Qurumun rəhbərliyi ilə bağlı maraqlı tələblərdən biri odur ki, məcburi ləğv edilmiş və ya müflis olmuş şirkətin rəhbərliyində olmuş şəxslər 2 il ərzində büronun rəhbərliyində təmsil oluna bilməzlər. Eyni məsələ həbsdə olmuş şəxslərə də aiddir.
Qaydalara görə, Palata büronun fəaliyyətini azı 3 ildə bir dəfə yoxlamalıdır. Bundan başqa, bəzi hallarda büronun fəaliyyəti daha tex yoxlana bilər. Bunlar aşağıdıkılardır:
Kredit bürosunda problemlərin mövcud olması ehtimalı yaradan aşağıdakı erkən xəbərdarlıq indikatorları müşahidə edildikdə, kredit bürosunda tematik yoxlama həyata keçirilə bilər:
- kredit bürosunun icra orqanının tərkibində ardıcıl 12 (on iki) ay ərzində 2 (iki) dəfədən çox dəyişikliklər baş verdikdə;
- ardıcıl iki hesabat tarixinə Palataya təqdim olunan hesabatlarda çatışmazlıqlar aşkar edildikdə;
- hesabat dövrü ərzində kredit tarixçəsinin subyektlərinin şikayətlərinin sayında artım 5 (beş) faizdən artıq olduqda;
- mühüm iştirak payı olan təsisçi (iştirakçı) təsisçilikdən (iştirakdan) çıxdıqda;
- hesabat dövrü ərzində məlumat təchizatçılarının və ya məlumat istifadəçilərinin, habelə sorğuların sayında azalma 5 (beş) faizdən artıq olduqda.
Qaydası
1. Ümumi müddəalar
Bu Qayda “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 5.2-ci, 5.7-ci, 7.2-ci, 7.3-cü, 16.2-ci və 23.4-cü maddələrinə uyğun olaraq hazırlanmış və kredit bürosunun fəaliyyəti üçün minimum nizamnamə kapitalına və icra orqanının rəhbərinin (üzvlərinin) peşə yararlığına dair tələbləri, fəaliyyətinin yoxlanılması və ona qarşı təsir tədbirlərinin həyata keçirilməsi qaydasını, hesabatının forma və təqdim edilmə qaydasını, kredit bürosu tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (bundan sonra – Palata) ödənilən haqların məbləğini və ödənilmə qaydasını, habelə kredit tarixçəsi subyektinin kredit tarixçəsində eyniləşdirilməsi üçün tələb olunan məlumatın həcmini müəyyən edir.
2. Anlayışlar
2.1. Bu Qaydanın məqsədləri üçün istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. vətəndaş qüsursuzluğu – qəsdən törədilmiş cinayətə görə məhkumluğun olmaması, keçmişdə mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və xüsusilə ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi faktının olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olması ilə bağlı üzərində məhkəmə qərarı ilə qoyulmuş qadağanın olmaması, məhkəmə qaydasında müflis elan edilməsi faktının olmaması;
2.1.2. aktiv borcalan – sorğu tarixinə kredit bürosunda icrası başa çatmamış borc öhdəliyi, o cümlədən kredit xətti barədə məlumatı olan kredit tarixçəsi subyekti.
2.2. Bu Qaydada istifadə edilən “kredit bürosu”, “kredit tarixçəsi”, “məlumat təchizatçısı”, “kredit tarixçəsinin subyekti”, “pozitiv məlumat” və “neqativ məlumat” anlayışları Qanunda müəyyən edilmiş mənaları ifadə edir.
3. Nizamnamə kapitalı
Kredit bürosunun nizamnamə kapitalı 2 (iki) milyon manat məbləğindən az olmamalıdır.
4. Kredit bürosunun icra orqanının rəhbəri (üzvləri) üçün peşə yararlığı tələbləri
4.1. Aşağıdakı şəxslər kredit bürosunun icra orqanının rəhbəri (üzvləri) ola bilməz:
4.1.1. məcburi ləğv edilmiş və ya müflis elan olunmuş hüquqi şəxsdə ləğvetmə və ya iflas haqqında qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən az olmayan müddətdə həmin hüquqi şəxsin idarəetmə orqanlarının üzvü və ya baş mühasibi işləmiş şəxslər. Bu tələb həmin hüquqi şəxsin məcburi ləğvi və ya iflası haqqında qərarın qəbul edildiyi tarixdən etibarən 2 (iki) il müddətində tətbiq edilir;
4.1.2. əmək funksiyalarını kobud şəkildə pozduğuna görə hər hansı hüquqi şəxsin idarəetmə orqanında tutduğu vəzifədən qanunla müəyyən olunmuş qaydada azad edilmiş şəxslər;
