Azərbaycan hökuməti ölkə iqtisadiyyatı, dövlət büdcəsi və milli valyutanın məzənnəsi ilə bağlı əsas riskləri açıqlayıb. FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyevin imzaladığı «Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya»da bildirilir.
Sənəddə deyilir ki, əsas makroiqtisadi göstəricilərin qiymətləndirilməsi zamanı bir sıra risklərin və kənarlaşmaların olma ehtimalı müşahidə edilir.
Belə ki, enerji resurslarının qiymətlərində kəskin enmələr, eləcə də təbii resursların hasilatının azalması, inflyasiya artımı, habelə büdcə vəsaitinə tələbin gözlənilməz artımı ortamüddətli dövrdə fiskal dayanıqlıqda dalğalanmalara səbəb ola biləcək risklərdir.
Bununla yanaşı, iqtisadiyyatda mümkün geriləmələr nəticəsində büdcə gəlirlərinin azalması dövlət resursları üzərində təzyiqi artırmaqla, proqnozlaşdırılandan daha artıq həcmdə büdcə defisitinin yaranmasına səbəb ola bilər. Nəticədə dövlət sektorunun borc tələbləri, buna müvafiq olaraq borca xidmət xərcləri və ümumilikdə dövlət borclarının həcmi gözlənilmədən arta bilər.
Eləcə də bax: «Devalvasiya yalnız bir halda ola bilər...» - MÜSAHİBƏ
Beynəlxalq maliyyə bazarlarında neftin qiymətinin aşağı düşməsi, iqtisadiyyatda struktur islahatlarının səngiməsi kimi risklər səbəbindən ixrac həcminin azalması cari əməliyyatlar hesabında nəzərəçarpacaq kəsir formalaşdıra bilər. Bu, ölkənin strateji valyuta ehtiyatları və milli valyutanın məzənnəsi üzərində təzyiqə səbəb olmaqla, qısa müddət ərzində idxalın bahalaşmasına və inflyasiyanın artmasına zəmin yarada bilər.
Bununla yanaşı, bir mənbədən irihəcmli borc cəlb edilməsində meydana çıxa biləcək risklərin qarşısının alınması məqsədilə dövlət borcu portfelinin strukturunun təkmilləşdirilməsi və borcların cəlbedilmə mənbələrinin optimal hədlərdə diversifikasiyası olduqca mühümdür.
Mövcud iqtisadi konyunkturda yuxarıda qeyd olunan makroiqtisadi risklərin reallaşması ehtimalı aşağı olsa da, həmin risklərin əsas makroiqtisadi gözləntilərdən kənarlaşmalara səbəb olma ehtimalı onların daim diqqət mərkəzində saxlanılmasını zəruri edir.
Bununla yanaşı, sənəddə bildirilir ki, Azərbaycan Respublikasının neft gəlirlərinin, həmçinin ehtiyat aktivlərinin əksəriyyətinin ABŞ dollarında olması valyutada öhdəlik–aktiv balansının saxlanıldığını və xarici valyuta riskinin aşağı olmasını deməyə əsas verir.