Qeyd edək ki, hazırda Azərbaycanın qiymətli kağızlar bazarında müxtəlif təşkilatlar tərəfindən manat, dollar və avro ilə buraxılmış bir neçə istiqrazlar rəsmi dövriyyədədir. Amma hələlik onlardan yalnız biri - SOCAR istiqrazları təkrar bazarda kütləvi şəkildə alınıb-satılır. Digər istiqrazlar isə daha çox unvanlı olaraq satıldığından bazarda onlarla əməliyyatlar demək olar ki, aparılmır.
Belə vəziyyətdə METAK-ın yeni istiqraz emissiyası bazar iştirakçıları üçün yeni seçim yaradır. İnvestorları maraqlandıran suallardan biri də hansı alətin - SOCAR, Unibank və ya METAK istiqrazının – daha sərfəli olmasıdır.
FED.az hər üç istiqrazın buraxılış şərtləri və tətbiq edilən mexanizmləri nəzərə alaraq iki qiymətli kağızı bir-biri ilə müqayisə edib. Belə müqayisələr investorların yartırım üçün hər hansı aləti seçib-seçməsinə yardım etməklə yanaşı, əhalinin maliyyə və qiymətli kağızlar sektoru sahəsində maariflənməsinə də kömək edir.
Beləliklə, istiqrazların əsas göstəriciləri ilə tanış olaq.
İstiqrazların həcmi və nominal qiymət
Məlumatda göründüyü kimi, METAK istiqrazları 2 milyon manatlıq həcmdə buraxılıb, nominal qiyməti 1000 manatdır. Bu, digər iki istiqrazdan daha azdır - Unibank istiqrazları 10 milyon dollarlıq, SOCAR İstiqrazlarında isə emissiya həcmi bndan 10 dəfə artıq – 100 milyon dollardır. Amma hər iki istiqrazın nominal qiyməti 1000 dollar təşkil edir.
İstiqrazın müddəti: 1 il, 5 il və 6 il
Unibank istiqrazları 6 illik müddətə buraxılacaq. Bu o deməkdir ki, sabah, dekabrın 28-də istiqraz alan şəxslər onu 2023-cü ilin sonunadək özündə saxlamalı olacaq (niyə özündə saxlamalı olacaq ona aşağıdakı toxunacağıq). METAK İstiqrazlarını isə yalnız bir illiyə almaq olar.
2016-cı ilin oktyabrında 5 illik müddətə buraxılmış SOCAR istiqrazları isə 2021-ci ilin oktyabrınadək dövriyyədə olacaq. Başqa sözlə, Unibankın istiqrazları daha 2 il uzun müddətə dövriyyədə qalacaq.
Faiz dərəcəsi: 5%, 6% və 14%
Ən maraqlı vəziyyət istiqrazların faiz dərəcələrindədir. Elan edilən şərtlərə görə, Unibank istiqrazları üzrə illik gəlirlik 6%-dir. Yəni 1000 dollarlıq Unibank istiqrazı öz sahibinə ildə 60 dollar gəlir gətirəcək. Faizlər hər 3 aydan bir ödəniləcək. Hər dəfə istiqraz sahibi hər istiqraza görə 15 dollar faiz alacaq.
SOCAR istiqrazlarının illik gəlirliyi 5% təşkil edir. Yəni 1000 dollarlıq SOCAR istiqrazı öz sahibinə ildə 50 dollar gəlir gətirir. Faizlər hər 3 aydan bir ödənilir (artıq bir ildir ki, ödəniş aparılır). Hər dəfə istiqraz sahibi hər istiqraza görə 12,5 dollar faiz alır. Qeyd edək ki, SOCAR istiqrazları sahibləri artıq bir ildir ki, faiz ödənişlərini almaqdadırlar.
METAK istiqrazlarında vəziyyət fərqlidir. Bu kağızlar manatla buraxıldığına görə, onun gəlirliyini dollar istiqrazları ilə müqayisə etmək çətindir. Bu vəziyyətdə istiqrazların gəlirliyini eyni valyutada olan əmanətlərlə müqayisə etmək mümkündür. Bank əmanətlərindəki faizləri nəzərə alanda, hər 3 istiqrazın gəlirliyi əmanətlərdən daha yüksəkdir.
Bəs əslində vəziyyət necədir?
Yuxarıdakı göstəricilərə baxanda, Unibank və METAK istiqrazlarının daha sərfəli yatırım olması təsəvvürü yarana bilər. Çünki onların gəlirliyi daha yüksəkdir. Amma bu, qiymətli kağızlar bazarı ilə demək olar ki, maraqlanmayan və məlumatı az olan təbəqənin gəldiyi nəticədir. Əsl investorlar, bu kağızlara real olaraq yatırım etmək istəyənlər isə daha ciddi məqamlara diqqət yetirirlər. Məsələ bundadır ki, istiqrazların bəzi xüsusiyyətləri onların gəlirliyi və dövriyyə müddətindən qat-qat vacibdir. Beləliklə…
Geri alma zəmanəti
Yuxarıda istiqrazların dövriyyələri müqayisə edilərkən, göstərmişdik ki, Unibank istiqrazlarının sahibləri onları 6 il özlərində saxlamalı olacaqlar. Məsələ bundadır ki, Unibankın istiqrazlarında geri alım zəmanəti yoxdur. Yəni istiqraz sahibi, məsələn, bir ildən sonra onları bütünlüklə və ya bir hissəsini satmaq istəsə, bunu yalnız o halda edə biləcək ki, qiymətli kağızlar bazarında bu istiqrazı almaq istəyən alıcı olsun. Belə alıcı olmasa, istiqraz sahibi onu sata bilməyəcək.