4.1.3. Palatanın nəzarət subyekti olan kredit təşkilatlarının rəhbər şəxsləri.
4.2. Kredit bürosunun icra orqanının rəhbəri (üzvləri) aşağıdakı tələblərə cavab verməlidir:
4.2.1. ali təhsilin və ən azı 3 (üç) illik idarəetmə təcrübəsinin olması;
4.2.2. vətəndaş qüsursuzluğu tələblərinə uyğun gəlməsi.
4.3. Kredit bürosunun icra orqanının səlahiyyətləri hüquqi şəxsə (kənar idarəçiyə) verildikdə həmin hüquqi şəxsin icra orqanının rəhbəri bu Qaydanın 4.1-ci və 4.2-ci bəndlərinin tələblərinə cavab verməlidir.
5. Kredit tarixçəsi subyektinin kredit tarixçəsində eyniləşdirilməsi üçün tələb olunan məlumatın həcmi
5.1. Məlumat təchizatçıları tərəfindən kredit tarixçəsi subyektinin eyniləşdirilməsi üçün kredit bürolarına ən azı aşağıdakı məlumatlar təqdim edilir:
5.1.1. Fiziki şəxs üzrə:
5.1.1.1. adı, soyadı, ata adı;
5.1.1.2. doğulduğu yer və tarix;
5.1.1.3. şəxsiyyətini təsdiq edən sənədin seriya və nömrəsi;
5.1.1.4. fərdi identifikasiya nömrəsi (FİN) (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün əgər varsa);
5.1.1.5. fərdi sahibkar olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN).
5.1.2. Hüquqi şəxs üzrə:
5.1.2.1. adı;
5.1.2.2. VÖEN-i.
5.2. Məlumatlar elektron formada kredit bürosunun avtomatlaşdırılmış sisteminin tələblərinə uyğun olaraq təqdim edilir.
6. Kredit bürosu tərəfindən Palataya ödənilən haqların məbləği və ödəmə qaydası
Kredit bürosu tərəfindən Palataya ödənilən haqların məbləği və ödənilmə qaydası “Maliyyə bazarlarında nəzarət edilən subyektlər tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına ödənilən haqların tənzimlənməsi Qaydaları” ilə müəyyən edilir.
7. Kredit bürosunun fəaliyyətinə nəzarət
7.1. Palata kredit bürosunun fəaliyyətini və kredit tarixçəsini təşkil edən məlumatların mübadiləsini Qanunun, Qanundan irəli gələrək Palata tərəfindən qəbul edilmiş normativ xarakterli aktların, habelə “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunluğunu qiymətləndirir.
7.2. Palata tərəfindən kredit bürosunun fəaliyyətinə nəzarət xarici və daxili nəzarət tədbirləri vasitəsilə həyata keçirilir. Xarici və daxili nəzarət tədbirləri aşağıdakı elementlərin qiymətləndirilməsinə yönəldilir:
7.2.1. kredit bürosunun məlumat təchizatçıları:
7.2.1.1. kredit bürosu ilə məlumat təchizatçıları arasında məlumat təchizatına dair müqavilə;
7.2.1.2. məlumat təchizatına dair müqavilə imzalanmış təşkilatların məlumatı təmin edən və etməyən (səbəblər göstərilməklə) təsnifat qrupları üzrə siyahısı.
7.2.2. kredit bürosu üçün məlumatın toplanması və kredit bürosuna təqdim edilməsi:
7.2.2.1. toplanmış və təqdim edilmiş məlumatların siyahısı;
7.2.2.2. məlumatın toplanması və təqdim edilməsi kanalları;
7.2.2.3. məlumatın doğruluğu və ona təsir edən amillər.
7.2.3. kredit bürosunda məlumatın emalı:
7.2.3.1. məlumatın doğruluğunun təsdiq edilməsi üsulları;
7.2.3.2. məlumatı yeniləmək və məlumat bazasına daxil etmək üsulları.
