Bu gün Baş nazir Əli Əsədov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa, Latın Amerikası və Karib hövzəsi ölkələri üzrə regional vitse-prezidenti Alfonso Qarsia Moranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AMB IFC ilə birgə layihələri - MÜZAKİRƏ EDİB
FED.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanın Dünya Bankı və Dünya Bankı Qrupuna daxil olan qurumlarla əməkdaşlığa böyük önəm verdiyi bildirilib. Bu baxımdan IFC ilə uzunmüddətli səmərəli tərəfdaşlığın önəmi vurğulanıb. Qeyd edilib ki, ötən müddətdə Korporasiya Azərbaycanda müxtəlif sahələrdə layihələrin həyata keçirilməsinə dəstək verib.
Hazırda Azərbaycan hökuməti üçün prioritet hesab edilən sahələrdə Dünya Bankı, o cümlədən IFC ilə potensial layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Diqqətə çatdırılıb ki, bu layihələr işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, məşğulluğun artırılması, “yaşıl” şəhərlərin yaradılması, Cənub Qaz Dəhlizi layihəsinin genişləndirilməsi, "Bakı Gəmiqayırma Zavodu" MMC-nin fəaliyyətinin genişləndirilməsi, külək enerjisi infrastrukturunun tikintisi və digər istiqamətləri əhatə edə bilər.
Görüş zamanı Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Ötən illərdə Azərbaycanın aşağı gəlirli ölkədən yüksək gəlirli donor ölkəyə çevrildiyi bildirilib. Vurğulanıb ki, 2021-ci ildən ölkəmiz Dünya Bankının donoru qismində iştirak edir.
Qeyd edilib ki, ölkədə işgüzar mühitin yaxşılaşdırılması, haqsız rəqabətin qarşısının alınması, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması üçün məqsədyönlü tədbirlər görülür. Eyni zamanda qeyri-neft iqtisadiyyatının inkişafının əsas prioritetlərdən biri olduğu vurğulandı. Bildirildi ki, aqrar sektorda müxtəlif növ güzəşt və kredit mexanizmləri tətbiq edilir. Dövlət-özəl tərəfdaşlığı mexanizmləri vasitəsilə özəl sektorun iqtisadi inkişafda rolunun artırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb.
Bildirilib ki, rəqabətqabiliyyətli iqtisadiyyatın və kənd təsərrüfatının inkişafı, həmçinin dövlət-özəl sektor tərəfdaşlığı layihələrinin təşviqi və dəstəklənməsi IFC-nin Azərbaycan üzrə əsas fəaliyyət istiqamətlərini təşkil edir və ölkəmiz müvafiq sahələrdə əməkdaşlığın davam etdirilməsində maraqlıdır.
Eyni zamanda Azərbaycanın iqlim dəyişikliklərinə qarşı qlobal mübarizəni sistemli olaraq dəstəklədiyi, enerji səmərəliliyi istiqamətində ardıcıl fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa işləri, o cümlədən “yaşıl enerji” zonasının, ekoloji təmiz nəqliyyatın, “ağıllı” şəhər və kəndlərin yaradılması ilə bağlı layihələr bunun bariz təzahürüdür. Bu baxımdan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bərpaolunan enerji mənbələrinə investisiyaların cəlb edilməsi, “təmiz enerji”yə keçidin təmin edilməsi Azərbaycanın enerji siyasətinin əsas prioritetləri sırasındadır və bu istiqamətlərdə də səmərəli tərəfdaşlıq üçün yaxşı imkanlar mövcuddur.
Görüşdə Dünya Bankı, o cümlədən IFC ilə qarşılıqlı maraq doğuran bir sıra sahələrdə potensial əməkdaşlıq layihələri nəzərdən keçirilib.