Prezident İlham Əliyev mayın 25-də “Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Maliyyə Monitorinqi Xidməti Azərbaycanda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən, fəaliyyəti əlaqələndirən və dövlət büdcəsindən maliyyələşən publik hüquqi şəxsdir.
FED.az xəbər verir ki, yeni xidmətin yaradılmasını şərh edən iqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, Azərbaycanda maliyyə monitorinqi xidməti hər zaman olub: “Yəni bu, yenilik deyil. Əvvəllər bu, Mərkəzi Bankın tərkibində fəaliyyət göstərib. Sonra Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb və bu öhdəliklər, funksiyalar Palataya həvalə edilib”.
Onun sözlərinə görə, bu qurum hansısa formada başqa təşkilatlardan maliyyə baxımından asılı olmamalıdır: “Qurum hər hansı bir xidmət təklif etmir. O baxımdan, qurumun büdcəsi birmənalı olaraq dövlət vəsaitləri hesabına təmin olunmalıdır. İstənilən halda, hər hansı bir tərəfdən maliyyə asılılığı olmamalıdır”.
“Hazırda isə müstəqil bir qurum yaradılıb və bu, müsbət haldır. Yəni Maliyyə Monitorinqi Xidmətinin müstəqilliyi qurumun fəaliyyətinin keyfiyyətində əsas elementlərdən biridir. Bu, dünya təcrübəsində də özünü göstərir. Yəni əksər inkişaf etmiş ölkələrdə Maliyyə Monitorinqi Xidməti müstəqil fəaliyyət göstərir”, — deyə ekspert vurğulayıb.
İqtisadçı-ekspert Vüqar Bayramov da Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, söhbət praktiki olaraq mövcud xidmətin statusunun dəyişdirilməsindən gedir: “Mövcud xidmətin statusunun artırılması həyata keçirilib. Maliyyə Monitorinqi Xidmətinin məqsədi, xüsusən çirkli pulların yuyulmasının qarşısını almaqdır. Daha dəqiq desək, dəyəri 20 mindən çox olan köçürmələr avtomatik olaraq Xidmət tərəfindən monitorinq edilir və onların təyinatı, eyni zamanda çirkli pulların yuyulmasına xidmət edib-etməməsi müəyyənləşdirilir.”.
Eləcə də bax: Kassadan çıxarılan puldan vergi tutulur? - NAZİRLİKDƏN AÇIQLAMA
V.Bayramov əlavə edib ki, yeni publik-hüquqi şəxsin yaradılmasında da məqsəd odur ki, bu sahədə nəzarəti gücləndirmək, xüsusən çirkli pulların yuyulmasına qarşı mübarizəni artırmaq mümkün olsun: “Nəticə etibarı ilə Maliyyə Monitorinqi Xidmətinin statusunun genişləndirilməsi bu qurumun səlahiyyətlərinin artırılmasına gətirib çıxaracaq və Xidmət daha böyük səlahiyyətlərə malik olacaq”.
“Bu da onun nəzarət mexanizmlərinin təkmilləşməsinə imkan verəcək. O baxımdan, məqsəd nəzarətin gücləndirilməsi və nəzarət mexanizmlərinin təkmilləşdirilməsidir”, — deyə iqtisadçı bildirib.
Qeyd edək ki, fərmana əsasən, Maliyyə Monitorinqi Xidmətinin yaradılmasında məqsəd cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində tələblərə riayət olunması mexanizmini təkmilləşdirmək, nəzarət orqanının potensialını gücləndirmək, aidiyyatı dövlət orqanları və qurumlarının fəaliyyətinin əlaqələndirilməsində səmərəliliyi daha da artırmaqdır.
Sputnik Azərbaycan