“Millət vəkillərinin çıxışları bizdən daha sərt olmağımız və qətiyyətli addımlar atmağımız, artıq xərclərin bərpası ilə bağlı tədbirlərin gücləndirilməsinə köklənib”.
Eləcə də bax: Hesablama Palatası: Qeyri-neft sektoru daha çox ticari sahələrin hesabına böyüyüb
FED.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Milli Məclis” jurnalına müsahibəsində bildirib.
O qeyd edib ki, son illər aparılan nəzarət tədbirləri nəticəsində Hesablama Palatası tərəfindən 130,0 mln.manatdan çox vəsaitin həm pul, həm də natura şəklində bərpasına nail olunub:
“Eyni zamanda, bu dövrdə ümumilikdə 35 material hüquq-mühafizə orqanlarına göndərilib. Bu materiallar da kifayət qədər maliyyə tutumludur və hüquq-mühafizə orqanları tərəfindən müvafiq hüquqi qiymət verilərək, məqsədəuyğun tədbirlər görülüb. Əlbəttə ki, millət vəkillərinin bizim hesabatlara daha praktik və tələbkar yanaşmaları dövlət vəsaiti üzərində parlament nəzarətinin gücləndirilməsindən xəbər verir”.
Palata sədri aparılan təhlillərə əsasən deyib ki, dövlət vəsaitlərinin icrasını tənzimləyən normativ-hüquqi aktların yenilənməsinə, təkmilləşdirilməsinə, ümumiyyətlə bu bazanın genişlənməsinə ciddi zərurət var:
“Qanunun fəaliyyətə deyil, fəaliyyətin qanuna uyğunlaşması lazımdır. Vəsaitlərin səmərəli və nəticəli istifadəsi, ilk növbədə, həmin vəsaitlərin qanunauyğun istifadəsindən keçir. Bu baxımdan həmin vəsaitlərin istifadə istiqamətlərinin düzgün müəyyənləşdirilməsinə şərait yaradan, norma müəyyən edən hüquqi baza nə qədər geniş və əhatəli olarsa, vəsaitlər bir o qədər də qanunuyğun icra edilər. Normativ-hüquqi bazanın təkmilliyi, həmçinin vəsaitlərin icrası üzərində nəzarətin də fəaliyyətinə yardımçı olur, bu fəaliyyətin effektivliyini yüksəldir. İkinci əsas məsələ, dövlət maliyyə nəzarətinin bütün mərhələlərində vahid yanaşma və bir-birini tamamlayan daxili və kənar nəzarət sistemlərinin əlaqələndirilməsi ilə bağlıdır. Nəhayət sonuncu istiqamət, hər bir təşkilatın fəaliyyətinin nəticə göstəriciləri əsasında qurulması, strateji sənədlərdəki hədəflərə uyğun müəyyən edilməsi və fəaliyyətlə bağlı mütəmadi hesabatlılığın təşkili və məsuliyyətin adekvatlığından keçir”.
V.Gülməmmədov bildirib ki, cari təcrübə icra edilmiş dövlət büdcəsinin tam audit edilməsinə imkan yaratmır:
“Belə ki, büdcə vəsaitlərini istifadə edən qurumlar tərəfindən maliyyə hesabatlarının tərtib edilməsi ilə bağlı müəyyən edilmiş son tarix rəyin təqdim edilməsi zamanı həmin hesabatların dürüstlülüyünün, göstəricilərin həmin hesabatlarda dəqiq əks etdirilib-etdirilməməsinin yoxlanılmasına imkan vermir və bu, dövlət büdcəsinin icrası üzrə qanuna dair hazırlanmış sənədin də rəy olaraq tərtibinə mane olur. Bu baxımdan, dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinin müzakirəsinin daha gec tarixlərdə, bir çox ölkələrdə, hətta MDB-yə üzv dövlətlərdə olduğu kimi, növbəti ilin dövlət büdcəsi layihəsinin müzakirə edildiyi müddətə təyin edilməsi məqsədəmüvafiqdir. Belə yanaşma, həmçinin növbəti ilin büdcə parametrləri üzrə millət vəkillərinə daha çox məlumatlar əsasında qərarların qəbul edilməsinə şərait yaratmış olar”. (Modern)