İran Mərkəzi Bankının sədri Məhəmməd Fərzin milli valyutanın ciddi zəifləməsi fonunda istefa verib.
FED.az xəbər verir ki, bu barədə "Nour News" agentliyi Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr üzrə rəhbərinin müavini Məhəmməd Mehdi Təbatəbaiyə istinadən məlumat yayıb.
O bildirib ki, İran Prezidenti Məsud Pezeşkianın Fərzinin ərizəsini qəbul edəcəyi gözlənilir.
"Mərkəzi Bankın sədri istefa verib və prezident bununla razılaşa bilər", - o deyib.
Eyni zamanda, İran Mərkəzi Bankının mətbuat xidmətinin rəhbəri Mustafa Qəməri Vəfa "Fars" agentliyinə müsahibəsində bildirib ki, Fərzinin istefası məsələsi yeni bir şey deyil. Onun sözlərinə görə, Mərkəzi Bankda lazımi müzakirələr aparılır və onların nəticələri daha sonra ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, İran rialının məzənnəsinin kəskin düşməsi səbəbindən sahibkarlar bu gün Tehranın mərkəzində etiraz aksiyalarına başlayıblar. "Fars" agentliyinin məlumatına görə, etirazçılar həmkarlarını mağazaları bağlamağa və hərəkata qoşulmağa çağırıblar.










