Azərbaycanda vergi yığımlarının artırılması, paralel olaraq nağdsız dövriyyənin genişləndirilməsi ilə bağlı məmurların gurultulu bəyanatlarına baxmayaraq, iqtisadiyyatın bir hissəsi hələ də nağd dövriyyədədir. Söhbət vətəndaşları və obyektləri bank sektoru ilə birləşdirəcək POS-terminal qurğularının bəzi sahələrdə tətbəq edilməməsindən edir.
Bu sahədə nəinki dəyişiklik baş vermir, əksinə, vətəndaşları nağd ödənişlərə məcbur edən əks yeniliklər baş verməkdədir.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2017-ci ilin noyabrında Azərbaycandakı POS-terminalların sayı ilin əvvəlindəki səviyyədən də aşağı enərək 66 min ədəd olub. Halbuki ilin əvvəlində isə onların sayı 71 164 ədəd idi.
FED.az xəbər verir ki, azalma daha çox pərakəndə ticarət obyektlərinin payına düşüb. Həmin obyektlərdəki POS-terminalların sayı oktyabrdakı 65 137 ədəddən 64 762-ə enib. Ticarətçilər bir ayda 375 ədəd ödəmə aparatından imtina ediblər. İstifadədən çıxarılan POS-terminalların 168-i Bakının, 140-ı isə regionların payına düşür.
Ən maraqlısı da budur ki, POS-terminalların azalması ölokə üçün ən əlverişsiz vaxtda – Azərbaycana əlində kart olan minlərlə müştərinin, xarici turistlərin gəldiyi dövrdə baş verir. Nəticədə öldkə iqtisadiyyatı, vergi və bank sistemi belə müştəriləri və onların faydalarını demək olar ki, «görmür».
14 mindən çox sahibkar POS-terminaldan imtina edib
Azərbaycanda POS-terminalların sayının ən yüksək həddə 2015-ci ilin dekabrında çatıb – 80 301 ədəd. Beləliklə, son 2 ildə 14 273 müəssisə və obyekt POS-terminaldan imtina edib.
Nəzərə alaq ki, 2017-ci ilin yanvarından Azərbaycanda ödənişlərin daha çox nağdsız formada ödənilməsi istiqamətində qərarlar qəbul edilib. Belə bir şəraitdə xidmət və iaşə, ticarət obyektlərində, mağazalarda, nəqliyyatda, ödəmə terminallarının artacağı gözləniliridi. Lakin bunun əksinə olaraq hər ay istifadədə olan POS-terminaların sayı belə azalır.
Vətəndaş çətin vəziyyətdə
Qeyd edək ki, 2016-cı ildə qəbul edilən “Nağdsız hesablaşmalar haqqında” qanunun tələbininə görə, bütün hesablaşmalar, ən xırda ödənişlər belə qeyri-nağd qaydada həyata keçirilə bilməlidir. Hətta bəzi banklarda VÖEN-lə açılan kart hesablarından nağdlaşdırmalara da məhdudiyyət qoyulub. Ancaq vətəndaşların nağdsız ödənişləri həyata keçirmələri üçün demək olar ki, heç bir iş görülməyib. Nəinki xırda ticarət obyeklərində, böyük müştəri bazası olan kafe və restoranlarda, iri ticarət şəbəkələrində, “Binə” və , “Sədərək” kimi regionun ən böyük ticarət mərkəzlərində, insanların tez-tez müraciət etdiyi apteklərdə, tibb müəssislərində, meyvə dükanlarında, təhsil müəssisələrində və kurslarda, nəqliyyatda, dayanacaqlarda quraşdırılan köşklərdə kartla ödəniş etmək mümkün deyil. Çünki həmin obyektlərdə POS-terminal qurulmayıb.
Digər tərəfdən, tutaq ki, uşaq hazırlıq kursunda və ya fərdi müəllimlə dərsdən əlavə məşğul olur. Eləcə də idman mərkəzində yaşına uyğun olan idmanla məşğul olur. Valideyn isə maaşını kartdan çıxara bilmirsə, onun ödənişini nağdsız formada necə ödəyə bilər? Və ya evdə nahar etməyə çatmayan adam yaxınlıqdakı “fast food” satışı obyektinə yaxınlaşıb özünə yemək sifariş edir. Onun pulunu kartla necə ödəyəcək?
