Bu ilin əvvəlində valyutadəyişmə məntəqələrinin yenidən bazara qayıtması yönündə qanunvericilik sahəsində müəyyən addımlar atılsa da, “exchange”lərin fəaliyyəti bərpa olunmadı. Banklar faktiki olaraq “valyuta dəyişmə məntəqəsi“ rolunu davam etdirməkdədirlər.
Hətta onlar tərəfindən fiziki və hüquqi şəxslərə göstərilən xarici valyutanın alqı-satqısı xidmətləri qeyri-faiz gəlirlərinin böyük hissəsini təşkil etməyə başlayıb. Konkret olaraq, banklar var ki, valyuta satışından əldə etdiyi gəlirlər kreditlər üzrə gəlirlərini ötüb.
Məsələn, “Amrahbank”ın valyuta mübadiləsindən qazancı 5 milyon 824 min manat olub.
Bankların kredit portfeli kiçilib
Qeyd etdiyimzi kimi, əsas fəaliyyət istiqaməti borc alıb-borc vermək olan banklar bu əməliyyatlardan, demək olar ki, kənarlaşıblar. Rəqəmlərə nəzər yetirsək, görərik ki, bank sektorunun xalis kredit portfeli aprel ayının 1-nə 9 595,5 mln. manat təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə 2,7%, bir ildə 28% azalmadan xəbər verir.
Əvəzində bankların qeyri-faiz gəlirlərı artıb. Bir sözlə, banklar kredit portfelini kiçildərək, ani likvidlik yaradan gəlir mənbələrinə üstünlük verirlər. Hesabatlarda valyuta mübadiləsindən əldə olunan gəlir göstəriciləri də buna sübutdur.
“Exchange”lər bazara qayıtmadı
Məhz bankların “valyutadəyişmə məntəqəsi“ rolu oynamasının “exchange”lərin bazara qayıtması prosesini gecikdirməsinə səbəb olduğu irəli sürülür. Xatırladaq ki, “exchange”lərin fəaliyyəti 2016-cı ildən dayandırılıb.
Eləcə də bax: Banklar portfelini hansı sahələrə “xərcləyir”? – İNFOQRAFİKA
Cari ilin əvvəlində Maliyyə Bazarlarına Nəzarət Palatası “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”nı təsdiqlədi. Bundan əlavə, Nazirlər Kabineti “Valyuta tənzimi haqqında” qanunda edilən dəyişikliklərlə bağlı valyuta mübadiləsi fəaliyyətini həyata keçirən subyektlərin fəaliyyətini tənzimləyən hüquqi çərçivənin formalaşdırıldığını açıqladı.
NK-nın 2017-ci ildə fəaliyyəti haqqında hesabatda açıq şəkildə bildirilirdi ki, 2018-ci ildən Azərbaycanda valyuta mübadilə məntəqələrinin fəaliyyətinin lisenziyalaşdırılmasına başlanacaq. Ancaq ortada heç nə yoxdur.
Düzdür, yeni qaydalarla valyutadəyişmə məntəqəsi açmaq asan başa gəlməyən prosesdir. Bunun üçün müəyyən tələblərə əməl olunması ilə yanaşı, girov vəsait tələb olunur. Belə ki, valyuta mübadiləsi fəaliyyəti üçün lisenziya almaq istəyən şəxs müvəkkil bankda xüsusi hesaba müəyyən olunmuş məbləğdə girov vəsaiti yerləşdirməlidir. Lisenziya qüvvədə olduğu müddətdə həmin girov geri qaytarılmır.
Girovun məbləğinə gəlincə, bu rəqəm ölkənin müxtəlif bölgələri üçün fərqlənir. Bakı üzrə həmin məbləğ 50 min dollar və 50 min manat, Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində 25 min manat və 25 min dollar, digər şəhər və rayonlarda, habelə Naxçıvan Muxtar Respublikasında 10 min manat və 10 min dollar təşkil edir.
Valyutadəyişmə məntəqəsi açmaq sərfəli deyil
İqtisadçı-ekspert Əkrəm Həsənov Oxu.Az-a açıqlamasında “exchange”lərin bazara qayıtmamasının səbəbini banklarda görmədiyini deyir:
“Bu gün banklar kreditlərdən gəlir əldə etmək istəyərdilər, nəinki valyuta alqı-satqısından. Sadəcə, bankların kredit vermək üçün vəsaitləri kifayət qədər deyil. Bundan əlavə, ödəniş qabiliyyətinə malik borcalanların sayı azalıb.
Düzdür, banklar hazırda xidmətlərdən gəlir əldə etməyə çalışırlar. Bu yöndə qazanclar daha tez və risksizdir”.
Ə.Həsənov valyutadəyişmə məntəqələrinin bazara qayıtmamasına toxunaraq, bu yöndə qanunvericilik dəyişəndə “exchange”lərin fəaliyyətini bərpa etməyəcəyini söylədiyini xatırlatdı:
“Valyuta tənzimi haqqında” qanuna edilən dəyişikliyə əsasən, əgər əvvəllər yalnız banklar valyutadəyişmə məntəqəsinə malik ola bilərdisə, hazırda istənilən sahibkar buna malik ola bilər. Sadəcə, müəyyən nizamnamə kapitalına malik olmalıdır və həmin pul banka yerləşdirilməlidir. Hansı sahibkar 50 min manat pulu daim bankda saxlayar?
Digər tərəfdən, qaydalara görə, əməliyyat günü ərzində xarici valyuta və ya milli valyuta vəsaitləri qurtardığı hallar istisna olmaqla, valyuta mübadiləsi məntəqəsində yalnız alış və ya yalnız satış əməliyyatlarının aparılmasına yol verilmir.
Bu, o deməkdir ki, valyutadəyişmə məntəqəsi təkcə dollar və avro aldığını deyə bilməz. Həm də satmalıdır. Əlbəttə, valyutadəyişmə məntəqəsi bütün xarici valyuta ilə əməliyyat aparmağa məcbur edilə bilməz. Hansı valyuta ilə əməliyyat aparmağı özləri müəyyənləşdirirlər.
Daha bir məqam: Əvvəllər valyutaların alış-satış qiymətləri Mərkəzi Bankın müəyyən etdiyi marjadan 2, sonra da 4 faiz fərqlənə bilərdi. Məhdudiyyət qüvvədə olduğu dövrdə banklardan fərqli olaraq, “exchange”lər limiti pozurdular. Hazırda bu məhdudiyyət yoxdur.
Sahibkar düşünür ki, banklarla rəqabət apara bilməyəcək. Çünki banklar da artıq istədikləri məzənnə ilə valyuta satışı həyata keçirə bilirlər. Bu halda “exchange”lərin müştərilərinin sayı azalmış olur”.
Ekspertin sözlərinə görə, bu gün valyutadəyişmə məntəqəsi açmaq sərfəli hesab olunmur:
“Exchange” açmaq istəyənlər başa düşürlər ki, valyuta mübadiləsi əməliyyatları əvvəlki qədər çox deyil, böyük ehtimalla, bundan sonra çox olmayacaq ki, bazarda valyuta əməliyyatlarına tələbat yüksək deyil.
Əhalinin gəlirləri azalıb. Vətəndaşlar sərəncamlarında olan vəsaitləri, əsasən, istehlak xərclərini ödəməyə yönəldirlər, nəinki dollar almağa. Bu baxımdan, “exchange”lərə elə böyük bir maraq və tələbat olmayacaq. Bu biznesə pul qoymaq istəyən varsa da, çox azdır”.