Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsinin növbəti il və sonrakı üç il üzrə olmaqla, həmçinin büdcə təsnifatına uyğun tərtib edilərək təqdim olunması zəruridir.
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının DSMF-nin 2022-ci ilə zürə büdcəsi ilə bağlı parlamentə verilən rəydə bildirilir.
Bundan başqa, Palata hesab edir ki, Fondun təkcə növbəti ilin büdcəsi deyil, eləcə də icra vəziyyəti ilə bağlı da parlamentə sənəd təqdim edilməlidir və hazırda bu praktikanın olmaması risk sayıla bilər. Palata Fondun fəaliyətinə Milli Məclisin nəzarətinin gücləndirilməsini zəruri sayır: «Nəzərə alsaq ki, dövlət büdcəsindən Fondun büdcəsinə hər büdcə ilində əvvəldə göstərildiyi qaydada kifayət qədər vəsait köçürülür, eyni zamanda Fond ölkənin əsas sosial müdafiə və sosial təminat xərclərini özündə cəmləşdirən əsas maliyyə mənbəyidir, bu səbəbdən dövlət büdcəsi ilə Fondun büdcəsinin icra səviyyəsinin qarşılıqlı uzlaşdırılması və əlaqələndirilməsi, eləcə də paralel nəzarətin təşkili baxımından Fondun büdcəsinin icrası vəziyyətinin dövlət büdcəsi kimi Milli Məclisə təqdim edilməməsi və Milli Məclis tərəfindən baxılaraq təsdiq olunmaması dövlətin maliyyə vəsaitlərinə, həmçinin dövlət maliyyəsinə tam parlament nəzarətinin təmin olunmasında risk olaraq qiymətləndirilməlidir»-deyə hesabatda deyilir.
Bundan başqa, Hesablama Palatası hesab edir ki, dövlət büdcəsindən DSMF-ə ayrılan məbləğin məqsədləri daha aydın təsbit olunmalı və ona uyğun nəzarət edilməlidir: «Son illərdə mahiyyətcə dövlətin öhdəliklərinə aid edilən bəzi xərclərin icra prosesində məcburi dövlət sosial sığorta haqlarından yığımlar hesabına maliyyələşdirilməsi təcrübəsinə əsaslanmaqla Hesablama Palatası normativhüquqi aktlarda Fondun büdcəsinə dövlət büdcəsindən transfertin məqsədinin uyğunlaşdırılması və daha konkret çərçivənin müəyyənləşdirilməsi zərurətinin olması qənaətindədir».
«Hesablama Palatası dövlət büdcəsindən Fonda ayrılan vəsaitlərin büdcə xərclərinin funksional və iqtisadi təsnifatı üzrə müəyyənləşdirilməsinin dövlətin öhdəliklərinin konkret müəyyənləşdirilməsində vacib amil olduğunu diqqətə çatdırır»-deyə hesabatda bildirilir.
Palata bildirir ki, qanun layihəsində gəlirlərin və xərclərin strukturu sosial sığorta və əmək pensiyaları üzrə münasibətləri tənzimləyən hüquqi aktlara uyğun olmaqla müəyyən edilib. Bununla yanaşı, Hesablama Palatası Fondun gəlir potensialının və xərc istiqamətlərinin daha da şəffaflaşdırılması imkanlarının mövcud olması qənaətindədir.