Dövlət büdcəsindən büdcədənkənar dövlət fondlarına ayırmalar üzrə İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsaitdə əhəmiyyətli azalma proqnozlaşdırılıb.
İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsaitin azalmasının səbəbi açıqlanıb
FED.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyi”ndə əksini tapıb.
Qeyd edilib ki, əvvəlki illərdən fərqli olaraq, növbəti ildə İTSF-ə ayrılması proqnozlaşdırılan 900,0 mln. manatın tamamilə əhalinin icbari tibbi sığortalanması üzrə xərclərə yönəldiləcəyi nəzərdə tutulur. Başqa sözlə, növbəti ildə İTSF-ə ayrılan vəsaitin tərkibində sığorta məqsədi ilə bağlı olmayan dövlət öhdəliklərinin (səhiyyə sahəsində bir sıra məqsədli tədbirlərin) maliyyələşdirilməsi ilə bağlı xərclər yer almayıb. Bu, 2026-cı ildə bir sıra dövlət proqramı və tədbirlər üzrə xərclərin icrasının İcbari Tibbi Sığorta Fondunun vəsaitləri hesabına həyata keçiriləcəyi ilə bağlıdır.
Bildirilib ki, 2026-cı ildə “Səhiyyə” bölməsi üzrə 2024,3 mln. manat vəsait proqnozlaşdırılıb, cari ilin proqnozuna nisbətən 30,7 mln. manat artacağı nəzərdə tutulub. Artım əsasən “Səhiyyə sahəsində digər xidmətlər” köməkçi bölməsi üzrə xərclərin 63,6 mln. manat artımı ilə izah olunur.
Köməkçi bölmə üzrə cəmi xərclərin artımı bəzi bölüşdürülməmiş xərc istiqamətləri (əsasən “Səhiyyə sahəsinə aid olan digər tədbirlər”, “Sosial-iqtisadi və digər tədbirlərin maliyyələşdirilməsi”) ilə əlaqəli olub. Bu köməkçi bölmədə İTSF-ə ayrılan vəsait üzrə əhəmiyyətli azalma fonunda bu xərclərin “Səhiyyə” bölməsində payının 44,5%-ə enəcəyi nəzərdə tutulur. Bu, 2025-ci ildə 71,1% -dir.