Nəqliyyat və bank sistemi bir-birini «görmür»
Digər bir problem “smart-kart”larla bağlıdır. Onlara xidmət haqqı yüklənməsi üçün ancaq nağd vəsait olmalıdır. Çünki bank kartlarından “smart-kart”a ödəniş etmək üçün sistem qurulmayıb. Bu hal nəqliyyat kartlarına da aiddir.
Vergidən yayınmağın ən asan yolu
Bütün bunlar onu deməyə əsas verir ki, qanunvericilikdə müsbətə doğru dəyişikliklər edilsə də reallıqda onları görmək üçün əsaslı maddi-texniki baza yaradılmadı. Bu da həm vergilərin toplanmasında, həm də vətəndaşların ödənişlərində çətinliklərin davam etməsinə “stimul” verir. Halbuki, yeni qaydalar maliyyə dövriyyəsinin şəffaflaşmasına, vergi mənbələrinin artmasına xidmət etməli idi.
“Sədərək” Ticarət Mərkəzində POS-terminal yoxdur
Lakin sadalanan və adı çəkilməyən bir çox xidmət və ticarət obyektlərində POS-terminalların olmaması büdcəyə ciddi zərbə vurur. Məsələn, tək Azərbaycanda deyil, regionda ən böyük ticarət mərkəzi olan “Sədərək” Ticarət Mərkəzində 1 ədəd də olsa POS-terminal qurulmayıb. Rəsmi açıqlamalara görə, uzun illərdir ki, həmin mərkəz xeyli məbləğdə vergilərdən yayına bilib. Halbuki, “Sədərək” ölkənin ən iri vergi ödəyicilərinin siyahısında yer almalıdır.
FED.az “Sədərək” Ticarət Mərkəzinin illik dövriyyəsini öyrənməyə çalışıb. Ancaq ticarət mərkəzinin rəsmiləri sualımızı cavablandırmaqdan imtina etdilər. Onların yanaşması doğru olmasa da hardasa anlaşılandır – külli miqdarda vergidən yayınan bir müəssisə dövriyyəsini açıqlamaqla özünü çətin vəziyyətdə qoymaq istəmir.
Məsuliyyət var, cərimə yoxdur
Ancaq bütün obyektlərdə POS-terminalların olmaması, nağdsız ödənişlərin həcminin kifayət qədər az olmasında Vergilər Nazirliyinin və Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarını Müdafiəsi Dövlət Xidmətinin mövqeləri anlaşılan deyil. Məsələ ilə bağlı Vergilər Nazirliyindən bildirdilər ki, POS-terminalların quraşdırılması və istifadəsi qanuverciliklə tənzimlənr. Belə ki, “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” qanunun 17-ci və Vergi Məcələsinin 16.1.11-1-ci maddəsinə görə, bütün obyektlərdə elektron ödəniş sistemlərinin qurulması sahibkarın və ya satıcının vəzifəsidir. Yəni, hər kəs müştərilərinin nağdsız ödəmələrini təmin etmək üçün öz müəssisəsində və ya obyektində POS-terminal qoymalıdır.
Obyekt sahibləri ilə «tərbiyəvi iş»
Ancaq indiki şəraitdə sahibkarların əksəriyyətinin bu tələbə əməl etməməsinin cəzası da yoxdur. Çünki qanunvericilikdə bununla bağlı hər hansı məsuliyyət nəzərdə tutulmayıb. Vergilər Nazirliyindən bildirdilər ki, POS-terminalın olmaması ilə bağlı vətəndaşlardan şikayət daxil olarsa, məsələ araşdırılır. Əgər fakt təsdiqini taparsa, həmin obyekt sahibləri ilə məlumatlandırma aparılır və nəticə barədə vətəndaşa məlumat verilir.
