Gündəlik həyatda elə sığorta terminləri ilə qarşılaşırıq ki, çaş-baş qalmamaq əldə deyil. Əminəm ki, sığorta prosesinə maraqlı olan hər kəs yeni terminlər öyrənmək, sığorta barəsindəki savadlılığını artırmaq istər. Bu gün sizə 5 sığorta terminini izah edəcəyik, diqqətiniz bizdə olsun.
Sığorta agenti - Müvafiq lisenziyası olan və sığortaçıya siğorta müqaviləsinin bağlanması,yenilənməsi və ya davam etdirilməsi üçün vasitəçilik xidməti göstərən şəxsdir.
Misal
Şəxs öz avtomobilini sığortalamaq istəyir. Sığortaçının nümayəndəsi onunla görüşür, sığorta şərtlərini ona izah edir, sığortaçının adından onunla danışıqlar aparır və əgər sığortaçı ona belə bir səlahiyyət veribsə, sığortaçının adından sığorta müqaviləsini imzalayır. Bütün bu fəaliyyət sığorta nəzarəti orqanının (Azərbaycan Respublikasında bu orqan Maliyyə Nazirliyidir) verdiyi lisenziya əsasında həyata keçirilir. Sığorta nəzarəti orqanından lisenziya almış, sığortaçı ilə agent xidməti üzrə müqavilə bağlamış, həmin müqavilə əsasında sığortaçının adından öz risklərini sığorta etdirmək istəyən şəxslə danışıqlar aparmış, sığorta şərtlərini ona izah etmiş və sığortaçının adından sığorta müqaviləsini bağlamış həmin bu nümayəndə sığorta agentidir.
Aktuari - Sığorta müqavilələri ilə əlaqəli statistik maliyyə göstəriciləri əsasında iqtisadi-riyazi metodlarla sığorta tariflərini və sığorta ehtiyatlarını hesablayan riyaziyyatçıdır.
Misal
Sığortaçının işçilərindən biri riyaziyyatçı kimi tanınır. Lakin o, riyazi məsələlərlə yanaşı, digər sahələrdən də xəbərdardır (məsələn, iqtisadi proqnozlar verilməsi üçün istifadə olunan məlumatlar sahəsi). Buna nail olmaq üçün o, riyaziyyat üzrə ali təhsillə yanaşı, müvafiq aktuar kurslarında keçirilmiş mühazirələri də əla mənimsəmişdir. Onun sığorta şirkətindəki funksiyalarına bir çox əməliyyatlar üzrə iqtisadi-riyazi hesablamalar daxildir. Məsələn, o, əhalinin ölüm statistikasını təhlil edərək ölüm cədvəlini əsas götürür, həyatı sığorta olunan şəxsin yaşına, cinsinə və digər hallara əsaslanaraq sığorta tarifini hesablayır və bu sığorta tarifi həmin şəxslə bağlı həyat sığortası müqaviləsinə tətbiq olunur. Müvafiq statistikanın təhlil olunması ilə sığorta tarifini, sığorta məbləğini, zərərliliklə bağlı göstəriciləri və s. hesablayan şəxs aktuari adlanır
Anderaytinq - Sığorta müqaviləsinin bağlanması, sığorta tarifi və sığorta haqqı barədə qərarlar qəbul etmək üçün sığortalının səhhəti, maliyyə imkanları, sığortalanan əmlakın vəziyyəti və digər bu kimi amillərin – sığorta risklərinin qiymətləndirilməsi üzrə sığortaçının (onun mütəxəssisinin və ya nümayəndəsinin) istifadə etdiyi üsul və metodların, habelə hərəkətlərinin məcmusudur.
Misal
Həyatın və sağlamlığın sığortalanması zamanı anderraytinq sığorta hadisəsinin (xəstəlik və ya ölüm) baş verməsi riskini qiymətləndirmək üçün aparılan fəaliyyətin məcmusudur. Bura xəstəlik və ya ölüm riskinə təsir göstərən aşağıdakı amillərin araşdırılması daxildir: sığorta olunan şəxsin yaşı, sağlamlıq vəziyyəti, xəstəlik tarixçəsi, zərərli vərdişləri (məsələn, siqaret çəkmək) və s. Əmlakın, məsələn, avtomobilin sığortalanması zamanı isə avtomobilin təzə və köhnə olması, mühərrikinin gücü, sürücülərinin kim olacağı, əvvəlki illərdə həmin sürücülərin hadisə törədib-törətmədiyi və s. faktların qiymətləndirilməsi anderraytinq prosesində əhatə olunur.
