini necə dəyişmək olar? Belə olan halda, yeni identifikasiya üsullarını tətbiq edən şirkətlərin seçimi qəribə görünür ”, - deyə Q.Kluli bildirib.
Sarrey Universitetinin professoru Alan Vudvord isə hesab edir ki, Fingopay özündən əvvəlki biometrik ödəniş sistemlərinə nisbətən daha təhlükəsizdir. “Barmaq izi ilə çalışan sistemləri asanlıqla aldatmaq mümkündür. Lakin yeni texnologiya damarlarda qanın axmasını da nəzərə alır. Bu isə o deməkdir ki, onun istifadəçisi real, canlı insandır. Belə bir sistemi aldatmaq daha çətindir”, - deyə professor əlavə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Kredit kartlarını əl barmaqları əvəz edəcək
10:46
22 Sen 2017