Hesablama Palatası 2019-cu ilin dövlət büdcəsi ilə bağlı rəyini açıqlayıb. FED.az xəbər verir ki, dünən parlamentin komitələrində aparılan müzakirələrdə palatanın rəhbəri Vüqar Gülməmmədov qurumun büdcə ilə bağlı əsas fikirlərini qeyd edib. FED.az sədrin çıxışındakı əsas məqamları təqdim edir:
2019-cu il üçün Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği 11364,3 mln. manat məbləğində, dövlət büdcəsinin gəlirlərində payı 49,5% səviyyəsində və 2018-ci ilin gözlənilən icra göstəricisindən 398,3 mln.manat və ya 3,6% çox olmaqla proqnozlaşdırılmışdır.
Növbəti il üçün transfertin həcmi 2013-cü ildəki səviyyədə proqnozlaşdırılsa da, həmin dövrdə büdcədə neft sektorunun payı 73,2% olmuş, hal-hazırda isə bu pay 59,8%-dək azalmışdır. Ümumiyyətlə, neftin baza qiymətinin növbəti il üçün 9,1% artırılaraq 60 dollar səviyyəsində qəbul olunması dövlət büdcəsinin neft gəlirlərinin artımına əhəmiyyətli təsir göstərmir.
Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələri Qanun layihəsində əvvəlki illərə uyğun olaraq müəyyən edilmişdir. Bununla belə, əvvəlki illərdə xarici kreditlər dövlət büdcəsinin kəsirinin maliyyələşmə mənbəyi kimi nəzərdə tutulmur, kreditlərin məqsədli xarakter daşıdığı nəzərə alınmaqla icmal büdcənin xərcində ayrı komponent olaraq göstərilir və icmal büdcənin kəsirinin maliyyələşmə mənbəyi kimi qəbul olunurdu. 2019-cu ildə xarici kreditlər üzrə nəzərdə tutulan 1695,7 mln. manat əvvəlki illərdən fərqli olaraq icmal büdcə xərclərinin tərkibində ayrıca komponent kimi deyil, dövlət əsaslı vəsait qoyuluşu xərclərinin tərkibinə daxil edilərək proqnozlaşdırılmışdır. Eyni zamanda, bu yanaşmanın tətbiqi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun dövlət büdcəsinin kassa icrası ilə bağlı tələblərinin yerinə yetirilməsi istiqamətində mexanizmlərin də hazırlanmasını nəzərdə tutmalıdır.
2019-cu il dövlət büdcəsinin layihəsində büdcədənkənar vəsaitləri üzrə xərclər nəzərəçarpacaq artımla proqnozlaşdırılmışdır – 626,6 mln. manat və ya 2018-ci illə müqayisədə 28,1% çox. Bu artıma müxtəlif amillər təsir göstərmişdir. Göstərilən xidmətlər üzrə qanunvericilik aktlarında dəyişiklərlə yanaşı növbəti ildə bir neçə qurum üzrə ilk dəfə olmaqla bu xərclərin nəzərdə tutulması artıma təsir edən əsas amillər olaraq qiymətləndirilməlidir.
Ümumiyyətlə, Hesablama Palatası büdcə təşkilatlarının xərc normativlərinin hazırlanması, eyni zamanda, büdcədən maliyyələşən xərcləri müəyyən edilərkən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununda göstərilən tələbin icrasını təmin etmək məqsədilə həmin qurumlar tərəfindən büdcədənkənar vəsaitlərinin nəzərə alınması ilə bağlı nəzarətin gücləndirilməsini, analoji yanaşmanın publik hüquqi şəxslərə də tətbiq olunmasını təklif edir.
Eyni zamanda, davamlı gəlir mənbəyi yaradan xərclərə üstünlük verilməsi, dövlət büdcəsinin xərcləri hesabına maliyyələşən publik hüquqi şəxslərin mövcud maliyyələşmə mexanizminin dəqiqləşdirilməsi, dövlət əmlakından səmərəli istifadə edilməsi və bu sahədə daxili nəzarətin gücləndirilməsini məqsədəuyğun hesab edirik.