Qeyri-rəsmi məşğulluğa ticarət, iaşə, xidmət sahələrində daha çox rast gəlinir.
FED.az xəbər verir ki, Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov bu gün keçirilən mətbuat konfransında deyib.
Ə.Əhmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunan “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nında proritet istiqamətlər göstərilib.
Ə.Əhmədov deyib ki, tədbirlər planında əsas istiqamətlərdən biri qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün daha çevik hüquqi bazanın yaradılmasından ibarətdir.
Baş nazirin müavini qeyd edib ki, əgər qanunvericilikdə hər hansı boşluqlar varsa, sahibkarlar bundan istifadə edərək əmək müqaviləsi olmadan insanları işlədirlər.
Ə.Əhmədovun sözlərinə görə, bu gün qanunvericilikdə belə bir boşluq var və sahibkarlar bundan istifadə etməklə əmək müqaviləsi bağlamaqdan yayınırlar: “Bu da vergilərdən yayınmaya, sosial problemlərin yaranmasına gətirib çıxarır”.
Baş nazirin müavini qeyd edib ki, istiqamətlərdən biri də inzibatçılığın və nəzarət mexanizminin təkmilləşdirilməsidir: “Azərbaycanda qanunvericilikdə qeyri-rəsmi məşğulluğa görə o qədər də sərt olmayan cərimələr nəzərdə tutulub. Avropa ölkələrində isə qeyri-rəsmi məşğulluğa görə daha sərt tədbirlər həyata keçirilir. Bu mənada bizim sərt olmayan cərimələr sistemimiz mövcuddur, ancaq ola bilsin bunlara yenidn baxılacaq. Həmçinin, nəzarət mexanizminin gücləndirilməsinə diqqət ayrlacaq. Təbliğat və monitorinq tədbirləri həyata keçiriləcək. Elə nəzarət mexanizmi həyata keçirməyə çalışırıq ki, yoxlamalar olmadan qeyri-məşğulluğu ortaya çıxaraq”.
Əli Əhmədov deyib ki, Azərbaycanda qeyri-rəsmi məşğulluğun aradan qaldırılması hökumət qarşısında duran əsas vəzifələrdən biridir.
Baş nazirin müavini bildirib ki, qeyri-rəsmi məşğulluq vergidən yayınmaya səbəb olur: “Qeyri-rəsmi məşğulluq insanların sosial və əmək hüquqların qorunmasını qeyri-mümkün edir, gələcəkdə pensiya almaq hüququnu məhdudlaşdırır. Qeyri-rəsmi məşğulluq nəticəsində Dövlət Sosial Müdafiə Fonduna qanunla ödənilməli olan ödənişlər həyata keçirilmir ki, bu da gələcəkdə insanların pensiya almasını qeyri-mümkün edir”.
Ə.Əhmədov vurğulayıb ki, qeyri-rəsmi məşğulluq, həmçinin Azərbaycanda insanların məşğulluğu ilə bağlı dəqiq statistikanın aparılmasına mane olur.
O əlavə edib ki, qeyri-rəsmi məşğulluq “qara mühasibatlıq” deyilən amilin ortaya çıxması üçün ən mühüm səbəbdir.