7.2.4. kredit məlumatı istifadəçiləri:
7.2.4.1. kredit tarixçəsi subyektindən razılığın alınması;
7.2.4.2. məlumat istifadəçilərinin siyahısı;
7.2.4.3. alınan məlumatın həcmi və məqsədi;
7.2.4.4. məlumatın təhlükəsizliyinin və doğruluğunun təmin edilməsi.
7.2.5. kredit bürosunun məhsulları:
7.2.5.1. məhsulların siyahısı və qiyməti;
7.2.5.2. məhsul istifadəçiləri;
7.2.5.3. reallaşdırdığı məhsulların sayı;
7.2.5.4. yeni məhsullar və onların reallaşdırılmasına dair inkişaf planları.
7.2.6. kredit bürosunda məlumat təhlükəsizliyi və məlumatın qorunması sistemləri:
7.2.6.1. kredit bürosu ərazisinə, xüsusilə server otaqlarına fiziki çıxış siyasəti;
7.2.6.2. kredit bürosunun işçi heyəti üçün kredit bürosu məlumatlarına çıxış siyasəti;
7.2.6.3. avadanlıq və proqram təminatının yenilənməsi sistemi;
7.2.6.4. kredit bürosu məlumatlarına icazəsiz çıxışın qarşısının alınması, aşkar edilməsi və sənədləşdirilməsi siyasəti.
7.2.7. kredit tarixçəsi subyektlərinin maraqlarının qorunması:
7.2.7.1. kredit tarixçəsi subyektindən ona dair məlumatı toplamaq və təqdim etmək razılığının alınması;
7.2.7.2. kredit tarixçəsi subyektlərinə kredit hesabatlarının təqdim edilməsi.
7.2.8. kredit bürosunda risklərin idarə edilməsi sistemləri:
7.2.8.1. əməliyyat, hüquq və nüfuz risklərinin aşkar edilməsi və idarə edilməsi siyasəti;
7.2.8.2. kredit bürosunda daxili nəzarət funksiyasının mövcudluğu və onun effektivliyi.
7.2.9. kredit bürosunda korporativ idarəetmə sistemi:
7.2.9.1. kredit bürosunun struktur bölmələrinin əməkdaşlarının bacarıq, səriştə və təcrübəsi;
7.2.9.2. struktur bölmələri arasında səlahiyyət bölgüsü;
7.2.9.3. kredit bürosunun qərarvermə siyasəti və prosedurları;
7.2.9.4. qərarların icrasının monitorinqinin təşkili və həyata keçirilməsi.
7.3. Kredit bürosunun fəaliyyətinə xarici nəzarət kredit bürosu tərəfindən təqdim edilən hesabatların qiymətləndirilməsi və kredit bürosunun fəaliyyətinə davamlı monitorinqin həyata keçirilməsindən ibarətdir.
7.4. Kredit bürosu tərəfindən Palataya təqdim edilməli olan hesabatların forması, təqdim edilməsi qaydası və müddətləri bu Qaydanın 9-cu hissəsində müəyyən olunmuşdur. Kredit bürosu tərəfindən hesabatlar tələb olunan müddətdə Palataya təqdim olunmadıqda kredit bürosuna Palata tərəfindən 3 (üç) iş günü müddətində icrası məcburi olan yazılı göstəriş verilir. Göstərişdə 10 (on) iş günü ərzində hesabatlarla birgə onların vaxtında təqdim olunmama səbəbi barədə izahat verilməsi və növbəti hesabat tarixindən isə hesabatların vaxtında təqdim olunması tələb edilir.
7.5. Kredit bürosu tərəfindən təqdim edilən hesabatların qiymətləndirilməsi aşağıdakı prosedurlar əsasında həyata keçirilir:
7.5.1. Palata tərəfindən hesabatların bu Qaydanın tələblərinə uyğunluğu yoxlanılır, çatışmazlıqlar aşkar edildikdə, onların aşkar edildiyi tarixdən 5 (beş) iş günü ərzində kredit bürosundan hesabatda müvafiq düzəlişlərin edilməsi və çatışmazlıqların səbəbləri haqda yazılı formada məlumat təqdim etmək tələb olunur. Kredit bürosu hesabatlardakı çatışmazlıqlar bildirildikdən sonra 5 (beş) iş günü ərzində həmin çatışmazlıqları aradan qaldıraraq yenidən hesabatı (hesabatları) və tələb olunan yazılı məlumatı Palataya təqdim edir.
