Vergiödəyicilərində sual doğuran məqamlardan biri də Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən, tətbiq edilən maliyyə sanksiyalarıdır. Bu sanksiyalar hansı hallarda tətbiq edilir və vergiödəyicisi sanksiyalara məruz qalmamaq üçün nə etməlidir?
FED.az xəbər verir ki, bu aktual məsələyə aydınlıq gətirən sərbəst auditor Altay Cəfərovun sözlərinə görə, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən, elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim olunması üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim olunmuş malların satış qiymətinin 10 faizi, ikinci dəfə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir: “Buradan aydın görünür ki, maliyyə sanksiyasının obyekti malların təqdim edilməsi əməliyyatıdır. Malların təqdim edilməsi üçün düzgün sənədləşdirilmə aparılmalıdır. Sənədləşdirmənin əsas baza sənədi isə elektron qaimə-fakturadır. Maliyyə sanksiyası əməliyyatın düzgün sənədləşdirilməməsi, eləcə də düzgün sənədləşdirilməmiş malların təqdim edilməsinə görə tətbiq edilir”.
A.Cəfərov qeyd edib ki, 58.13-cü maddə üzrə maliyyə sanksiyası ancaq malları satan şəxsə aiddir. Malları alan şəxsə isə maliyyə sanksiyası digər maddələr üzrə tətbiq edilə bilər. (AZERTAC)