2020-2021-ci illərdə Azərbaycanın bank sektorunda vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 10%-dən 5%-dək azalıb.
Eləcə də bax: Elman Rüstəmov: “Bankları çox şeydə ittiham etmək olar”
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfax-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
“2021-ci ildə maliyyə sektorunun bütün seqmentlərində sabitlik və artım müşahidə olunur”, - deyə E.Rüstəmov bu gün parlamentdə 2022-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, bu il maliyyə sektorunun sağlamlaşdırılması və kapitallaşdırılmasının artırılması prosesi davam edib.
“Hazırda bank sektorunun kapital adekvatlığı Mərkəzi Bankın minimum tələblərini 2 dəfə üstələyir. Son iki il ərzində vaxtı keçmiş kreditlərin xüsusi çəkisi hökumətin anti-böhran proqramları və Mərkəzi Bankın dəstək proqramı hesabına bankların kredit portfelinin həcminin 10%-dən 5%-dək azalıb”, - deyə AMB sədri qeyd edib.
E.Rüstəmov vurğulayıb ki, ilin əvvəlindən bankların kredit portfeli 13%, depozit portfeli 16% artıb. “Biznes kreditləri 10,3%, ipoteka kreditləri 15,5%, istehlak kreditləri 18% artıb. Bütövlükdə, istehlak kreditləri üzrə faiz dərəcələrində azalma müşahidə edirik. Bunu biznes kreditlərinə də aid etmək olar”, - deyə o əlavə edib.
Sədr qeyd edib ki, bank sektorunda dayanıqlı dedollarlaşma meyilləri müşahidə olunur. “2021-ci ilin əvvəlindən əhalinin əmanətləri üzrə dollarlaşma səviyyəsi 7,5 faiz bəndi - 43%-dək, kreditlər üzrə 2,4 faiz bəndi - 28%-dək azalıb. Bu, son 7 il ərzində ən aşağı səviyyədir”, - deyə E.Rüstəmov vurğulayıb.