METAK İstiqrazlarında da eyni vəziyyətdir. İstiqrazların şərtlərinə görə, istiqraz sahibi onu ən tezi yalnız 6 aydan sonra qaytara biləcək. Ona qədər isə kağızları özlərində saxlamalıdır. Amma METAK istiqrazları cəmi 1 illiyə buraxıldığına görə, onun alicıları istəsələr bu məhdudiyyəti hiss etməyə bilərlər.
SOCAR istiqrazında isə geri alma zəmanəti qüvvədədir. Bu o deməkdir ki, əgər SOCAR İsiqrazının sahibi onu satmaq istəyirsə və bazarda bu istiqrazı alan alıcı yoxdursa, SOCAR özü həmin istiqrazı alacaq. Həmin zəmanət sayəsində SOCAR İstiqrazlarınn sahibləri onları istənilən an (əməliyyat cəmi yarım saat çəkir) satıb pula çevirə bilərlər.
Minimum qiymətə alış zəmanəti
Digər mühüm məqam. Bazarda alıcının olması şərt deyil, gərək alıcı istiqraz sahibindən onu məqbul qiymətə alsın. Bunun hansı nəticəyə gətirdiyini elə «Unibank»ın bir qədər əvvəl manatla buraxdığı istiqrazının misalında izah etmək olar. Hazırda dövriyyədə olan və manala buraxılmış istiqrazın nominal qiyməti qiyməti 1000 manat olsa da, onu hazırda bazarda ən çoxu 840 manatdan satmaq olar. Yəni bu istiqrazın sahibi onu satarkən 160 manat zərərlə satacaq. Unibankın indiki istiqrazlarında da belə zəmanət yoxdur.
SOCAR İstiqrazlarında isə yuxarıda deyildiyi kimi, geri alım zəmanəti var və bu zəmanət istiqraz sahibinə imkan verir ki, kağızlarını ən azı nominal qiymətə sata bilsin. Başqa sözlə bazarda heç bir alıcı olmasa da, SOCAR İstiqrazının sahibi ehtiyac yaranarsa, öz istiqrazlarını SOCAR-a azı 1000 dollarlan sata biləcək. Məhz bu zəmanətin nəticəsində SOCAR İstiqrazlarının qiyməti 1000 dollardan aşağı düşmür.
METAK istiqrazlarında isə geri alım zəmanəti mövcuddur, amma yenə də deyildiyi kimi, 6 aydan sonra. İstiqraz sahibi həmin müddətdən sonra ehtiyac olarsa istiqrazını geri qaytara və həm istiqraza verdiyi pulu, həm də həmin vaxtadək hesablanan faizlərini ala bilər.
Marketmeyker
Əslində, istiqrazların müqayisəsini məhz marketmeykerin olub-olmaması ilə başlamaq olardı. Unibank və METAK istiqrazlarında marketmeyker yoxdur, SOCAR İstiqrazlarında isə marketmeyker funksiyalarını «PSG Kapital» şirkəti həyata keçirir.
REPO əməliyyatlarında kim üstündür?
Qiymətli kağızların əsas üstünlüklərindən biri onları girov qoyaraq kreit almaq imkanıdır. Özü də bu zaman girov qoyulması prosesi ənənəvi girovlardakı kimi uzun və çoxsaylı prosedurlardan ibarət deyil – qiymətli kağızlar bazarında bu proses avtomatik baş verir. Bu mənada prinsipcə həm Unibank, həm SOCAR, həm də METAK İstiqrazları ilə REPO əməliyyatı aparmaq olar. Amma burada istiqrazların etibarlığı dərəcəsi ortaya çıxır. Qiymətli kağızın etidarlığı onun təminat əmsalı ilə ölçülür. SOCAR İstiqrazlarında bu göstərici 5%, Unibank və METAK istiqrazlarında isə 40%-dir. Bu o deməkdir ki, neft şirkətinin istiqrazlarını girov qoyanda istiqrazın dəyərinin 95%-i qədər kredit götürmək olar, METAK və Unibank istiqrazlarında isə bu rəqəm cəmi 60%-dir. Yeri gəlmişkən SOCAR İstiqrazları ilə REPO əməliyyatları artıq başlayıb.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir :
Unibank | SOCAR | METAK | |
Emissiya həcmi | 10 mln USD | 100 mln USD | 2 mln AZN |
Nominal qiyməti | 1 000 USD | 1 000 USD | 2 000 AZN |
İstiqrazların tədavül müddəti | 6 il | 5 il | 1 il |
Faiz dərəcəsi | 6% | 5% | 14% |
Faiz gəlirinin ödəniş müddəti | 3 aydan bir | 3 aydan bir | 3 aydan bir |
Marketmeyker | Yoxdur | PSG Capital | Yoxdur |
Geri alma zəmanəti | Yoxdur | Var | Yalnız 6 aydan sonra |
Minimum qiymətə alış zəmanəti | Yoxdur | Var | Yalnız 6 aydan sonra |
Təminat əmsalı | 40% | 5% | 40% |
REPO zamanı istirqaz sahibinin götürə biləcəyi məbləğ (istiqrazlın qiymətinin) | 60% | 95% | 60% |