7.5.2. Palata tərəfindən kredit bürosunun hesabatları əsasında onun əməliyyat fəaliyyətinin əsas istiqamətləri təhlil edilir, kredit tarixçəsini təşkil edən məlumatların qəbulu, emalı və ötürülməsi prosesində olan nöqsanlar, habelə potensial risklər müəyyənləşdirilir.
7.5.3. qiymətləndirmənin nəticəsinə uyğun olaraq Palata tərəfindən aşağıdakı tədbirlərdən biri və ya hər ikisi həyata keçirilir:
7.5.3.1. qanunvericiliyin tələblərinin pozulması aşkar edildikdə, onların aradan qaldırılmasına dair kredit bürosuna icrası məcburi olan yazılı göstəriş verilir. Göstərişdə nöqsanlar və onların aradan qaldırılması üçün görülməli tədbirlər və müddətlər müəyyən edilir;
7.5.3.2. kredit bürosunda problemlərin mövcud olması ehtimalı yaradan aşağıdakı erkən xəbərdarlıq indikatorları müşahidə edildikdə, kredit bürosunda tematik yoxlama həyata keçirilə bilər:
7.5.3.2.1. kredit bürosunun icra orqanının tərkibində ardıcıl 12 (on iki) ay ərzində 2 (iki) dəfədən çox dəyişikliklər baş verdikdə;
7.5.3.2.2. ardıcıl iki hesabat tarixinə Palataya təqdim olunan hesabatlarda çatışmazlıqlar aşkar edildikdə;
7.5.3.2.3. hesabat dövrü ərzində kredit tarixçəsinin subyektlərinin şikayətlərinin sayında artım 5 (beş) faizdən artıq olduqda;
7.5.3.2.4. mühüm iştirak payı olan təsisçi (iştirakçı) təsisçilikdən (iştirakdan) çıxdıqda;
7.5.3.2.5. hesabat dövrü ərzində məlumat təchizatçılarının və ya məlumat istifadəçilərinin, habelə sorğuların sayında azalma 5 (beş) faizdən artıq olduqda.
7.6. Xarici nəzarət çərçivəsində kredit bürosunun fəaliyyətinə davamlı monitorinq həyata keçirilir. Bu zaman, kredit bürosundan aşağıdakılar barədə məlumatlar tələb olunur:
7.6.1. Palata tərəfindən verilmiş göstərişlərdə müəyyən edilmiş tədbirlərin icra statusu;
7.6.2. kredit bürosunun biznes planının, o cümlədən məhsulların inkişafı üzrə uzunmüddətli strategiyanın icrası və kənarlaşmalar (əgər olarsa);
7.6.3. kredit bürosunun məlumatlarının qəbulu, emalı və ötürülməsi üzrə texniki bazasının yaradılması və bu məlumatlara qanunsuz çıxışın və icazəsiz yayılmasının qarşısının alınması üzrə tədbirlər planı və onun icrası;
7.6.4. kredit bürosunun fəaliyyəti ilə bağlı Palataya daxil olan müraciətlər və onların kredit bürosu tərəfindən cavablandırlması ilə bağlı təsdiqedici sənədlər;
7.6.5. icra orqanı və səhmdarların (payçıların) strukturunda baş verən dəyişikliklər;
7.6.6. kredit bürosunun fəaliyyətinin tənzimlənməsi məqsədi ilə qəbul edilmiş daxili siyasət və prosedurlar, habelə onlardakı dəyişikliklər.
7.7 Xarici nəzarət çərçivəsində Palata illik maliyyə hesabatları və informasiya sisteminin vəziyyəti barədə kənar auditin qiymətləndirmə hesabatının müzakirə edilməsi məqsədilə kredit bürosunun icra orqanının rəhbəri və kredit bürosunun kənar auditoru ilə birgə görüş keçirir. Görüşdə kredit bürosunun ötən maliyyə ili ərzində fəaliyyəti, aşkar edilmiş nöqsanlar və onların aradan qaldırılması barədə tədbirlər planı müzakirə edilir. Palata tərəfindən tədbirlər planının icrası ilə bağlı kredit bürosuna yazılı göstəriş verilir.
