Azərbaycanda kredit intizamını bərpa etmək üçün uzun illərdən bəri davamlı sərtləşdirilən qanunverixilikdə ilk dəfə yumşalma qeydə alınıb.
Azərbaycanda problemli kreditlərin məbləği 13 % artıb
FED.az xəbər verir ki, bəzi kreditlər barədə məlumatlar kredit bürosuna verilməyəcək və nəticədə onların qaytarılmasında problem olduqda adamın adı «qara siyahı»ya düşməyəcək.
Bu İnzibati Xətalar Məcəlləsinə və “Kredit büroları haqqında” Qanuna nəzərdə tutulan dəyişiklik nəticəsində baş verəcək.
Hazırda Milli Məclisdə bu iki qanuna dəyişiklik müzakirə edilir. Məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yanvarın iclasında da müzakirəyə çıxarılıb.
Dəyişiklik nədən ibarətdir:
“Kredit büroları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, nisyə mal alqı-satqısı ilə məşğul olan və təqvim ili ərzində nisyə satılmış mallar üzrə dövriyyəsi yüz min manatdan çox olan hüquqi və fiziki şəxslər, yəni sadə desək, kreditlə mal satan mağazalar müştərilərin kredit məlumatlarını – onların aldıqları kreditin məbləğini və bu kreditii necə ödədikləri barədə məlumatları kredit bürosuna təqdim etməlidirlər.
Bunu etməyənləri, yəni həmin məlumatları Kredit Bürosuna verməyənləri İnzibati Xətalar Məcəlləsinə (440.3-cü maddə) əsasən cərimə gözləyirdi.
Qeyd edək ki, “kredit tarixçələrini təşkil edən məlumat” dedikdə kredit tarixçəsi subyektinin cari və ödənilmiş borcları, borc öhdəliklərinin təminatı ilə bağlı, habelə ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsinə imkan verən məlumatlar nəzərdə tutulur.
Bu qayda neçə ildir ki, mövcuddur. Amma indi vəziyyət dəyişib, Milli Məclisə bu qaydanın dəyişməsi, yəni həmin məlumatların kredit bürosuna verilməsinin məcburiliyinin aradan qaldırılması barədə təklif daxil olub.
Layihə müəllifləri bu təklifi onunla əsaslandırırlar ki, həmin məlumatları toplamaq, onlara nəzarət etmək və onları kredit bürosuna təqdim etmək əlavə xərc yaradır.
«Onu da qeyd etmək lazımdır ki, kredit tarixçəsinə aid olan məlumatların həmin təsərrüfat subyektləri tərəfindən təqdim edilməsi böyük inzibati, zaman və sair resurslar tələb edir. Eyni zamanda, onların bu vəzifələrini icra etməsinə nəzarətin təşkilinin, habelə məlumatın vaxtında, düzgün və ya tam verilməməsinə görə məsuliyyətə cəlb etmənin mürəkkəbliyi də mövcuddur»-deyə bu layihə ilə bağlı açıqlamada bildirilir.
Bunları nəzərə almaqla, yeni qanunlarda təklif edilir ki, kredit müştəriləri və onların kreditləri necə qaytarması ilə bağlı məlumatların Kredit Bürosuna məcburi təqdim etmək qaydası aradan qaldırılsın, o cümlədən bunun üçün nəzərdə tutulan cərimə cəzası da ləğv edilsin.
Təklif olunan dəyişikliyə görə bu məlumatların kredit bürosuna mütləq qaydada təqdim edilməsi tələbi və həmin hala görə məsuliyyət tədbirləri, o cümlədən İnzibati Xətalar Məcəlləsinin 440.3-cü maddəsi ləğv edilir. Dəyişiklikdən sonra nisyə mal alqı-satqısı ilə məşğul olan hər bir hüquqi və fiziki şəxsə dövriyyəsindən asılı olmayaraq eyni yanaşma tətbiq ediləcək və onların məlumatı təqdim etməsi məsələsi qanunun 12.2.3-cü maddəsinə uyğun olaraq tənzimlənəcək.
Yəni, yeni qaydaya görə, nisyə mal satan mağazalar belə məlumatları yalnız öz istəkləri olduqda, könüllü şəkldə kredit bürosuna təqdim edəcəklər.
Qanun layihəsi bu sahədə inzibatçılığın sadələşdirilməsinə, müvafiq məlumatları könüllü təqdim etmə mexanizminin bütün nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi və fiziki şəxslərə şamil edilməsinə xidmət edir.