Azərbaycanın maliyyə institutlarının, rezidentlərinin xaricdə əldə etdiyi dividendlərin mənfəət vergisindən azad olunması təklif olunub.
FED.az xəbər verir ki, bu təkliflə mayın 5-də “Rəqəmsal Biznes Trendləri” devizi altında keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF2018) “KPMG Azərbayca”ın ("Klynveld Peat Marwick Goerdeler") Vergi və Hüquq Departamentinin direktoru Müşfiq Əliyev çıxış edib.
Onun sözlərinə görə, Azərbaycan rezidentlərinin xaricdən əldə etdiyi dividend şəklində gəlirlərə vergi tətbiqi sahibkarların vergi yükünü artırır.
“Toxunmaq istədiyim məsələlərdən biri xaricə edilmiş investisiyadan bir çox maliyyə institutlarının dividend şəklində qazandığı gəlirlərin vergiyə cəlb olunması ilə bağlıdır. Bu, ən aktual mövzulardan biridir. Bir çox Azərbaycan rezidentləri xaricə investisiya qoyur və dividend şəklində gəlir qazanırlar. Lakin dividend şəklində qazanılmış bu gəlir bir xarici ölkədə ödəmə mənbəyində vergiyə cəlb olunur.
Sonra bu gəlir Azərbaycan müəssisəsinə daxil olur. Bu zaman dididend şəklində gəlir 20%-lə mənfəət vergisinə cəlb olunur. Sonradan yenidən səhmdarlara ötürülən zaman yenə də ödəmə mənbəyindən 10%-lik vergiyə cəlb olunur. Gördüyünüz kimi, bir çox investor rezidentlər üçün bu tələblər maraqsızdır. Çünki, burda vergi yükü çox olur. Bu, Azərbaycan rezidentləri üçün cəlbedici mexanizm deyil. Gələcəkdə bununla bağlı beynlxalq təcrübədən istifadə edilməsini təklif edirəm. Məsələn, bir çox xarici ölkələrdə xaricdən əldə edimiş dividend şəklində gəlir vergisi varsa, bu, müəyyən şərtlər daxilində yerli qanunvericiliyə uyğun olaraq möhlət verilir. Beynəlxalq təcrübədə bu zaman mənfəət vergisindən tam azad olma da var.
Və yaxud beynəlxalq təcrübədə səhmdara ötürülən zaman dividenddən vergi tutulmur. Bu təcrübə ölkəmizdə tətbiq olunsa, rezidentlərin xaricə investisiyası daha da təşviq edilə bilər”, deyə M.Əliyev vurğulanıb (apa.az).