Azərbaycan hökuməti 2021-ci ildə dövlət borcu ilə bağlı riskləri açıqlayıb.
FED.az xəbər verir ki, bura dölət müəssisələrinin dövlət zəmanəti ilə aldığı borclar, borclar üzrə faiz dərəcələrinin artması və büdcə kəsiri üçün tələb olunan vəsaitin cəlb edilə bilməməsi riskləridir. Bu barədə 2021-ci ilin dövlət büdcəsi ilə bağlı açıqlamada bildirilir.
Eləcə də bax: Mərkəzi Bank: Hökumət vətəndaşlardan və xaricilərdən - EHTİYATLA BORC ALACAQ
Beləliklə,
Dövlət müəssisələrinin dövlət zəmanətli borcları üzrə öhdəliklərini yerinə yetirə bilməməsi riski
Burada söhbət əsasən AZAL, SOCAR və «Cənubi Qaz Dəhlizi» şirkətindən gedir. Büdcə açıqlamasında bildirilir ki, dövlət müəssisələrinin (“Azərbaycan Hava Yolları” QSC, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Cənub Qaz Dəhlizi” QSC və s.) 2021- ci ildə ödənilməsi nəzərdə tutulan dövlət zəmanətli borclarının həcmi təqribən 900 milyon manat təşkil edir. Bu müəssisələr tərəfindən öhdəliklər yerinə yetirilmədiyi halda, dövlət zəmanəti üzrə ödəniş öhdəliyi yaranır və dövlət büdcəsinə əlavə yük yaradılır.
Borc üzrə istinad faiz dərəcələrinin (LIBOR və Euribor) artması riski
Xarici dövlət borcunun tərkibində dəyişkən faiz dərəcəsi ilə (LIBOR və Euribordan asılı) cəlb edilmiş kreditlər (2020-ci ilin 1 iyul tarixinə 3 milyard 343 milyon dollar, xarici dövlət borcunun 37,3 faizi) olduğundan, istinad faiz dərəcələrinin artması faiz xərclərinin, dolayısı ilə dövlət borcuna xidmət xərclərinin artmasına səbəb olacaqdır.
Bir sıra mərkəzi banklar, xüsusilə də ABŞ-ın Federal Ehtiyat Sistemi və Avropa Mərkəzi Bankı tərəfindən yumşaq monetar siyasətin tətbiq edilməsi nəticəsində hal-hazırda LIBOR dərəcələrinin son 5 il üzrə ən aşağı səviyyəsi müşahidə edilir və istinad faiz dərəcələrinin qalxması ehtimalı daha çox ortamüddətli dövr üçün aktuallaşa bilər.
Büdcə kəsirinin bağlanılması üçün tələb olunan borc vəsaitinin tam cəlb edilə bilməməsi riski
Hökumət hesab edir ki, bununla yanaşı, növbəti ilin büdcə kəsirinin bağlanılması üçün tələb olunan borc vəsaitinin tam cəlb edilə bilməməsi riskinin də diqqət mərkəzində saxlanılması zəruridir.
Məsələ bundadır ki, hökumət 2018-2020-ci illərdə büdcə üçün böyük məbləğdə borc vəsaitləri cəlb edib (istiqrazlar yolu ilə). 2021-ci ildə bu vəsaitlərin böyük hissəsi geri qaytarılmalıdır. Ümumi məbləği 681,5 milyon manat təşkil edir. Hökumət bildirir ki, bu məbləğ daxili bazardan cəlb ediləcək vəsait hesabına təkrar maliyyyələşdiriləcək. Yəni həmin pulu qaytarmaq üçün yenidən istiqraz buraxılacaq.
Bundan əlavə, 2021-ci ilin dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi üçün də dövlət əlavə istiqraz buraxacaq və bu məbləğ də 1,3 milyard manait təşkil edir: «Dövlət istiqrazları hesabına əlavə 1,3 milyard manat məbləğində vəsaitin cəlb edilməsi nəzərdə tutulur»-deyə bildirilir. Göründüyü kimi, növbəti – 2021-ci ildə həm əvvəlki illərin istiqrazları üzrə ödəniş etmək, həm də büdcə kəsirinin bağlanması üçün ümumilikdə təqribən 2 milyard manat dövlət istiqrazları buraxılmalı və satılmalıdır. Hökumət hesab edir ki, bu istiqrazların tam satılmaması və gözlənilən vəsaitlərin cəlb edilə bilməməsi riski də var.