2017-ci ilin aprel ayından başlayaq artıq 11 aydır ki, dollar/manat kursu 1,7000-17001 səviyyəsində qalıb və heç bir dəyişiklik yoxdur. Artıq belə bir təəssürat yaranıb ki, Mərkəzi Bank elan etdiyi kimi üzən məzənnə rejimi həyata keçirmir, əksinə yenidən tənzimlənən məzənnə siyasətinə qayıdıb.
FED.az xəbər verir ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov bu vəziyyətə aydınlıq gətirdi və məlum oldu ki, tam üzən məzənnəyə keçid hökümətin gələcək hədəfləri sırasına daxildir və bu prosesə keçid mərhələli şəkildə olacaq.
Biz əminik ki, ölkədə makroiqtisadi sabitliyin təmin olunması, xüsusən də iqtisadiyyatımızın strukturunu nəzərə alaraq, onun xarici şoklara davamlılığının bundan sonra da təmin olunması məhz üzən məzənnə rejimi şəraitində mümkündür. Lakin tam üzən məzənnəyə keçmək üçün bir sıra amillər var. Baş bankir bu amillərdən bəzilərini ictimaiyyətə açıqladı: “Bilirsiniz ki, ölkədə valyuta bazarına əsas valyuta təklifi məhz hökumət tərəfindən həyata keçirilir. Bu valyuta transferlərinin həcmi çox dayanıqlı bir formada olmalıdır. Bu dayaqnıqlığı təmin edən əsas amil isə yeni büdcə qaydalarına keçiddir. Bu qaydalar Maliyyə Nazirliyi tərəfindən hazırlanıb, və Maliyyə Sabitliyi Şurasında artıq qəbul edilib. Beləliklə, Azərbaycan yeni bir prosesin astanasındadır və yeni büdcə qaydalarına keçməyə hazırlaşır. Bu büdcə qaydaları uzunmüddətli bir dövrdə bazara valyuta təklifi həcmini stabilləşdirir, onu proqnozlaşdırılabilən edir və monetar və fiskal siyasət çərçivəsini yeni bir mərhələyə keçirir. Belə olmayan şəraitdə manatın birtərəfli üzməsi və onun möhkəmlənməsi potensialı var. Bu isə həmişə demişik ki, böyük əhəmiyyət daşıyır. Biz bir daha əvvəlki şəraitə qayıtmaq istəmirik”.
E.Rüstəmovun açılamalarına görə, manat möhkəmlənə bilər və nəticədə geriyə bir “rally” başlayar. Əminəm ki, heç birimiz bunu istəmirik. Çünki bunun bir sıra çox ciddi makroiqtisadi nəticələri ola bilər. Dünya iqtisadiyyatında “aralıq rejim” deyilən bir məsələ var. Yaxın keçmişdə İsveçrə frankın möhkəmlənməsi potensialı yarandıqda onu müdafiə etməyə çalışdı və analoji tədbirlərə əl atdı. Bundan başqa inkişaf etməkdə olan ölkələrdə də müvəqqəti olaraq belə bir məzənnə rejimi hökm sürür.
Baş bankir: “Səmimi olaraq deyirəm ki, Mərkəzi Bank və Azərbaycan hökuməti üzən məzənnə rejiminə sadiqik. Bunu təmin edəcəyik, ancaq mərhələli şəkildə keçid baş verməlidir. Başlıca məsələ bütövlükdə valyuta bazarında vəziyyətin stabilləşməsidir”, söylədi.
Elman Rüstəmov: Əminəm ki, heç birimiz bunu istəmirik
15:16
12 Fev 2018