Son dövrlərdə ixrac əməliyyatları zamanı valyuta sərvətlərinin ölkəyə geri qaytarılması ilə bağlı ciddi tələblərin qoyulması müzakirə olunur. Sahibkarlar ölkəmizdən kənara müxtəlif mallar, məhsullar, xammal, materiallar, faydalı qazıntılar ixrac edirlər və bunun müqabilində valyuta sərvətləri ölkəmizə daxil olmalıdır. Bəs ixrac edilmiş məhsulların dəyəri hansı müddətlərdə idxalçılar tərəfindən ödənilməlidir?
İxracdan əldə olunan 51 milyon dollar ölkəyə qaytarılmayıb - HƏBS OLUNDULAR
Bu vəsaitlərin ölkəyə daxil olmamasına görə hansı məsuliyyətlər nəzərdə tutulub?
FED.az xəbər verir ki, suala sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir.
Məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Respublikası İnzabati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə nəzər yetirməliyik. İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilib ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30 faizindən 50 faizinədək məbləğdə cərimə edilir.
Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, 20.000 manatadək olan məbləğ başa düşülür.
Həmçinin, Cinayət Məcəlləsinin 208.1-ci maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmama 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Məcəllənin 208.2-ci maddəsində isə göstərilir ki, eyni əməllər:
- külli miqdarda törədildikdə;
- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə—
3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə “xeyli miqdar” dedikdə, qaytarılmamış xarici valyuta vəsaitlərinin 20.000 manatdan, yuxarı, lakin 30.000 manatdan artıq olmayan məbləği, “külli miqdar” dedikdə 30.000 manatdan artıq olan məbləği başa düşülür.
Həm İnzibati Xətalar Məcəlləsinin, həm də Cinayət Məcəlləsinin əsas tələbi xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmasıdır.
Bəs xarici iqtisadi fəaliyyətdən əldə edilmiş xarici valyuta vəsaitləri hansı müddətlərdə xaricdən qaytarılmalıdır? Başqa sözlə, ixrac olunan mallar, məhsullar, xammal, materiallar, faydalı qazıntıların ixracına görə əldə edilmiş valyuta vəsaitləri hansı müddətlərdə ölkəyə qaytarılmalıdır?
Məsələyə daha da dərindən yanaşmaq üçün Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında”qaydalara baxmalıyıq. Qaydaların 12.1-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur.
Qaydaların 12.2-ci bəndinə görə, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər.
Qaydaların 12.3-cü bəndində göstərilib ki, ixrac olunan malların (işlərin, xidmətlərin) müqabilində əldə olunmuş vəsaitin Azərbaycan Respublikasına köçürülməsinə və gətirilməsinə, müvafiq olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Dövlət Gömrük Komitəsi nəzarət edir. Bu məqsədlə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bütün ixracatçılar tərəfindən gömrük bəyannamələri və ixrac müqavilələri də daxil olmaqla, ixrac olunan mallar barədə aidiyyəti məlumatların elektron gömrük xidməti vasitəsilə Mərkəzi Banka ötürülməsini təmin edir.
Bildiyiniz kimi, idxal-ixrac əməliyyatlarında praktiki olaraq bütün münasibətlər tərəflər arasında bağlanmış müqavilələrlə tənzimlənir. Həm idxal, həm də ixrac əməliyyatlarında hesablaşmalar müxtəlif formalarda aparılır. Praktiki olaraq ən çox rast gəldiyimiz hesablaşmalar aşağıdakılardır:
- Müqavilə məbləğinin tam olaraq avans ödənilməsi;
- Müqavilə məbləğinin qismən avans olaraq ödənilməsi;
- Mallar idxal və ya ixrac edildikdən sonra müəyyən müddətdə ödənilməsi;
- Konsiqnasiya yolu ilə idxal, ixrac və hesablaşmalar;
- Akkreditasiya yolu ilə hesablaşmaların aparılması.
Əvvəldən də qeyd etdiyim kimi, xarici ticarətdən əldə olunmuş valyuta sərvətlərinin ölkəyə qaytarılmasına görə konkret müddətlə bağlı qanunvericilikdə ancaq 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanda rast gəlmək olur. Fərmanda isə ancaq konsiqnasiya yolu ilə ixrac edilmiş məhsullara görə 180 gün müddət qoyulub.
Odur ki, əgər ixracatçı konsiqnasiya yolu ilə məhsullar ixrac edərsə və 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanın 12-ci maddəsinin tələblərini pozarsa, o zaman İnzibati Xətalar Məcəlləsinin 483-cü və Cinayət Məcəlləsinin 208-ci maddələrinə görə məsuliyyət daşıyacaq. Bəs digər hallarda bu müddət necə tənzimlənir?
Qanunvericlikdə bu hallarda konkret müddətin tələb kimi qoyulmasına rast gəlinmir. Odur ki, bu hallarda əvvəldən də qeyd etdiyim kimi müqavilənin şərtlərinə baxmaq lazımdır.
Misal 1: “AA” MMC kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğuldur. Bağlanmış müqavilənin şərtlərinə görə 500 ton kənd təsərrüfatı məhsulunu Türkiyə Respublikasına ixrac edəcək. Müqaviləyə görə hər partiya məhsul ixrac edildikdən sonra onun dəyəri 20 bank günü müddətində ödəniləcək.
Əməliyyatın reallaşmasının nəticəsində görünür ki, “AA” MMC tərəfindən ixrac edilmiş 500 ton kənd təsərrüfatı məsulunun dəyəri nəinki 20 bank günü ərzində ödənilib, ümumiyyətlə ölkəyə qaytarılmayıb.
Göründüyü kimi, MMC-nin cavabdeh şəxsləri İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin və Cinayət Məcəlləsinin 208-ci maddələrinin tələblərinin obyektinə çevrilirlər.
Misal 2: Nəzərə alaq ki, “AA” MMC yuxarıdakı misaldakı kimi əməliyyatlar aparıb. İxrac etdiyi məhsulların dəyərini gecikdirməklə ölkəyə gəlməsini təmin edib. Yəni, müqavilənin şərtlərinə əsasən 20 bank günü yox, 3 aydan sonra qaytarılmasını təmin edib. Bu halda artıq “AA” MMC-nin cavabdeh şəxsləri tutarlı əsaslar, sübütlar, açıqlamalar, lazımı hallarda əlavə sənədlər, razılaşmaları həm gömrük orqanlarına, həm Mərkəzi Banka, həm də hüquq mühafizə orqanlarına təqdim etmələri kimi məsuliyyətləri yarana bilər. Əlbəttə ki, buna müvafiq olaraq hüquqi qiymət veriləcək.
Bu səbəblərdən sahibkarlara mallar, məhsullar, xammal, materiallar faydalı qazıntıların, iş və xidmətlərin ixracı zamanı ya qarşı tərəfdən tam və ya qismən avans vəsaitlərin əldə edilməsi və ya akkreditiv formasında hesablaşmaların aparılması tövsiyə olunur. Sahibkarların ixraca görə valyuta sərvətlərinin vaxtında ölkəyə daxil olmasını təmin etmələri vacibdir. Bu həm iqtisadiyyatın möhkəmlənməsi, həm də şəffaf, düzgün sahibkarlığın formalaşması deməkdir. (Vergiler.az)