Bu ilin yanvar-aprel aylarında Azərbaycanda neft hasilatının azalması cüzi iqtisadi artım qeydə alınıb və bu, ÜDM-in real artım tempinin yenidən baxılma zamanı azaldılması ilə nəticələnib.
Azərbaycanda iqtisadi artım zəifləyir – RƏQƏMLƏR AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “2023-cü il dövlət büdcəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Sənəddə deyilir ki, 4 ayda Azərbaycan iqtisadiyyatında yaradılmış əlavə dəyər 39 986,5 milyon manat olub, iqtisadi artım tempi 0,1% təşkil edib. Cüzi artım tamamilə qeyri-neft/qaz sektoru hesabına təmin edilib, bu sektorun 1,5 faiz bəndi artırıcı təsiri neft-qaz sektorunun 1,4 faiz bəndi azaldıcı təsirini üstələyib. Qeyri-neft/qaz sektorunun artımına müsbət töhfəni əsasən turizm və tikinti sektoru verib, azaldıcı təsir təkcə nəqliyyat sektorundan formalaşıb. Neft-qaz sektorunun azalması isə qaz hasilatının artımı fonunda neft hasilatının 8 % azalması ilə izah olunur.
2023-cü ilin dövlət büdcəsinə yenidən baxılma zamanı ÜDM-in 111,6 milyard manata qədər artırılması, iqtisadi artım tempinin isə 1,8%-ə endirilməsi nəzərdə tutulur. ÜDM-in nominal məbləğində nəzərdə tutulan artımın həm neft-qaz, həm də qeyri-neft/qaz sektoru hesabına təmin olunacağı proqnozlaşdırılır. Belə ki, dürüstləşdirilmiş proqnozda 5,6 milyard manatın 4,4 milyard manatının qeyri-neft/qaz, 1,2 milyard manatının isə neft-qaz sahələrindən formalaşacağı gözlənilir.
Neft-qaz sektoru üzrə artım neftin qiymətinin yenidən baxılan “Büdcə zərfi”ndə 10 ABŞ dolları çox olmaqla, 60 ABŞ dolları hesablanması ilə əlaqəlidir.
İqtisadi artım tempinin daha az nəzərdə tutulması yalnız neft-qaz sektorundan qaynaqlanır. Belə ki, neft-qaz sektoru üzrə ilkin olaraq proqnozlaşdırılmış artımın təxminən 1,5% azalma ilə (hesablamalarımıza əsasən) əvəzlənəcəyi gözlənilir.
Yenidən baxılma zamanı iqtisadi artım üzrə dəqiqləşdirilmiş məlumatların məhdud olmaqla yalnız icmal göstəricilər şəklində təqdim olunması bu istiqamətdə rəy verilməsinə təsir etmişdir. İlk 4 ay üzrə iqtisadi meyillərin təhlilinə əsaslanaraq Hesablama Palatası ilin sonunda həm neft, həm də qeyri-neft sektorları üzrə ÜDM-in nominal məbləğinin dürüstləşmiş göstəricidən daha çox olacağı qənaətinə gəlib. (Report)