Azərbaycan hökuməti 2022-2025-ci illər üzrə makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərini açıqlayıb.
FED.az xəbər verir ki, Maliyyə Nazirliyinin açıqladığı rəqəmlərə əsasən 2022-ci ildə dövlət büdcəsinin gəlirləri 26 milyard 407 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da ÜDM-in 32,5 faizini təşkil edəcək.
2022-ci ildə büdcə gəlirlərinin 2021-ci illə müqayisədə 3,8 faiz artıq olacağı gözlənilir.
2022-ci ildə də büdcə gəlirlərinin böyük hissəsi neft sektorunun payına düşəcək. Gəlirlərin 52,4 faizini neft sektoru, 47,6 faizini qeyri-neft sektoru təmin edəcək.
Neft sektoru üzrə büdcə gəlirlərinin 85,7 faizini Dövlət Neft Fondundan transfert, 14,3 faizini isə vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edəcəyi proqnozlaşdırılır.
Vergi və gömrük sistemində islahatların davam etdirilməsi və pandemiyanın təsirlərinin azalması 2022-ci ildə qeyri-neft sektoru üzrə müvafiq daxilolmaların artımını 2021-ci ilin təsdiq olunmuş göstəricisinə (Mərkəzi Bankın mənfəətindən ayırmalar və Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert çıxılmaqla) nəzərən 1 844 milyon manat və ya 19,3 faiz artıq proqnozlaşdırmağa imkan verir.
Neftin qiyməti 45 dollar götürülüb
2022-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 45,0 ABŞ dollarına bərabər götürülmüşdür.
Büdcə xərcləri artacaq
2022-ci ildə dövlət büdcəsinin xərcləri 2021-ci ilin təsdiq edilmiş göstəricisinə nəzərən 1,5 faiz artıq olmaqla 28 974 milyon manat məbləğində (ÜDM-in 35,6 faizi) proqnozlaşdırılıb.
Xərclərin 68,7 faizini cari xərclər, 24,7 faizini əsaslı xərclər, 6,6 faizini isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edir. Qeyd olunan dövrdə əsasən əməyin ödənişi və sosial ödənişlərin artması hesabına cari xərclərin əvvəlki ilin proqnoz göstəricisi ilə müqayisədə 10,5 faizlik artımı, əsaslı xərclərin 14,1 faiz, dövlət borcuna xidmətlə bağlı xərclərin isə 13,0 faiz azalması proqnozlaşdırılır.
Dövlət büdcəsi xərclərinin funksional təsnifat üzrə strukturunda ən çox paya iqtisadi fəaliyyət (18,64 faiz), müdafiə və milli təhlükəsizlik (15,5 faiz), ümumi dövlət xidmətləri (14,7 faiz), təhsil (12,9 faiz) və sosial müdafiə və sosial təminat (12,4 faiz) xərcləri malik olacaqdır.
İqtisadiyyatın 3 pilot bölməsi seçilib
Maliyyə Nazirliyinin açıqladığı məlumatda deyilir ki, dövlət maliyyəsinin idarə olunması sahəsində aparılan islahatların davamı olaraq ölkədə nəticəəsaslı büdcə mexanizminin tətbiqi məqsədilə 2022-ci ilin dövlət büdcəsi xərclərinin funksional təsnifatının üç pilot bölməsi (“Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi”) üzrə xərclər sektorların strateji planları ilə əlaqələndirilərək proqram, subproqram və tədbirlərə uyğun proqnozlaşdırılmışdır.
2022-ci ildə təhsil sektorunda 111 tədbiri əhatə edən 17 proqramın həyata keçirilməsi üçün 3740,0 milyon manat vəsait proqnozlaşdırılmışdır ki, bu da 2021-ci ilin təsdiq edilmiş büdcəsi ilə müqayisədə 462,3 milyon manat və ya 12,4 faiz çoxdur.
Eyni zamanda, kənd təsərrüfatı sektorunda 37 tədbiri əhatə edən 5 proqramın həyata keçirilməsi üçün ümumilikdə 986,0 milyon manat proqnozlaşdırılmışdır ki, bu da 2021-ci ilin təsdiq edilmiş büdcəsi ilə müqayisədə 43,0 milyon manat və ya 4,4 faiz çoxdur. Növbəti ildə proqnozlaşdırılan vəsaitin 6,6 milyon manatı yeni siyasət təşəbbüslərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuşdur.
Ətraf mühitin mühafizəsi sektorunda isə 41 tədbiri əhatə edən 4 proqramın həyata keçirilməsi üçün 280,1 milyon manat məbləğində vəsait proqnozlaşdırılmışdır ki, bu da 2021-ci ilin təsdiq edilmiş büdcəsi ilə müqayisədə 4,6 milyon manat və ya 1,6 faiz çoxdur.
Eyni zamanda hər üç pilot sektor üzrə tədbirlərin icrası üçün sərf edilən maliyyə vəsaitinin nəticəəsaslılığının ölçülməsinə imkan verən monitorinq göstəriciləri (indikatorlar) müəyyən edilmiş və qiymətləndirilmənin nəticələrinə əsasən təklif və tövsiyələrin müvafiq büdcə təşkilatlarına təqdim edilməsi nəzərdə tutulmuşdur.
OMXÇ ilə əhatə edilmiş proqram və tədbirlərlə yanaşı, regionların inkişaf etdirilməsi, əhalinin sosial rifahının və həyat şəraitinin yaxşılaşdırılması, ölkə ərazisində müasir infrastrukturun formalaşdırılması və dövlətin digər funksiyalarının icrasına yönəlmiş dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsi 2022-ci ildə də davam etdiriləcəkdir.
Dövlət büdcəsinin kəsiri azalacaq
2022-ci ildə dövlət büdcəsinin kəsirinin 2021-ci ilin təsdiq edilmiş göstəricisindən 17,6 faiz az olmaqla 2567,0 milyon manat olacağı proqnozlaşdırılır ki, bu da ÜDM-in 3,2 faizini təşkil edəcəkdir. Kəsir vahid xəzinə hesabının qalığı (45,2 faiz), daxili və xarici borclanma (27,3 faiz), layihə maliyyələşdirilməsi əsasında cəlb edilən kreditlər (23,1 faiz) və özəlləşmədən daxilolmalar (4,4 faiz) hesabına maliyyələşdiriləcəkdir.
2022-ci ildə icmal büdcənin gəlirləri 26967,7 milyon manat, xərcləri 32145,9 milyon manat, kəsiri isə 5178,2 milyon manat səviyyəsində proqnozlaşdırılır.