“Səhiyyə Nazirliyinin rəsmi hesabatına əsasən, 2015-ci ildə respublika üzrə hər 10 000 nəfər əhalinin çarpayılarla təminatı 39,6 ədəd, həkimlərlə təminatı 27 nəfər təşkil etdiyi halda, bu göstəricilər Goranboy rayonu üzrə müvafiq olaraq 21,5 ədəd və 18,8 vahid təşkil edib”. Bu barədə Hesablama Palatasının yaydığı məlumatda qeyd edilir.
Hesabata əsasən, Goranboy Mərkəzi Rayon Xəstəxanasında və onun tabeliyində fəaliyyət göstərən səhiyyə müəssisələrində təsdiq olunmuş ştatların 2014-cü ildə 8,9%-i və ya 94,0 vahidi, 2015-ci ildə 9,3%-i və ya 98,5 vahidi, 2016-cı ilin 9 ayında isə 10,7%-i və ya 113,0 vahidi vakant olub, rayon üzrə çarpayı günlərinin icra göstəriciləri çox aşağı olub, müvafiq olaraq 40,2%, 31,5% və 29,1% təşkil edib:
“Goranboy Mərkəzi Rayon Xəstəxanasının və onun tabeliyindəki səhiyyə müəssisələrinin auditlə əhatə olunan illərdə büdcə vəsaitləri üzrə proqnozlar tərtib edilərkən tibb müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməyib, bir çox xərc maddələri üzrə müvafiq hesablamalar aparılmayıb, eləcə də əvvəlki illərin icra göstəriciləri nəzərə alınmayıb, vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi halları müəyyən edilib. Goranboy Mərkəzi Rayon Xəstəxanasında və tabeliyindəki səhiyyə müəssisələrində bir çarpayı gününə sərf olunmuş dərman və ərzaq xərcləri üzrə göstəricilər strukturuna daxil olan tibb müəssisələri üzrə də kəskin fərqli olub, müxtəlif illərdə əvəzsiz qaydada verilib və alınmış bəzi inventarlar uzun müddət xəstəxananın şöbələrində istifadəsiz saxlanılmaqla səmərəsiz xərclərə yol verilib, imtiyazlı xəstələrə dərman, sarğı ləvazimatları və materiallarının paylanması zamanı mövcud normativ aktların tələblərinə tam əməl edilməyib, bəzi hallarda malların alınması zamanı miqdarı tələbatdan, qiyməti isə orta bazar qiymətindən artıq olub”.
Palata bəyan edib ki, auditlə əhatə olunan dövrdə tarif dərəcələri düzgün müəyyənləşdirilməyib, ərzaq, mal-material, eləcədə dərman, sarğı ləvazimatları və materialları üzrə çatışmazlıq olub, benzin və dizel yanacağı müəyyən edilmiş qiymətdən baha qiymətə alınıb, təsdiq olunmuş ərzaq məhsullarının siyahısında nəzərdə tutulmayan ərzaq məhsullunun alınması hallarına yol verilib: “Təmir-tikinti işlərinin aparılması zamanı işlər yerinə yetirilmədiyi halda podratçılara büdcə vəsaiti ödənilib, “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsi Qaydaları”nın tələbələrinə düzgün əməl edilməyərək əsaslı təmir xərci kapitallaşdırılmış məsrəflər kimi uçota alınmayaraq xərcə silinib. “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq Mühasibat uçotunun təşkili və aparılmasına dair təlimat”ın tələbləri tam təmin edilməyib, mühasibat uçotu əsasən qüvvədən düşmüş təlimatın hesablar planına uyğun işlənilib, alınmış bəzi mal-materiallar anbara mədaxil edilmədən birbaşa maddi-məsul şəxsin öhdəsinə verilib, “Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun əsas fondlara və qeyri maddi aktivlərə tətbiq edilən amortizasiya normaları barədə” təlimatın tələbləri gözlənilməyərək Torpaq, tikili avadanlıq və digər uzunmüddətli aktivlərə artıq amortizasiya hesablanıb”.
Hesablama Palatasının Kollegiyası Goranboy Mərkəzi Rayon Xəstəxanası tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib, müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması və bu istiqamətdə həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Goranboy Mərkəzi Rayon Xəstəxanasına, eyni zamanda auditin nəticələri ilə bağlı məlumat aidiyyəti üzrə Səhiyyə Nazirliyinə və Goranboy rayon İcra Hakimiyyətinə göndərilib.
Eyni zamanda, nəzarət tədbiri zamanı dövlət büdcəsindən ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmaması ilə bağlı aşkar edilmiş hüquq pozuntuları üzrə müvafiq materialların Goranboy rayon Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edib.
Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.