Bonus-malus - Əvvəlki sığorta müqaviləsi üzrə sığorta predmetinə (sığorta olunana) münasibətdə sığorta riskləri ilə bağlı heç bir hadisə baş vermədiyi halda növbəti sığorta müqaviləsi üzrə sığorta haqlarının azaldılması, sığorta riskləri ilə bağlı hadisələrin baş verdiyi halda isə sığorta haqlarının artırılması üçün baza tarif dərəcələrinə tətbiq edilən güzəşt-əlavələr sistemidir.
Misal
Avtomobil sahibi 80 manat sığorta haqqı ödəməklə öz mülki məsuliyyətini (yəni avtomobillə başqalarının əmlakına zərər vuraraq borclu qalması) bir il müddətinə sığorta etdirmiş və həmin müqavilə ilində avtomobillə heç kəsə zərər vurmamışdır. Bu faktı nəzərə alan sığortaçı növbəti dəfə sığorta müqaviləsi bağlayarkən həmin sürücünün mülki məsuliyyətini sığortalamaq üçün 80 manat deyil, 75 manat sığorta haqqı alır və bildirir ki, hazırkı müqavilə ilində də heç bir sığorta hadisəsinin baş verməməsi halında növbəti il sığorta haqqı 70 manat olacaqdır. Başqa bir şəxs isə, əksinə əvvəlki sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə avtomobili ilə üçüncü şəxsə zərər vurmuş və sığortaçıdan sığorta ödənişi almışdır. Buna görə də onunla bağlanan növbəti sığorta müqaviləsində sığorta haqqı əvvəlki ildəkindən 5 manat artıq – 85 manat nəzərdə tutulmuşdur. Müəyyən hallardan asılı olaraq, sığortalıya güzəşt və ya əlavə ödəmələrin tətbiq edildiyi bu cür mexanizm bonus-malus adlanır.
Sığorta brokeri - müvafiq lisenziyaya malik olan və sığorta (təkrarsığorta) müqaviləsinin bağlanması, yenilənməsi və ya davam etdirilməsi üçün sığortalıya (təkrarsığortalıya) vasitəçilik xidməti göstərən şəxsdir.
Misal
Şəxs öz mənzilini sığorta etdirmək istəyir və bunun üçün sığorta şirkəti (sığortaçı) seçməkdə çətinlik çəkir. O, mütəxəssisə müraciət edir və hansı şərtlərlə sığorta təminatı axtardığını ona bildirir. Sığorta müqaviləsinin bağlanacağı halda müvafiq haqq (komisyon muzd) alacaq həmin mütəxəssis şəxsin şərtlərinə cavab verən sığortaçını tapmaq üçün araşdırma aparır və məqbul hesab etdiyi sığorta şirkəti ilə şəxsin adından danışıqlar aparır. Şəxslə sığortaçı arasında sığorta müqaviləsi bağlandıqdan sonra da həmin mütəxəssis şəxslə daima əlaqə saxlayır. Sığorta hadisəsinin (mənzildə yanğın və s.) baş verməsindən sonra şəxs zərərin əvəzinin ödənilməsi üçün sığorta ödənişini sığortaçıdan həm həmin mütəxəssisin vasitəsiçiliyi ilə, həm də birbaşa tələb edə bilər. Sığorta nəzarəti orqanının verdiyi lisenziya əsasında bu cür vasitəçilik fəaliyyətini göstərən mütəxəssis sığorta brokeridir. Sığorta brokeri təkcə fiziki şəxs olan mütəxəssis kimi deyil, həm də hüquqi şəxs kimi də fəaliyyət göstərə bilər. Bu zaman hüquqi şəxs olan sığorta brokerinin ən azı bir əsas işçisi, adətən rəhbəri fiziki şəxs kimi sığorta brokeri lisenziyasına malik olur.