7.8. Palata tərəfindən daxili nəzarət kredit bürosunda hərtərəfli və tematik yoxlamalar vasitəsilə həyata keçirilir. Kredit bürosunda hərtərəfli yoxlama ən azı 3 (üç) ildə bir dəfə olmaqla aparılır. Palata tərəfindən bu Qaydanın 7.5.3.2-ci yarımbəndində göstərilən hallardan əlavə, Palatanın göstərişlərinin icrasının monitorinqi, habelə Palataya daxil olmuş şikayət(lər)in araşdırılması məqsədilə tematik yoxlama həyata keçirilir.
7.9. Yoxlama Palatanın qərarı ilə təsdiq edilən sənəd əsasında (imzalanmış yoxlama vəsiqəsi) həyata keçirilir. Yoxlama vəsiqəsində kredit bürosunun tam adı, yoxlama qrupunun tərkibi (rəhbəri və üzvləri) və yoxlamanın müddəti göstərilir. Yoxlama vəsiqəsi iki nüsxədə hazırlanır. Yoxlama vəsiqəsinin bir nüsxəsi kredit bürosunun icra orqanının rəhbərində, digər nüsxəsi isə yoxlama qrupunun rəhbərində saxlanılır.
7.10. Kredit bürosuna hərtərəfli yoxlamanın başlanmasından ən azı 10 (on) iş günü, tematik yoxlamanın başlanmasından ən azı 1 (bir) iş günü əvvəl yazılı bildiriş təqdim edilir. Bildirişdə yoxlamanın tarixi və əhatə etdiyi dövr göstərilir.
7.11. Kredit bürosunun fəaliyyətinin yoxlanılması 15 (on beş) iş günü ərzində həyata keçirilir.
7.12. Palata kredit bürosunda hərtərəfli yoxlamanı aşağıdakıları əhatə etməklə həyata keçirir:
7.12.1. idarəetmə orqanının iclaslarının protokolları, qərarları və digər sənədləri;
7.12.2. kredit bürosunun strateji və biznes planları, habelə büdcəsi;
7.12.3. kredit bürosunun korporativ idarəetmə və kadr siyasəti, işçi heyətinin vəzifə təlimatları;
7.12.4. kredit bürosunun təşkilati-inzibati sənədləşməsi, mühasibat sənədləri və fəaliyyəti ilə əlaqədar bütün daxili sənədlər;
7.12.5. kredit bürosu ilə məlumat təchizatçıları arasında məlumat təchizatına dair razılaşmalar və kredit tarixçəsi subyektindən razılığının alınması;
7.12.6. məlumatların işlənməsi üsulları, keyfiyyəti, habelə yenilənməsinin dövriliyi;
7.12.7. kredit bürosu tərəfindən təklif edilən xidmətlər (kredit hesabatları, kredit portfelinin təhlili, statistik təhlillər və s.) və onların haqlarının müəyyən edilməsi siyasəti;
7.12.8. maliyyə, statistik və idarəetmə hesabatları;
7.12.9. bank hesabları üzrə aparılan əməliyyatlar;
7.12.10. kredit məlumatı mübadiləsinin tənzimlənməsi üzrə siyasət və daxili qaydalar, həmçinin məlumatların təhlükəsizliyi, fövqəladə hallar planı və xidmətlərin davamlılığı daxil olmaqla bütün sistem və prosedurlar;
7.12.11. daxili nəzarət və risklərin idarə olunmasına dair sənədlər və prosedurlar;
7.12.12. daxili audit üzrə iş planları və hesabatlar;
7.12.13. istehlakçıların hüquqlarının qorunması, o cümlədən istehlakçıların kredit tarixçəsi məlumatlarına çıxışı, istehlakçıların şikayətlərinə baxılması vəziyyəti;
