Xəbər verildiyi kimi, Azərbaycanda Əmək Məcəlləsinə dəyişikliklər hazırlanır.
FED.az xəbər verir ki, yeniliklər nəticəsində işçilərin xidməti müqavilələrlə işlədilməsinə məhdudiyyətlər qoyulacaq və indiyədək belə formatda çalışanlar əmək müqaviləsinə keçiriləcək.
Mühasibatlıq üzrə ekspert Anar Bayramov FED.az-a bildirib ki, bu sahədə sahibkarları gözləyən əsas yeniliklər aşağıdakılardır
Birincisi, tərəflər arasında arasında yaranan münasibətlər sahibkarın əsas fəaliyyətinə aiddirsə, sahibkarla işçi arasında yalnız əmək müqaviləsi bağlana bilər, xidməti müqavilə bağlanmamalıdır. Məsələn, nəqliyyat şirkəti sürücünü və ya təhsil müəssisəsi müəllimi xidməti müqavilə ilə işlədə bilməz.
İkincisi, yeni tətbiq ediləcək qaydalara görə, əvəzetmə halında hökmən əmək müqaviləis bağlanmalıdır. Məsələn vətəndaş A daimi işdə və əmək müqaailəsi ilə işləyirsə və hansısa səbəbdən onun müvəqqəti əvəz edilməsi lazımdırsa, onu əvəz edən vətəndaş V də əmək müqavilə ilə çalışmalıdır, indiyədək bunu xidməti müqavilə ilə rəsmiləşdirmək mümkün olurdu, bundan sonra olmayacaq.
Üçüncü mühüm yenilik ondan ibarətdir ki, qısa müddətli işlərdə yalnız bir dəfə xidməti müqavilə bağlana bilər. Hətta həmin işin icraçısı dəyişsə də, artıq ikinci müqavilə əmək müqaviləsi olmalıdır.
Məsələn, hər hansı bir şirkət İKT sahəsində 3-5 aylıq müddətə mütəxəssis cəlb edib və onunla xidməti müqavilə bağlanılır. Bu müqaviləni yenidən bağlamaq lazım olduqda, artıq həmin müqavilə əmək müqaviləsi olacaq. Burada işçinin dəyişməsi və ya onun ənənəvi qrafiklə işləməməsinin əhəmiyyəti olmayacaq.
Başqa sözlə, dəyişikliklər qəbul edildikdən sonra xidməti müqavilələr yalnız o zaman bağlanacaq ki, iş müvəqqəti xarakter daşısın və bu şirkətin əsas fəaliyyətinə adi olmasın.
Sadalanan tələblərdən də göründüyü kimi, Əmək Məcəlləsinə dəyişikliklər təsdiqləndikdən sonra hazırda xidməti müqavilə ilə çalışan işçilərin əksəriyyəti əmək müqaviləsinə keçməli olacaqlar.
Bəs bu dəyişikliklər nəticəsində işçilərlə münasibətlərin xidməti müqavilədən əmək müqaviləsinə keçməsi sahibkarların xərclərini nə qədər artıracaq?
Mühasibatlıq üzrə ekspert Anar Bayramov FED.az üçün təqribən 1000 manatlıq aylıq ödəniş alan işçinin timsalında bu fərqi hesablayıb. Qeyd edək ki,Xidməti müqavilədə bütün xərclər işçinin üzərinə qoyulur, yəni işəgötürən ona 1000 manatı ödəyir, qalan xərcləri işçi özü ödəyir. Bunlar 62,5 manat DSMF xərci, 50 manat gəlir vergisi, 10 manat icbari tibbi sığorta aiddir.
Əmək müqaviləsi bağlananda isə, işə götürən 1000 manat maaşla işləyən işçiyə görə, bu 1000 manatdan əlavə 164 manat sosial ayırma, 5 manat işsizlik sığortası, 10 manat icbari tibbi sığorta, bədbəxt hadisələrdən sığorta üçün isə təqribən 2 manat ödəniş edəcək.
Nəticədə sahibkarın əmək müqaviləsi ilə işlətdiyi işçyə görə əlavə 180 manata yaxın əlavə xərci yaranacaq – söhbət 1000 manata ətrafında olan maaşla işləyən işçilərdən gedirsə.