Eyni cavabı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarını Müdafiəsi Dövlət Xidmətinin tabe olduğu İqtsadiyyat Nazirliyindən də verdilər: “Vətəndaşların müraciətləri 15 və ya 30 iş günü ərzində araşdırılır və onlara cavab verilir. POS-terminal olmadıqda sahibkarlarla məlumatlandırma aparılır”.
Yaranan vəziyət və ona məsul olan oqranların susqunluğu sadəcə təəssüf doğurur. Nağdsız ödənişlərin vergi daxilolmalarına birbaşa təsir etdiyini nəzərə alsaq, bu məsələdə Vergilər Nazirliyi daha çox maraqlı olmalıdır. Əks halda, ciddi məbləğlər vergidən yayınmaqda davam edəcək. Nazirlik isə problemi bankların üzərinə atmaqla öz işini bitmiş hesab edir. Rəsmilər hesab edirlər ki, banklar nağdsız ödənişlərə tətbiq etdikləri komissiya haqlarını azaltmaqla vəziyyəti dəyişə bilərlər.
Vergi güzəşti tətbiq edilməlidir
İqtisadçı ekspert Samir Əliyev isə hesab edir ki, nağdsız ödənişlərin həcmini artıqmaq, POS-teminal şəbəkəsini genişləndirmək üçün sahibkarlara vergi güzəştləri tətbiq edilməlidir:
“Kartlarla qeyri-nağd ödənişlər müəssislərin, obyektlərin şəffaflıq göstəricisidir. Onlar tam şəffaf işləməliir. Ancaq POS-terminal vasitəsilə edilən ödənişlərə görə banklar 0,5- 1 % arasında komissiya haqqı tətbiq edirlər. Üstəlik həmin vəsaitin nağdlaşdırılmasına görə 1% vergi tutulur. Tutaq ki, 1 00 000 min manat dövriyyəyə görə sahibkar 1000 manat vergi ödəməlidir. Burada digər ödənişləri də nəzərə alsaq, vergi yükü 6-7%-ə çatır. Ona görə də sahibkarlar qeyri-nağd ödənişlərə maraq göstərmirlər. Vəziyyəti dəyişmək üçün onlara vergi güzəşti tətbiq edilməlidir”.
Ekspert 2011-ci ildən qurulan nağdsız ödəniş infrastrukturunun düzgün qiymətləndirilmədiyini qeyd edib. Onun sözlərinə görə, bankomatların 60%-i, POS-terminalların isə 90%-ə yaxını Bakıda cəmlənib. İnfrastrukturun natamam olması nağdsiz ödənişlərin həyata keçirilməsinə ciddi çətinliklər yaradır. Ona görə də S.Əliyev infrastrukturun təkmilləşdirilməsini vacib sayıb:
Bank kartları universal olarsa...
“Bunlarla yanaşı, nağdsız ödənişlərin stimullaşdırılması tədbiri kimi limit tətbiq etmək olar. Tutaq ki, 100 manatdan artıq ödənişlərin yalnız nağdsız olmasına dair göstəriş verilə bilər. Hesab edirəm k, bu sahədə maarifləndirmə işləri ilə yanaşı həvəsləndirmə tədbirləri də görülməlidir. Bəzi ölkələrdə də belə qaydalar tətbiq edilir. Məsələn, mal və xidmətlərə 2 qiymət tətbiq edilir. Kartla ödəniləndə həmin məhsullar daha ucuz göstərilir. Bu zaman vətəndaş kartla ödəməyə üstünlük verir”.
Ekspert bank kartlarının universallaşdırılmasını da təklif edib. Belə olan halda yalnız ancaq 1 debet kartla nəqliyyat, kommunal, ticarət və xidmət sahələrində ödəniş etmək mümkün olacaq ki, bu da vətəndaşların rahatlığına, əlavə xərclərin azalmasına səbəb olacaq.
Beləliklə, nağdsız ödənişlərin genişləndirilməsi həm vətəndaşların işini rahatladacaq, həm də büdcə yığımlarını təmin etməyə imkan verəcək. Ona görə də bu sistemin inkişaf etdirilməsi vacibdir.
Gözünüzün qabağında vergidən yayınırlar - POS-TERMINALSIZ OBYEKTLƏR
16:14
16 Yan 2018