7.12.14. Palataya təqdim olunan hesabatlardakı məlumatların düzgünlüyü.
7.13. Yoxlama qrupunun üzvlərinin hüquqları aşağıdakılardır:
7.13.1. yoxlama aparılan kredit bürosunun inzibati binası və digər xidməti ərazilərinə, o cümlədən xüsusi təhkim edilmiş kredit bürosunun əməkdaşlarının və ya müqavilə əsasında keçid rejiminə nəzarət edən və ya kredit bürosunun ərazilərinin qorumasını həyata keçirən digər təşkilatların əməkdaşlarının müşayiəti ilə server otağı və informasiya-hesablama mərkəzlərinə, informasiya resurslarının toplanması, emalı və saxlanması həyata keçirilən bölmələrə daxil olmaq;
7.13.2. yoxlama qrupunun işinin təşkili və yoxlamanın aparılması üçün tələb olunan məlumatların və ya sənədlərin əldə edilməsi üçün texniki vəsaitlərdən, o cümlədən kompüterlərdən istifadə etmək, Palataya məxsus təşkilati-texniki vəsaitləri xidməti ərazilərə daxil etmək və oradan çıxarmaq;
7.13.3. yoxlamanın hədəflərinin yerinə yetirilməsi məqsədilə yoxlamanın əhatə etdiyi dövr üçün bütün lazımi məlumatları (sənədləri) yoxlama aparılan kredit bürosunun vəzifəli şəxslərindən və digər əməkdaşlarından əldə etmək;
7.13.4. məlumatın emalı sisteminin funksiyaları və resurslarının nümayiş etdirilməsi və onlarla tanışlıq aparılmasını tələb etmək, məlumatların təhlükəsizlik səviyyəsini müəyyən etmək məqsədilə məlumatın təchizatçıları və istifadəçiləri ilə əlaqə kanallarının yoxlanmasına çıxış əldə etmək;
7.13.5. kredit bürosunun icra orqanının rəhbəri və digər işçiləri ilə yoxlanılan məsələlər barədə müzakirələr aparmaq.
7.14. Yoxlama qrupunun üzvlərinin vəzifələri aşağıdakılardır:
7.14.1. yoxlama qrupunun rəhbəri tərəfindən yoxlama aparılan müddət ərzində yoxlama qrupunun kredit bürosunun inzibati binası və digər xidməti ərazilərində yoxlama aparılmasını kredit bürosunun iş rejimini nəzərə almaqla müəyyən etmək;
7.14.2. yoxlama qrupunun fəaliyyət planına uyğun yoxlamalar aparmaq;
7.14.3. yoxlamanın həyata keçirilməsi ilə bağlı kredit bürosunun icra orqanının rəhbərinə lazımi sənədləri təqdim etmək;
7.14.4. kredit bürosunun sənədlərinin və kommersiya sirrinin, o cümlədən bank sirrinin, xidməti və qanunla barəsində xüsusi qorunma rejimi müəyyən edilən digər məlumatların açıqlanmamasını təmin etmək;
7.14.5. yoxlamanın nəticələrini yazılı formada rəsmiləşdirmək;
7.14.6. kredit bürosunun əməkdaşlarına öz hərəkətlərinin səbəblərini izah etmək üçün imkan yaratmaq.
7.15. Fəaliyyətinin yoxlanılması zamanı kredit bürosu aşağıdakı hüquq və vəzifələrə malikdir:
7.15.1. yoxlama qrupunun üzvlərindən yoxlamanın həyata keçirilməsi üçün yoxlama vəsiqəsini tələb etmək və onların şəxsiyyətlərini təsdiq edən sənədlərlə tanış olmaq;
7.15.2. bu Qaydanın 7.15.1-ci yarımbəndində göstərilən sənədlər təqdim edilmədikdə, yoxlama qrupunun üzvünü yoxlamaya buraxmamaq;
7.15.3. fəaliyyətinin yoxlanılmasının nəticəsi barədə məlumat almaq;
7.15.4. yoxlamanın nəticələrini yoxlama qrupu üzvləri ilə müzakirə etmək və onlara dair münasibət bildirmək;
7.15.5. yoxlamaların nəticələrindən Palataya şikayət etmək.
7.16. Yoxlamanın əhatə etdiyi sahələr, yoxlanılan dövr ərzində bu sahələrdə baş vermiş dəyişikliklər, aşkar olunmuş nöqsan və çatışmazlıqlara dair yoxlama haqqında hesabat Palata tərəfindən yoxlama başa çatdıqdan sonra 10 (on) iş günü ərzində iki nüsxədə hazırlanır. Yoxlama hesabatı Palatanın yoxlamada iştirak edən əməkdaşları tərəfindən imzalandıqdan sonra kredit bürosuna imzalanmaq üçün təqdim edilir.
7.17. Kredit bürosu 7 (yeddi) iş günü ərzində yoxlama haqqında hesabatla tanış olur və kredit bürosunun icra orqanının rəhbəri onu imzalayaraq Palataya təqdim edir. Kredit bürosu yoxlama haqqında hesabatda əks olunan nəticələrlə razı olmadıqda kredit bürosunun icra orqanının rəhbəri (üzvləri) yoxlama haqqında hesabata izahatını əlavə edir.
7.18. Yoxlama haqqında hesabatın nüsxəsi bu müddətdə Palataya təqdim olunmadıqda, Palata hesabatın özündə olan nüsxəsində bu barədə qeyd aparır.
7.19. Yoxlama qrupu ilə kredit bürosu arasında yoxlamanın nəticələri barədə fikir ayrılığı və kredit bürosunun etirazı olduqda, Palatada yoxlamaların nəticələrinin kredit bürosu ilə müzakirəsi həyata keçirilir.
7.20. Kredit bürosunun etirazı əsaslı olduqda yoxlama haqqında hesabata 5 (beş) iş günü ərzində Palata tərəfindən əlavə və dəyişikliklər edilir. Yoxlama haqqında hesabat yekunlaşdırıldıqdan sonra onun nəticələri ilə bağlı Palata tərəfindən kredit bürosunun fəaliyyətində aşkar edilmiş nöqsanların 30 (otuz) təqvim gününədək müddətdə aradan qaldırılmasına dair kredit bürosuna icrası məcburi olan yazılı göstəriş verilir.
7.21. Daxili və xarici nəzarət tədbirləri nəticəsində fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmət göstərilməsi ilə bağlı kredit bürosunun fəaliyyətində nöqsanlar aşkar edildikdə Palata bu barədə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məlumat verir.
8. Kredit bürosuna qarşı təsir tədbirləri
8.1. Qanunun, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununun, bu Qaydanın tələblərinin pozulmasının xarakterindən asılı olaraq kredit bürosuna qarşı Palatanın aşağıdakı təsir tədbirlərini tətbiq etmək hüququ vardır:
8.1.1. pozuntuların və ya pozuntulara səbəb ola biləcək faktların aradan qaldırılması barədə kredit bürosundan öhdəlik məktubu tələb etmək. Kredit bürosu Palataya təqdim etdiyi öhdəlik məktubunda yol verilmiş pozuntuların və ya pozuntulara səbəb ola biləcək faktların aradan qaldırılması üçün görüləcək tədbirlər və onların həyata keçirilməsi müddətləri göstərir;
8.1.2. kredit bürosuna icrası məcburi olan yazılı göstəriş vermək. Palatanın kredit bürosuna icrası məcburi olan yazılı göstərişində müddəti müəyyən edilməklə bu çatışmazlıqların aradan qaldırılması tələb edilir;
8.1.3. Kredit bürosunun icra orqanının rəhbərini (üzvlərini) 6 (altı) ay müddətədək vəzifə(lər)sindən müvəqqəti kənarlaşdırmaq.
8.2. Kredit bürosu onun fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmət göstərilməsi ilə əlaqədar fəaliyyətində olan nöqsanlarının aradan qaldırılması barədə Palatanın göstərişlərinə əməl etmədikdə, Palata qeyd edilən fəaliyyəti ilə bağlı lisenziyanın ləğv edilməsi üçün Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edir.
9. Kredit bürosunun fəaliyyəti barədə hesabatın forması və təqdim edilməsi üzrə tələblər
9.1. Kredit bürosu fəaliyyətinin Palata tərəfindən qiymətləndirilməsi məqsədilə bu Qaydaya 1 saylı Əlavədə göstərilən cari fəaliyyətinə dair və 2 saylı Əlavədə göstərilən kredit bazarına dair hesabatları hazırlayır və rüblük əsasda hesabat dövründən sonrakı ayın onundan gec olmayaraq Palataya təqdim edir.
9.2. Hesabatlar kredit bürosunun icra orqanının rəhbəri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş kağız daşıyıcıda və ya elektron imza ilə təsdiq edilmiş elektron sənəd formasında təqdim edilir.
9.3. Xаrici vаlyutаda olan göstəricilər hеsаbаtın təsdiq edildiyi tаriхə Azərbaycan Respublikasının Mərkəzi Bаnkının rəsmi məzənnəsi üzrə manat еkvivаlеnti ilə əks еtdirilir.
9.4. Kredit bürosu tərəfindən kənar auditor rəyi ilə təsdiqlənmiş illik maliyyə hesabatları auditor rəyi ilə birlikdə və kənar auditor tərəfindən aparılmış informasiya sisteminin vəziyyəti barədə qiymətləndirilmə hesabatı maliyyə ilinin başa çatmasından sonrakı 5 (beş) ay ərzində Palataya təqdim edilir.